Ana səhifə / Dünya / 3 noyabrda başına “şahlıq quşu” qonanlar – Ruzvelt, Klinton, Alyende, Kərzay…

3 noyabrda başına “şahlıq quşu” qonanlar – Ruzvelt, Klinton, Alyende, Kərzay…

Bu gün, yəni 3 noyabr dünya əhəmiyyətli hadisələr baxımından olduqca əlamətdar gündür. Noyabrın 3-də baş verən hadisələr o qədər çox və o qədər mühümdür ki, onların hamısını sadalayıb bitirmək belə, müşkül işdir.

Bu günü bir çox ABŞ prezidentlərinin triumf günü də adlandırmaq olar. Onların bir çoxunun başına “şahlıq quşu” məhz noyabrın 3-də qonub. Çünki ABŞ-da dəyişməz olaraq noyabrın ilk bazar günündə keçirilən prezident seçkilərinin ayın-3-nə təsadüf etməsi də olub.

1908-ci ilin bu günündə ABŞ-dakı prezident seçkilərində respublikaçı namizəd Uilyam Taft qalib gəlib.

Fotoqrafiya

Uilyam Hovard Taft 15 sentyabr 1857-ci ildə Ohayo ştaının Sinsinnati şəhərində doğulub, 1930-cu ilin 8 martında Vaşinqtondan vəfat edib. O, ABŞ-ın 27-ci prezidentidir. Cəmi bir müddət seçilib. Onun hakimiyyət dövrü dövlətin iqtisadiyyatdakı rolunun güclənməsi ilə yadda qalıb. Taft 1921-ci ildə ABŞ Ali Məhkəməsinin baş hakimi seçilib. O, bu məhkəmədə vəzifə tutmuş ilk və yeganə ABŞ prezidentidir. Vəfatına 1 ay qalmış Taft həmin vəzifədən istefa verib.

1936-cı ilin 3 noyabrında ABŞ-dakı prezident seçkilərində Franklin Delano Ruzvelt qalib gəlib.

Fotoqrafiya

 Franklin Delano Ruzvelt (30 yanvar 1882-də Nyu-Yorkda doğulub, 12 aprel 1945-də Corciyada ölüb) ABŞ-n 32-ci prezidentidir (1933-1945). O, bu vəzifəyə 2 dəfədən artıq seçilmiş yeganə ABŞ prezidentidir. Ruzvelt 4 dəfə prezident seçilib, 4-cü hakimiyyət müddətinin başlamasından 3 ay sonra beyninə qan sızmasından vəfat edib.

ABŞ tarixinin ən keşməkeşli dövrü Ruzveltin vaxtına düşüb. Hakimiyyətdə olduğu illərdə onun ölkəsi “böyük depressiya” adlanan iqtisadi tənəzzül dövrü yaşayıb, II dünya müharibəsində aktiv iştirak edib. Ruzveltin 4 dəfə prezident seçilməsi də məhz bu üzdən – dünyanı sarmış xaos və qarmaqarışıqladan ölkəsini çıxarmağa yeganə müqtədir siyasətçi olduğuna dərin inam olması səbəbindən baş tutub.

Təsəvvür edin ki, 1921-ci ilin avqustunda poliomelit xəstəliyinə tutulması üzündən ayaqları tam işləməyən və ömrünün qalan hissəsini əlil arabasında keçirən bir siyasi xadim ölkəsinin nicat yeri olub. II dünya müharibəsinin 3 qalibindən biri məhz Ruzveltdir. O, Hitler Almaniyasının və imperator Yaponiyasının kapitulyasiya aktı imzaladığı günü görməsə də, müharibənin taleyinin yüzdə 99 faiz həll edildiyini, ABŞ-ın bu savaşdan qalib çıxdığını bilərək vəfat edib.

Ruzvelt tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Fotoqrafiya

3 noyabrda ABŞ-da prezident seçilən siyasi xadimlərdən biri də Harri Trumendir. O, ABŞ-ın 33-cü prezidentidir. Trumen prezident Ruzveltlə birlikdə vitse-prezident seçildiyi (1944-cü ildə) üçün onun ölümündən dərhal sonra ABŞ prezidenti vəzifəsini icra edib, daha bir dəfə isə 1948-ci ildə isə prezident seçilib.

