Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Dünya / “Adam inanmır ki, Artur Rasizadə belə bir şeyə imza atıb” – Müsahibə

“Adam inanmır ki, Artur Rasizadə belə bir şeyə imza atıb” – Müsahibə

“Neft bütün dərdlərimizn üstünü örtmüşdü”

 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın “Qafqazinfo”ya müsahibəsi:

– Neft Fondunun ötən günlərdə ilk dəfə olaraq hərraca çıxartdığı dolların hamısı banklar tərəfindən alındı. Sizcə, buna səbəb FED-in iyun ayında uçot dərəcəsini qaldırmaqla bağlı verdiyi siqnaldır?

– Əgər biz Neft Fondumuza nəzər salsaq, Federal Rezerv Sisteminin nə qərar qəbul etməsinin insanlar üçün elə də əhəmiyyəti yoxdur. İlyarım əvvəl neft əməlli-başlı sürətlə enirdi. Neftin 110 dollar qiyməti ilə 40 dollar qiyməti arasında insanların vəziyyətində kəskin qarın ağrıması və ya şok effekti olmadı. İndi 2016- ci ilin yarısına kimi gəlib çıxmışıq. Bizim Neft Fondumuz nəzərdə tutulduğu kimi əriməyib. Fond özünün xərcləmələrini kifayət qədər azaldıb. Bunun nəticəsində ikinci rübün əvvəllərində Neft Fondunun 34,25 milyard dollar aktivlərinin olduğunu müşahidə etdik. Aktivlərin yarıdan az hissəsi avro ilədir.

Devalvasiyalardan sonra Mərkəzi Bank da çox sərt siyasət yürütməyə başladı. Exchangelər ilin əvvəlindən yığışdırıldı, kredit verilməsi dayandırıldı. MB-nin əlində dollar kütləsi artmağa başladı.

– Mərkəzi Bank rəhbərliyi devalvasiya baş verən zaman deyirdi ki, manatın məzənnəsi neftin qiymətindən asılıdır. İndi isə deyir ki, neftin qiymətindən yox, Neft Fondunun gəlirlərindən asılıdır. Bu ikisi arasında nə fərq var?

– Əslində, bütün bunların bir adı var. Bizim iqtisadiyyatımız neftdən asılıdır. Bu asılılığı isə məmurlar sadəcə pərdələmək istəyirdilər. 2008- ci ildən hökumət iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı kurs götürüb. İndi sual olunur ki, bu illlər ərzində qeyri-neft sektorunun inkişafına nə qədər vəsait xərclənib? Milyardlarla. Birdən sən qayıdıb deyirsən ki, qeyri-neft sektorumuz bunun öhdəsindən gələ bilmədi. Yadınıza gəlirmi, hər rüb hökumət prezidentə nə hesabat verirdi? Bu sahə 10 faizdən yuxarı inkişaf tempinə malikdir. Mən prezidentin yerinə olsaydım, əlimi vurardım stola və hökumətdən tələb edərdim. Bu 10 faizlik artımın əvəzi hanı bəs? Bütün nazirlərdən bir-bir soruşardım. Bizim prezident o məmurlara genişürəklilik göstərdi, sorğu etmədi. Hökumətin əvəzinə, cəmiyyət qarşısında özü bu yükün altına girdi.

Məmurlar öyrəşiblər ki, prezident danışanda başlarını aşağı salıb yazı yazsınlar. Qeyri- neft sektorunun inkişafından məsul olan şəxslər bu günə kimi hər hansı real hesabat verdilərmi?

– Ümumiyyətlə, bu qeyri-neft sektorunu inkişaf etdirməyin yolları nələrdir?

– Bizdə camaat elə hesab edir ki, qeyri-neft sektorunu inkişaf etdirmək asandır. Bu çox çətindir. Sinyor Robinzon kimi 21-ci əsrdə bunu 20-ci əsrdə olan texnologiyalarla inkişaf etdirmək qeyri-mümkündür. Ancaq azərbaycanlılarda baxış bu gün belədir. Elə bilirlər ki, Belarus traktoru olsa kənd təssərrüfatını inkişaf etdirə bilərsən. Buna görə də 500 milyon dollarlıq ixrac potensialın olur. Bütün sahələrdə bu gün innovativlik olmalıdır. Qeyri-neft sektorunun inkişafı baxımından dünyadan çox-çox geridə qalmış ölkəyik. Bu sahədə heç bir biliyə malik deyilik. İki il ərzində iqtisadiyyatı neft sektorundan azad etmək istəyirlər. Amma bu iki il ərzində də ən böyük işləri də elə neft sektoru görüb.

Qeyri-neft sektoru elə bilir ki, əlinə bir Belarus traktoru alsa, ordan milyardlar axacaq. Yaxud Qubada, Şamaxıda beş ulduzlu otel tiksə, bütün dünya tökülüb gələcək ki, lülə kabab sizindir, ondan yeməmişik, bir porsuna 100 manat verib gedək. Bununla da bitdi. Dünyanın heç harasında belə şey yoxdur, yaradıcı olmaq lazımdır. Baxmayaraq ki, bu gün ölkədə neftin hasilatı azalır, yenə hamı 640 balla Bakı Ali Neft Məktəbinə daxil olur. Ancaq Gəncə Aqrar Universitetinə getmirlər. Hansı ki, giriş balı 100-dür. Əgər nə vaxtsa 500 balla Aqrar universitetə gedən olsa, dəyişiklik o zaman baş verəcək.

2008- ci ildən keçmiş rabitə naziri Əli Abbasov qeyd edirdi ki, bu sahə neft sektorunu əvəz edəcək. Əli Abbasov dedi ki, 2018- ci ildə rabitə və informasiya texnologiyaları ÜDM-də neft sektoruna bərabərləşib, hətta onu da ötəcək. Baxaq görək, informasiya texnologiyaları sahəsində hansı uğurlar əldə etmişik? Neft Fondundan bu sahənin inkişafına 300 milyon vəsait ayrıldı. Hardadı o vəsait ? Nə dəyişdi?

– Hətta peyk istifadəyə verildi, yüksək gəlir əldə edəcəyimizi də deyirdilər…

– Bu gün biz evdə oturub HD formatda televiziyaya baxa bilirikmi? Əli Abbasov hər 6 aydan bir dedi ki, rəqəmsal televiziyaya keçəcəyik. Görürsünüzmü, keçmədik. Rusiyada üç il bundan qabaq Yaroslavda kənddə oturub rəqəmsal televiziyaya baxırlar. Türkiyənin özündə olsun. Adamlar adi smartfonlar vasitəsilə lig tv-lərə baxırlar, 4g işləyir. Rusiya 4 il bundan qabaq 30 milyon vəsait qoymaqla metrolarda pulsuz wi-fi quraşdırdı. Bizdə pulsuz wi-fi deyilən bir şey varmı? İctimai nəqliyyatda belə bir şey yoxdur. Bizdə internet, rabitə tamamilə keyfiyyətsizdir. Deyə bilərlər ki, qərəzliyəm. Ancaq bu yaxınlarda Ukrayna İT mütəxəssisləri start up- larla bağlı layihələr edirdilər. Bunlar gördülər ki, Azərbaycanda bu platforma nə qədər aşağıdır və Qazaxıstanda layihəni həyata keçirdilər. Bu onu göstərirdi ki, bütün pullar havaya sovrulub.

Yaxud da avtobus dayanacaqlarında monitorlar quraşdırıldı. Dünyanın hansı yerində belə bir şey var ki? Onların hansı biri ilə avtobuslar daxilində əlaqə var? Bunlar hamısı dağıdılmış kapital idi. Ancaq Baku Bus gəldi, normal işlədi.

– Bəs yeni rabitə nazirindən gözləntiləriniz nələrdir?

– Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı çox böyük, cingiltili səslənən bir nazirlikdir. Dövlət bu gün internetdən qazanc güdür. Əslində isə dövlət qanunlar verməklə, o sahədə rəqabət yaratmaqla , ora xarici investorları və yerdəki oyunçuları cəlb etməklə elə bir mühit formalaşdıra bilər ki, burdan milyardlarla pul qazana bilər. İndi Amerika, Fransa, Sinqapur, Tayvanın hansı rabitənin, internetin üstündə oturub? Dövlət buna qazanc mənbəyi kimi baxırsa, orada inkişaf ola bilməz. Söhbət həm də bütün sahələrdən gedir.

– Sadaladığınız bu neqativ məqamlar onu deməyə dəlalət edir ki, bəzi məmurlar kreslolarına qazanc mənbəyi kimi baxırlar. Hansı ki biz bunun yaxın keçmişdə də şahidi olduq…

– Müstəqilliyimizi qazandıqdan sonra digər postsovet ölkələri ilə aramızda fərqliliklər yarandı. Biz çox ağrılı şəkildə müstəqillik qazandıq, torpağımızı itirdik, qaçqınlar problemi yarandı. Bizə 10 il lazım oldu ki, yaraları sağaldaq. Ancaq bundan sonra sovet ənənəsini unutmadıq. Ənənə də məmurun öz vəzifəsindən yararlanması idi. Həmin sistemlə dövləti də dolandırmaq, öz problemlərini də həll etmək. Bu 10 faiz iqtisadiyyata yardım etdi, amma 90 faiz bütün dərdlərimizin həlli neft idi. Neft 2015- ci ilə kimi bütün dərdlərin üstünü örtmüşdü. Nə qədər deyilirdi, amma məhəl qoyan yox idi.

Adətən hər bir fonddan layihə üçün qrant alırlar. Hökumət də özünün büdcəsində hər hansı layihəni icra etmək üçün hər il Neft Fonduna məktub göndərməli idi. Layihənin səmərəliliyi bu olacaq, xahiş edirəm, bunu maliyyələşdirin. Məsələn, 1 milyardlıq layihəni kənd təsərrüfatının inkişafına yönəltmək istəyirsiniz. Gəlirlilik səviyyəsi necə olacaq, sonradan qaytarmaq fikriniz varmı? Bu qrant, faizsiz kredit şəklində verilə bilərdi. Bu zaman da ideal variant ortaya çıxacaqdı ki, bu hökumət işləyir, ya yox? Yoxsa belə olmamalıdır ki, 10 milyard gəldi, onun 4 milyardı əmək haqlarının ödənilməsinə, 6 milyardı isə tikintiyə getdi. Sonra da bütün vətəndaş cəmiyyətlərinin aktivləri keçmiş Hesablama Palatasının sədri Heydər Əsədova sual edirdilər, niyə layihələri yoxlamırsınız? O da deyirdi ki, Neft Fondu çox şəffaf fonddur. Neft Fondunun şəffaflığına heç kim şübhə eləmir. Ancaq pulu verəndən sonra ona nəzarət etmir. Sən yoxla ki, bu hökumət onu necə xərcləyib?

– Azərbaycanın Ümumdaxili Məhsulunun son iki ildə ən aşağı səviyyəyə düşməsini də dediyiniz məqamlarla əlaqələndirirsiniz? Məsələn, bu yaxınlarda Forbes bahalı brendlərin siyahısını açıqladı. Məlum oldu ki, 12 ildir fəaliyyət göstərən Facebook brendinin büdcəsi isə 52 milyarddır…

– İndi ölkədə ÜDM-nin artım səviyyəsi 1996-cı ilin artım səviyyəsindədir. Hökumət qeyd edir ki, biz çox inkişaf etmişdik, indi aşağı düşmək normaldır. Azərbaycanda cəmi bircə dəfə 2006- ci ildə yüksək artım olub, o da 34,5 faiz. Azərbaycanda heç vaxt quruda inkişaf olmayıb, bütün ÜDM-nin inkişafı dənizdə olub. 2005-ci ilin əvvəlində və sonunda “Azəri Çıraq Günəşli“ yatağında iki platforma istifadəyə verildi. Bunun nəticəsində hasilat 15 milyon ton artdı. Nəticədə 34, 5 faiz ÜDM oldu. Gələn gəlirin 50 faizi büdcəyə transfer olunurdu. İkinci il ÜDM-nin çəkisi 20, sonra 16, daha sonra 10 faiz azalmağa başladı.

– Manatın məzənnəsi son günlər nisbətən möhkəmlənir. Bu proses sürətlənə bilərmi? Yoxsa növbəti devalvasiyalar gözləniləndirmi?

– Neftin qiymətləri ötən illə müqayisədə 25 faiz aşağıdır. Neft gəlirləri də 30 faiz azdır. OPEC-in açıqladığı rəqəmlərə görə, ilin sonunda əvvəli ilə müqayisədə 40 min barrelə kimi azalma tendensiyası müşahidə olunacaq. Neft yataqdan nə qədər çox çıxsa, bizim dövlət üçün, şirkətlər üçün bu daha mənfəətlidir. Neftin qiymətinin düşməsinə baxmayaraq, onun gətirdiyi mənfəət qazdan dəfələrlə çoxdur. Əgər ötən ilin dekabrında 1.55 kursu idisə, indi 1.49-dur. İndi bundan sonrakı tendensiya 1.45 olsa nə olar, yoxsa 1.60 və ya 1.70 olsa nə olar? Neftin qiymətləri hazırda bazarda təklif tələbi 1,5 milyon barrel üstələyir. Ona görə də neftin qiymətinin düşməsi meyli daha böyükdür. Qiymət 49 dolları keçəndə artıq brokerlərin 62 faizi neftin qiymətinin ucuzlaşmasına stavka edirdilər. Hesab edilir ki, neftin qiyməti iyun ayında 40 dollara qədər ucuzlaşacaq. Avqust ayında isə neftin qiymətinin artması gözlənilir. Ümumilikdə isə, şok devalvasiyalar gözləmirəm.

– Bu yaxınlarda Dövlət Yol Polisindən narazılıq etmişdiniz ki, alman texnologiyalı piyada keçidlərini quraşdırmırlar…

– Mən hesab edirəm ki, bu birbaşa korrpusiyaya yol açan faktdır və hökumətin adına xələl gətirir. Hökumət özü açıqlayır ki, 10 milyard manat rayonlarda yol infrastruktunun qurulmasına pul ayırıb. Mən sual verirəm. O vəsaiti xərcləyən zaman qəsdən o magistralı 50 evi olan kəndin içərisindən, yanından keçirdib orada sürəti 60 yox, 50 yazırlarsa , burada hökumətin məqsədi nədir? Həmin layihələrdə Artur Rasizadənin imzası olur. Biz Artur Rasizadəni pak və təmiz insan kimi tanıyırıq. Adam inanmır ki, Artur Rasizadə belə bir şeyə imza atıb. Demək ki, ona təsir edirlər ki, belə bir şeyə imza at, orada heç bir keçid quraşdırılmasın. Hamı yazır ki, yollarda 110, 70, 50 sürət qoyurlar, üstəgəl də radarlar. Yol polisinin bütün məqsədi yolda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Yol polisi Vergilər Nazirliyinin törəmə qurumu deyil.

Ancaq Azərbaycanda neft qiyməti düşəndən sonra maraqlı tendensiya müşahidə etməyə başladım. Neftin qiyməti elə ki, 70 oldu, yol polisi iki nöqtədə peyda oldu. 28 mayda və Nizami kinoteatrının yanında. Elə ki neftin qiyməti 50 dolları keçdi, onlar hətta İnşaatçılar metrosu ətrafında da peyda oldular. Orada insanlar bir qədər aqressivdirlər. Nəsə ordan itdilər. Onda da mən yazdım ki, neftin qiyməti 30 olanda polislər artıq Günəşlidə peyda olacaqlar. 20 manat cərimə yazırlar. Sən bir günün içərisində Monolotin qarşısında təhlükəsizlik məqsədi ilə bu cür piyada keçidi quraşdırırsan. Heç Formula 1 üçün büdcə 100 milyon deyil. Amma sən yollara milyardlarla pul xərcləyirsən, keçidi niyə tikmirsən? Nəyə lazımdır keçidin içinə parket vurmaq?

– Bir neçə gündür ki, mətbuatda Xarici işlər Nazirliyində şöbə müdiri işləyən bir şəxsin oğlunun aftoş əməllərindən bəhs edilir. Məmur övladları ilə bağlı belə məqamlara zamanla rast gəlirik. Siz bu kimi halları necə qarşılıyarsınız?

– Bu demokratik inkişafın bir yoludur. Mən həmin sujeti televiziyada izlədim. O oğlan məndə çox müsbət hisslər yaratdı. Avtomobil sürməsini demirəm, çünki mən ondan qat-qat yaxşı maşın sürürəm. Polisləri də dəfələrlə azdırıram. Onun polisdə özünü aparmasından danışım. Bir polis ona yaxın durmurdu. Özünü necə aparırdı, yəqin ki, müşahidə etdiniz. Bu yaxınlarda material çıxmışdı ki, polisdə insanları döyüb öldürürlər. Mən o oğlana baxdım, gördüm ki o, orada bir neçə polisi döyüb öldürə bilərdi. Robin Qud kimi baxdım ona. Hüquq- mühafizə orqanları ondan çəkinirdilər. Deməli, bundan çəkinən varsa, bunun özü də dəyişikliyin bir növüdür. İndi təsəvvür edin ki, 100 nəfər beləsi ola, polis neynəyəcək? Polis olacaq quzu kimi. Amerika da bu yolu keçib. Amma qənaətə gəliblər ki, qayda-qanun hamı üçün olmalıdır.

– Sovetskidə tarixi binaların sökülməsini necə qiymətləndirirsiniz?

– Mən xarici ölkələrdə çox olmuşam. Bizdə hansısa tarixi saxlamaq, ondan yararlanmaq kimi davranış yoxdur. Deyirlər ki, Bakının Baş Planı var. Hardadır o baş plan? Bunun elektron variantı olmalıdır. İstənilən adam girib tanış olmalıdır. Mən istəyirəm ki, hardasa ev alım. Planlaşdırmaq istəyirəm ki, Bakının cənubunda həyatımı qurum, yaxud Zığda. Mən hardan bilim ki, 10 ildən sonra oranın vəziyyəti necə olacaq? Bunları mifik hesab edirəm. Bu gün Bakı Bulvarında o boyda əyləncə və ticarət mərkəzi tikilir. Onun haqqında informasiya yoxdur, niyə gizlədilir?

Dəniz Vağzalının yanında dörd dənə 30-40 mərtəbəli bina tikirlər. Onlar haqqında bizdə informasiya var? Gizlədilirsə, deməli, bunlar hamısı cəmiyyətin gözünə kül üfürməkdən başqa bir şey deyil. Necə ki, Hacı İbrahim Xəzər Adaları layihəsini yatıb yuxusunda gördü, reallaşdıra da bilmədi. Camaatdan nə yığdı, yığmadı, bilən olmadı. İndi o binalar müəyyən adamların gəlir mənbəyinə çevrilmək üçün sökülür. Bizdə də sabah istənilən binanı sökə bilərlər. Dram teatrının yanında o boyda “Grand Hotel” tikdilər, indi isə sökürlər.

Neft pullarının dağıdılması o demək deyil ki, siz büdcədən 100 milyon götürüb mənimsəyirsiniz. Əgər varlı bir insan hər üç ildən bir öz malikanəsini dibindən söküb yenidən təmir edirsə, bunun özü də neft pullarının dağıdılması deməkdir.

– Məsələn, Rusiyanın keçmiş maliyyə naziri və vətəndaş təşəbbüsləri komitəsinin başçısı Aleksey Kudrin Putinə iqtisadi təkliflər konsepsiyasını təqdim edəndə ilk olaraq islahatı məhkəmə və hüquq sistemindən başlamağı təklif edir…

– Ona görə təklif edir ki, islahatlar başlayanda digər problemlər ortaya çıxanda , harasa üz tutanda nəticədə məhz məhkəmə hüquq sistemində o bağlantı qırılmasın.

– “Azərsu” suyun qiymətini qaldırdı. Belə fikirlər var ki, paralel olaraq qazın və işığın da qiyməti qalxa bilər. Sizcə, bu qiymət artımı ilə bağlı proses necə tənzimlənməlidir?

– Bu çox ağrılı sistemdir. Bunlar dövlət monopolçulardırlar. Avropa Birliyi tam mənasında işə düşəndə bu məsələləri dövlət tənzimləyiciləri yolu ilə çözməyə başladılar. Monopol qurumlar varsa, bunlar hər zaman cəmiyyətlə dövlət arasında intriqaların özəyi olacaq. Bundan qaçmaq üçün ən yaxşı yol tənzimləyici orqan yaratmaqdır. Bu orqana ilk növbədə inanmaq lazımdır. Əgər cəmiyyətin inamı olmasa, o hökumətin dayanıqlığı olmayacaq. Bu da olmasa, o zaman həmin dövlətin nüfuzu olmayacaq. Bizdə axşam saat 10-dan sonra deyilir ki, benzinin ya suyun qiyməti artdı.

“Azərsu” açıqlamasında onu əsas gətirdi ki, suyu Kürdən gətiririk, Oğuz-Qəbələyə xərcimiz çıxıb. Sənin Oğuz- Qəbələyə vəsaitin qoyulmuşdu? Neft Fondundan gələn pulların “Azərsu” ya nə dəxli var idi? 1 manat da olsa “Azərsu” həmin layihəyə vəsait xərcləyib? İstismar xərci də yoxdur, çünki bir dənə də olsun nasos-kompressor stansiyası yoxdur. Söhbət Kür çayından suyun Bakıya vurulmasından gedirsə, sən onun hesabatını ver. Bu suyun vurulması neçəyə başa gəlir? Cəmiyyət buna inanmır.

