Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Dünya / ABŞ ictimaiyyətinin yarısı Donald Trampın İranla bağlı son qərarına qarşı çıxır

ABŞ ictimaiyyətinin yarısı Donald Trampın İranla bağlı son qərarına qarşı çıxır

Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp dünən özünün seçkiqabağı ən böyük vədlərindən birini yerinə yetirərək, İranla imzalanan nüvə sazişindən çıxdığını bəyan etdi. Donald Tramp öz qərarını rəsmi Tehranın sazişdən irəli gələn öhdəliklərinə əməl etməməsi ilə əsaslandırıb.

Ağ Ev rəhbərinin son addımı İsrail və Səudiyyə Ərəbistanı istisna olmaqla, dünyanın aparıcı ölkələrinin ciddi təpkisi ilə rastlaşıb. Sazişin tərəflərindən biri, Avropa İttifaqının xarici siyasət məsələləri üzrə komissarı Federika Mogerini birliyin öz öhdəliklərinə sona qədər əməl edəcəyini bəyan edib.

“Kommersant”ın yazdığına görə, Donald Trampın nüvə sazişindən çıxmaq barədə mövqeyi ölkə daxilində də qınaq və tənqidlərə məruz qalıb. Məsələn ABŞ prezidenti bununla bağlı sənədi mətbuat qarşısında imzalayarkən jurnalistlərdən biri “Sizin bu addımınız Amerikanı daha təhlükəsiz edəcəkmi” sualını verib. Tramp jurnalistin sualını eşitməzdən gələrək ona cavab verməyib. Müxbir sualını təkrar etdikdə isə Tramp “Əmin olun, bu, birməanlı olaraq Amerikanı təhlükəsiz edəcək” deyə reaksiya verməyə məcbur olub.

Qərar açıqlanmazdan 10 saat qabaq CNN telekanalı İranla imzalanan nüvə sazişi üzrə mayın 2-si və 5-i aralığında keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Respondentlərin 63%-i ABŞ-ın bu sazişdən çıxmaması gərəkdiyini bildirib. Rəyi soruşulanların yalnız 29%-i prezidentin siyasətini dəstəkləyib. Bundan başqa amerikalıların 46%-i Donald Trampın İranla bağlı xarici siyasi kursunu bəyənmədiklərini ifadə ediblər. Responendtlərin 37%-i isə Ağ Ev rəhbərinin doğru yolda olduğu qənaətinə gəlib (17% bu məsələdə qeyri-müəyyən mövqedə qaldığını bildirib).

Lakin nüvə sazişinə verilən dəstəklə bərabər ABŞ əhalisinin İranla bağlı narahatlığının artması da müşahidə olunub. Belə ki, 2017-ci ilin oktyabrında amerikalıların yalnız 30%-i İranı “olduqca təhlükəli təhdid” olaraq görürdülərsə, 2018-ci ilin mayında bu rəqəm 40%-ə qədər yüksəlib.

Qərar açıqlanmazdan 7 saat öncə isə “European Leadership Network” araşdırma mərkəzinə daxil olan müxtəlif dövlət adamı, diplomat, politoloqlardan ibarət 106 şəxs ABŞ-ı İranla bağlı birtərəfli hərəkətlərdən çəkinməyə çağıran müraciət qəbul ediblər.

Maraqlıdır ki, hətta İsrailin özündə belə, Vaşinqtonun son addımını tənqid edənlər tapılıb. İsrail parlamentinin deputatı, “Sionist düşərgə” fraksiyasına daxil olan Kseniya Svetlova “ABŞ-ın birtərəfli hərəkətlərinin həm beynəlxalq təşkilalara, həm də onun avropalı müttəfiqlərinə, o cümlədən sazişin bütün tərəflərinə ağır zərbə vuracağını” söyləyib. Deputat sazişin ləğv edilməsinə deyil, ona əlavələr və düzəlişlər olunmasına çağırıb.Musavat.com

Həmçinin oxuyun

Rumıniyanın məşhur cadugəri: “Trampın mühacirlərə qarşı davranışlarını əngəlləyəcəyik”

Rumıniyada və ətraf ölkələrdə çox yayğın olan cadugər ailələrin cəmiyyətdə mühüm yeri var. Rumıniya parlamentində …