Trumen II dünya müharibəsinə son və qəti nöqtə qoymasıyla məşhurdur. I dünya müharibəsində artilleriya batereyasının komandiri olan və düşmən səngərinə top mərmiləri atan Trumen II dünya müharibəsində düşmənə həlledici bomba atdırıb – Yaponiyaya atılan iki atom bombasına dair son əmri məhz o verib.

Fotoqrafiya

1964-cü ilin 3 noyabrında isə ABŞ-da “şahlıq quşu” Lindon Consonun (1908-1973) başına qonub. O, ABŞ-ın 36-cı prezidenti seçilib. Əslində “şahlıq quşu” Consonun başına prezident Con Kennedi 1963-cü ildə Dallasda güllələnərkən qonmuşdu. Məhz həmin gün, Kennedinin öldüyü məlum olan kimi vitse-prezident Lindon Conson ABŞ qanunlarına görə prezident postunu tutub.

Hələ də müəmmalı olan, 20-ci əsrin ən böyük siyasi qətli sayılan bu hadisədə Consonun – 1960-cı ildə Kennediyə məğlub olan, ancaq ondan vitse-prezidentlik təklifi alaraq dövlətin iki rəhbərindən birinə, sonra isə birincisinə çevrilən bu şəxsin əlinin olmasına dair şübhələr var. 1964-cü ildə özü prezident seçilən Conson Vyetnam müharibəsində törədilən qırğınlar üçün siyasi məsuliyyət daşıyanlardan biridir.

Fotoqrafiya

3 noyabr təkcə respublikaçı namizədlər üçün uğurlu oilmayıb, 1992-ci ilin həmin günündə ABŞ-da keçirilən prezident seçkilərində demokrat namizəd Bill Klinton qalib gəlib. 1946-cı ildə doğulmuş 46 yaşlı Klinton ölkəsinin 42-ci prezidentidir. O, ABŞ tarixinin uğurlu prezidentlərindən biri sayılır.

Klintonun dövrü də dünyanı ən təlatümlü dövrlərindən biri olub. Həmin vaxt SSRİ boyda nəhəng imperiya dağılıb, müttəfiq respublikalarda etnik münaqişələr, hakimiyyət qovğaları baş qaldırıb. Bənzər hadisələr Yuqoslaviya respublikalarında da baş verib, serblər müsəlman bosniyalılara qarşı genosid siyasəti həyata keçiriblər. ABŞ Serbiyanı cəzalandırmağa, Serbiya prezidenti Miloşeviçin aqressiyasının qarşısını almaq üçün bu ölkəni bombalamağa məcbur qalıb.

Bundan başqa, Bill Klinton şəxsi həyatına aid qalmaqallarla dünya mediasının gündəmində olub. Onun Ağ Evdə təcrübə keçən Monika Levinski adlı qadınla yaşadığı eşq macərası aylarla öz ölkəsində və dünyada müzakirə olunub. Ancaq Klinton bu qalmaqalları dəf etməyi bacarıb.

ABŞ prezidentlərindən başqa da noyabrın 3-də başına “şahlıq quşu” qonan, prezident seçilən siyasi liderlər olub. Onlardan biri Çilinin məhrum prezidenti Salvador Alyende, digəri Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzaydır.

Salvador Alyende (1908-1973) 1970-ci ilin noyabr ayının 3-də Çili prezidenti seçilib. Həmid Kərzay (1957) isə 2004-cü il in həmin günü Əfqanıstan prezidenti postuna oturub.

Image result for Salvador Alyende

Hər iki şəxsin taleyində ABŞ faktoru ciddi rol oynayıb. SSRİ-yə rəğbət bəsləyən, Çilidə sosializm rejimi qurmaq istəyən Salvador Alyende 1974-cü ildə ABŞ-ın fitvası ilə, Vaşinqtona bağlı hərbçilər tərəfindən devrilib və öz iqamətgahındaca güllələnib.

Fotoqrafiya

 

Həmid Kərzay isə ABŞ qoşunları Taliban rejimini silah gücünə ölkənin paytaxtından və iri şəhərlərindən dağlara qovub çıxarmasından sonra rəsmi Vaşinqtonun hərbi-siyasi, maliyyə dəstəyi ilə hakimiyyətə gətirilib və 10 il Əfqanıstan prezidenti olub. Əslində o, faktiki olaraq 2001-ci ildən Əfqanıstana rəhbərlik edirdi.

Xalid KAZIMLI

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …