Ana səhifə / Dünya / “1 dollar 2 manatdan baha ola bilər” – Müsahibə

“1 dollar 2 manatdan baha ola bilər” – Müsahibə

İqtisadçı ekspert Samir Əliyevin “Qafqazinfo”ya müsahibəsi:

– Manatın dollara qarşı ucuzlaşması rekord həddə gəlib çatıb. İlin sonuna doğru proqnozlarınız nədir, manat hansı həddə kimi ucuzlaşa bilər?

– Manat 1.49 səviyyəsindən 1.65 səviyyəsinə qalxdı. Bunun bir neçə səbəbləri var. Bizdə dollara olan təlabat dövrüdür. Bu da xaricdən idxal asılılığına görədir. İdxal da kapital axınını stimullaşdırır. Xaricə qeyri-rəsmi kapital axını var. İnsanlar bankda olan əmanətini çıxarır, evdə saxlayır. Xarici borclarımız var və onları qaytarmalıyıq.

Əvəzində isə ölkəyə neftdən kənar çox az miqdarda dollar gəlir. Əsasən də üç mənbədən ölkəyə dollar daxil olur. Neft Fondu, SOCAR və Mərkəzi Bank. SOCAR qazandığı dollarları ölkə daxilində istifadə etmir. Mərkəzi Bank isə dövrü olaraq öz valyuta ehtiyatlarından istifadə edir. Neft Fondu 450 milyon dollar civarında bazara dəstək verə bilir. Bu üç qurumdan başqa ölkəyə dollar gətirən meyvə-tərəvəz məhsullarıdır. Bazarda isə avqust ayındakı gərginlik yenidən yaşanmağa başlayır. Bu da bağlanan 10 bankdan 670 milyon əmanətin qaytarılması ilə bağlıdır. Çünki əmanətlərin qaytarılması prosesi bazara təsir edir. Məsələn, “ Bank Standard” da əmanətlərin 80 faizi dollarladır. Ancaq bəzən dollar olmur deyə, əmanətləri manatla qaytarırlar. Qaytarılan əmanəti də insanlar dollara çevirərək saxlayır. Hər bir halda qaytarılan əmanətlər bazarda dollara təlabat yaradır.

– İlin sonuna büdcənin öhdəliklərini yerinə yetirmək məqsədilə hökumətin manatı dollara qarşı ucuzlaşdırdığı barədə fikirlər də var…

– 9 ayın nəticələrinə baxsaq, Neft Fondu 7 milyard 600 milyon büdcəyə transfer etməlidir. Məlum oldu ki, Neft Fondu 9 aylıq büdcədə öz öhdəliyini 58 faiz icra edib. 42 faiz kəsr var. 2 milyarddan çox vəsaitin büdcəyə daxil olmadığı məlum olub. Hökumət dövriyyəyə böyük həcmdə pul çıxarılmasından ehtiyatlanıb. Bir qayda olaraq bizdə belədir ki, büdcənin əsas icra yükü axırıncı rübə düşür. Noyabr-dekabrda birdən-birə büdcə vəsaitləri böyük həcmdə xərclənir. İlin sonudur, büdcənin icrası tam təmin olunmalıdır. Cənub- Qaz Dəhlizi layihəsi 10 faiz icra olunub. 2 milyarda yaxın pul icra olunmayıb, amma proses getməlidir. İlin sonuna kimi dollara təlabat yüksək səviyyədə olacaq.

– Konkret dolların hansı həddə qədər ucuzlaşacağı ilə bağlı proqnoz verə bilərsinizmi?

– Mənim gözləntim odur ki, fövqəladə hadisə baş verməsə ilin sonuna dollar 1.80 olacaq. Yəni neft qalxmasa, siyasi gərginlik olmasa ən aşağı rəsmi məzənnə 1.80 olacaq. Amma 2 manatdan da çox ola bilər. Burada daxildə əsas məsələ hökumətin nə etmək istəməsi ilə bağlıdır. Görəsən, ölkənin maliyyə kapitanları manatı ucuzlaşdırmaqda maraqlıdırlarmı? Burada monetar siyasət həyata keçirən Mərkəzi Bankla fiskal siyasət yürüdən Maliyyə Nazirliyi arasında fikir ayrılığı yaranır. Mərkəzi Bank manatın məzənnəsinin saxlanılmasına, inflyasiyaya məsuldur. Devalvasiyalarda ən çox zərbəni Mərkəzi Bank alır. Maliyyə Nazirliyi isə fiskal qurum olaraq büdcənin icrasına məsuldur. Milli valyuta ucuzlaşanda qiymətlər bahalaşır. Qiymətlər bahalaşanda isə vergi daxilolmaları artır. Maliyyə Nazirliyi manatın devalvasiyasında maraqlıdır. Hökumət də buna maraqlı görünür, çünki manat real dəyərini bazarda tutmayıb.

– Mərkəzi Bankın valyuta ehtiyatları kifayət qədər azalıb. Ehtiyatlar bundan da artıq azala bilər?

– Bundan sonra Mərkəzi Bank valyutasını qorumaq siyasəti yürüdəcək. Birinci növbədə düşünməliydik ki, manatı saxlamaq üçün valyuta ehtiyatlarını tükətməyə dəyərdimi? Təcrübə göstərir ki, Mərkəzi Bank 15 milyard valyuta ehtiyatının böyük bir hissəsini, yəni 11 milyardı xərcləyib. Nəticədə isə yenə manat öz dəyərini iki dəfə itirib. Bundan sonra isə ehtiyatları çox qənaətlə xərcləyəcək. Mərkəzi Bankın hazırkı valyuta ehtiyatı ölkəni 5-6 ay idxalla təmin edə bilər. 4 milyardı Mərkəzi Bank üçün qırmızı xətt hesab edirəm. Deməli, Mərkəzi Bank artıq manatı qorumayacaq, öz ehtiyatını manatın kəskin ucuzlaşmasının qarşısını almaq üçün saxlayacaq.

– Yeni yüksək idxal rüsumları qüvvəyə mindi, bir sıra məhsulların qiymətləri bahalaşdı. Bu yeni rüsum siyasəti eyni zamanda yerli istehsalı da bahalaşdıra bilərmi? Çünki ekspertlər hər zaman vurğulayır ki, biz öz məhsullarımızla daxili bazarı təmin etməyə tam qadir deyilik. Belə olan halda yerli məhsula da tələb artdığı üçün onun da qiyməti qalxacaq…

– Ayrı-ayrı ölkələrdə hökumətlər öz daxili bazarını qorumaq üçün addımlar atırlar. Bəzən elə rüsum tətbiq edirlər ki, bu öz dəyərindən qat-qat baha başa gəlir. Bu gün Azərbaycanın düşdüyü böhrandan çıxış yollarından biri də yerli istehsalı canlandırmaqdır. Ölkədən dollar çıxmasının qarşısını ala bilərik. Ancaq bir sıra qaydaları da nəzərə almaq lazımdır. O məhsullara yüksək gömrük rüsumları tətbiq edilir ki, onlar ölkədə istehsal olunur. Ancaq ölkədə istehsal olunmayan məhsullara rüsumları ümumiyyətlə götürmək lazımdır. Ölkənin ərzaq məhsullarına olan təlabatın 80 faizi daxili istehsalın hesabına təmin edilir. Cəmi 20 faiz idxal edirik. Problem odur ki, bizim daxili istehsalımız da xaricdən asılıdır. Şəkər tozu, çay daxili istehsal hesabına təmin edilsə də, bunların xammalı xaricdən gəlir. Məsələn, Rusiyada rubl düşür, amma daxildə qiymətlər rublun ucuzlaşmasına adekvat deyil. Yerli məhsulların da qiymətləri qalxacaq. Çünki inflyasiya yüksək həddədir. Əhalinin gəlirləri 2,5 faiz azalıb. Hökumətin qarşısında duran əsas məsələ iqtisadi riçaqlardan istifadə etməklə qiymət artımının qarşısını almaqdır.

– Ölkədə qazın təzyiqi ilə bağlı problem yaşanır. Statistikaya əsasən, ölkənin qaz hasilatı da azalıb. Qazın da qiymətinin artacağı ilə bağlı məlumatlar yayılır. Bununla bağlı nə deyə bilərsiniz?

– Bu yaxınlarda “Tesla” şirkəti bir təqdimat etdi. Şirkətin rəhbəri İlon Mask evlərin üstünü örtmək üçün xüsusi dam örtüyü hazırladıqlarını bəyan etdilər. Bu örtük günəş enerjisini yığmaq funksiyasını daşıyır, həm də ənənəvi örtüklərdən daha ucuz başa gəlir. Görün, texnologiyalar nə qədər sürətlə inkişaf edir. Almaniya ölkənin enerji təminatının 30 faizini külək və günəş enerjisinin hesabına təmin edir. Bu həm də ekoloji cəhətdən təmizdir. Artıq neft-qaz erası öz dövrünü başa vurmağa başlayıb. SOCAR bu addımını onunla əsaslandıra bilər ki, daxili bazarda qazın qiyməti ucuzdur. Düşünmürəm ki, xaricə satılan qazın miqdarını kəsib ölkəyə yönəltsinlər. Əgər biz qaz ixrac ediriksə niyə qaz qıtlığı ilə üzləşməliyik?

Əsaslandırma belədir ki, noyabrın 15-də ölkədə qış rejiminə keçilir. Bu il də havalar tez soyudu. Havalar soyuyan kimi çevik qərarlar verilməlidir. Qiymət artımı isə gözlənilir. Sadəcə, hökumət qiymət artımını əsaslandıra bilmir. Çünki dünya bazarında qazın qiyməti aşağıdır. Ancaq ölkədə istehsalçı şirkətlə paylayıcı şirkət ayrı olmalıdır. SOCAR həm qaz hasil edir, həm də paylayır. Paylama işi SOCAR-dan ayrılmalıdır ki, idarəetmə şəffaf olsun.

– Noyabrın 15-də istilik verilsə də, bir müddətdən sonra “Azəristilik”lə “Azəriqaz” arasında borc problemi qalmaqalının yenidən şahidi olacağıq. Sizcə, proses birdəfəlik necə həll olunmalıdır?

– Borc problemi heç vaxt həll olunmayacaq. Dövrü olaraq ayrı- ayrı qurumların borcları dövlət tərəfindən silinir. Hər dəfə birinin borcu ortalığa çıxacaq. Əsas idarəetmənin düzgün qurulmamasıdır. Dövlət iqtisadiyyatda siyasətlə məşğul olmalıdır. Bizdə təəssüf ki dövlət təsərrüfat işi ilə məşğuldur. Belə bir yanaşma var ki, dövlət ən pis sahibkardır. Kommunal sektorun idarəetməsi özəl sektora həvalə olunmalıdır. Qaz, su, işıqla bağlı qurumlar həmişə deyir ki, istehsal etdikləri məhsulun maya dəyəri yüksəkdir. Əgər şəffaflıq olsa, mən baxardım ki, niyə maya dəyəri yüksəkdir? Bəlkə bir adamın yerinə iki adam götürüblər? Bu gün dünyada informasiya texnologiyaları inkişaf edir, nəticədə maya dəyəri aşağı düşür.

Maliyyə Bazarlarına Nəzarət Palatası yarandı. Bu qurumla bağlı təsəvvür o oldu ki, sanki bankları bağlamaq üçün yaranıb. 13-ə yaxın bank bağlandı. İlin sonuna qədər daha bir neçə bankın da bağlanılması gözlənilirmi?

– Bu qurum çox həssas bir dövrdə yaradıldı. Palata özünə gəlməmiş bankların problemləri ilə məşğul olmağa başladı. Gözlənilirdi ki, Mərkəzi Bankdan fərqli olaraq Palata banklara daha sərt yanaşacaq. Devalvasiyadan sonra 45 bankdan 13-ü bağlandı. Daha bir neçə bankın taleyi həll olunur. Ola bilsin, ilin sonuna bir-iki bank da bağlansın. Bu proses hər an baş verə bilər. Bankların da bağlanmasının səbəbi devalvasiya oldu. Hansı ki devalvasiyanın olacağı təqdirdə bank sektoruna zərbə dəyəcəyini ekspertlər dəfələrlə vurğulayırdılar.