Bundan əlavə, “Azərenerji” nin get-gedə borcu artır. “Azərernerji o qədər qapalı qurumdur ki, mən enerji sahəsində illərdir çalışan təhlilçi kimi bu 20 ildə onlarla təmas yarada bilməmişəm. Bu, qara bir strukturdur. Əslində belə qurum yoxdur, indiyə kimi heç bir hesabatı dövlət başçısına verməyib, haqqında ordan- burdan məlumat eşidirik. Sən demə, məhkəməni də uduzubmuş. SOCAR-dan aldığı qazın pulunu da vermir. Sonra hökumət də onun borclarını silir. Sabah enerjinin qiymətinin qaldırılması ilə bağlı qərar çıxarılsa, mən özüm hökumətə qarşı hansı hissləri keçirməliyəm? Mən bilirəm ki, “Azərenerji” 3 milyarddan artıq itkiyə yol verir. Əgər bu qədər itirirsə, onun pulunu biz niyə ödəməliyik?

SOCAR-ın bu yaxınlarda xaricdəki bir neçə ofisinin bağlamasının səbəbi nədir?

– Məsələ ondadır ki, SOCAR dekabrda bununla bağlı qərar çıxartmışdı. SOCAR 2016- cı ilin büdcəsində xərclərin azaldılması ilə bağlı qərar qəbul edib. Artıq şirkət neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar xərcləri optimallaşdırır. Bu işləri həmin şirkətlərə yaxın olan törəmə şirkətlər də həyata keçirə bilər.

– Hərdən görürəm ki, siz facebook səhifənizdə dünya pop starlarının mahnılarını paylaşırsınız. Bu mahnılar neftlə bağlı deyil. Neft sahəsində uzun illər çalışmış biri kimi, bizim müğənnilərin repertuarında neftlə bağlı mahnıların olmasını istəyərsinizmi?

– Bəli. Mənim ən çox xoşuma gələn mahnı “Qaya” qurupunun oxuduğu “Neftçilər” mahnısıdır. O mahnını uşaqlıqdan sevirəm. Biz neft ölkəsiyik. Sovet dövründə bizdə neftlə bağlı nə qədər filmlər çəkilmişdi. Neft mövzusu Bakının hər yerindən axırdı. Şəkillər çəkilirdi. Torqovının birinci binası 1947- ci ildə tikilmiş Buzovna neftin binası idi. 1945- ci ildən 1959-ci ilə kimi Neft Fondu olub. Onun hesabına neftçilərin mədəniyyət sarayları, uşaq əyləncə mərkəzləri yaradılıb. İndinin özündə bizim neftçilərlə bağlı heykəlimiz yoxdur.

– Sizin avtomobilin sahəsinə də marağınız çoxdur…

– Mən avtomobildən çoxlarına dərs deyərəm. Bizdə 90 faiz sürücü heç nə bilmir. Şahdağa çıxaram, nə qədər qalın buz da olsa maşınla hərəkət edə bilərəm. Ümumiyyətlə, bizim sürücülər avtomobil sürmək nədirsə, onu bilmirlər. Dubayda gedib qumda sürməyi bilmirlər. Həddən artıq qorxurlar.

Mən çox yaxşı güllə atıram. Güllə atmağın elə növü var ki, snayperdən də çətindir, onu da bacarıram. 9- cu sinifdə güllə atmaq üzrə birinci yeri tutmuşdum. Avtomatla 50-dən 50 vururdum.

– İndi Qarabağda müharibə başlasa, İlham Şaban yaxşı güllə atan biri kimi, müharibədə iştirak etməyə hazırdımı?

– Əlbəttə. Mən hərbiyə hazırlaşırdım, amma atam qoymadı. Qardaşlarımın hamısı hərbçidir. Hərbi geyim geysəydim, mən indi general idim. Onlar polkovnikdirlər, özü də məndən balacadırlar, buna görə də mən indi genaral olmalı idim.

Günel Türksoy

Həmçinin oxuyun

Samir Adıgözəlli Türkiyədə 15 iyul şəhidinin ailəsini ziyarət etdi – Foto

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli Türkiyədə 15 iyul hadisələrinin qəhrəmanlarından biri …

Bir cavab yazın