– Hansı banklar fəaliyyətini dayandıra bilər?

– Mən istəməzdim ki, ad çəkim. Çünki bu ajiotaja səbəb ola, bankların imicinə zərbə vura bilər. Maliyyə hesabatlarına baxanda da görünür ki, kifayət qədər zərər var. O banklar ki hesabatlarını zamanında təqdim edirlər, zərərləri azdır, onlarla bağlı problem yoxdur. Hansı banklar ki hesabatlarını qoymurlar, deməli problem var. Bəzi banklara isə vaxt qoyulub. Əgər onlar problemi həll etməsələr, lisenziyası geri alınacaq. Yaxın dövrlərdə bankların sayı 30-dan da aşağı düşəcək. Azərbaycan iqtisadiyyatı getdikcə kiçilir, büdcə kiçilir, kreditləşmə kiçilir. Bankların da gəlirləri azalır. Çox təəsüf ki, bizdə bu günə qədər konsolidasiya prosesi baş verməyib. Bank bağlanan zaman isə işsizlik yaranır.

– Bizdə bank faizlərinin aşağı olması məsələsi uzun illərdir ki, müzakirə olunur. Amma ayrı-ayrı şəxslər tərəfindən bu müzakirələr aparılır, kompleks şəklində tədbirlər görülmür. Ancaq qonşu Türkiyədə bu istiqamətdə real danışıqlar aparılır…

– Əslində burada məsələni devalvasiyanın üzərinə atmaq düzgün deyil. Bankların özünün də məsuliyyətsiz kreditləşmə siyasəti problemli kreditlərin yaranmasına gətirib çıxardı. 2010-2014-cü illərdə banklar il ərzində 20-30 faiz güclü kreditləşməyə keçdilər. Müştərini düzgün qiymətləndirmədilər. Böhran yaranan kimi də banklar pis günə düşdülər. Bu illərdə kreditləşmənin dollarlaşması da müəyyən rol oynadı. Banklar dollarla verdiyi krediti geri ala bilmirlər. Kreditlərin faizinin aşağı düşməsi isə hələ ki mümkün deyil. Manatın məzənnəsi sabit olan vaxtlarda faizlərin aşağı salınması üçün real zəmin var idi. İllik 15 fazilə əmanət cəlb edən bank krediti də 25-30 faizlə verəcəkdi. İndi hansı bank 10-15 faizlə kredit verməyə razı olar? Bank axı bilmir ki, 1 ildən sonra manatın taleyi necə olacaq?

– Azərbaycanın meyvə ixracatı potensialından kifayət qədər istifadə edilmədiyi ilə bağlı analitik yazı yayımlanmışdı. Sizcə, başqa hansı sahələrin potensialından yetərincə istifadə edilmir?

– Tək meyvə ixracatından söhbət getməməlidir. Meyvə istənilən halda xammaldır. Çalışmalıyıq ki, emal sənayesini inkişaf etdirək. Mürəbbələr, şirələr, cemlər hazırlanmalıdır. Emal sənayesi olanda həm də yeni iş yerləri yaradılır. Biz bu yaxınlarda arıçılıqla bağlı ölkədə potensialın nə qədər olması barədə araşdırma apardıq. Məlum oldu ki, qeyri-neft sektorunu inkişaf etdirmək üçün bizdə əsas potensial sahələrdən biri də arıçılıqdır. Çünki bu sahə ənənəvidir. İqlim qurşağımız da arıçılığın inkişafı üçün böyük zəmin yaradır. Arıçılığı inkişaf etdirsək, həm daxili təlabatı ödəyə bilərik, həm də ixrac edə bilərik. Həm də yeni iş yerləri yaranar. Bu gün isə biz xarici ölkələrdən bal alırıq. Ekoloj baxımdan da bu sahənin inkişaf etdirilməsi zəruridir. Pambıqçılıq, baramaçılıq, tütünçülük də inkişaf etdirilməlidir. Amma tək bu sahələrin inkişafına yönəlsək, iqtisadiyyatı inkişaf etdirə bilmərik.

– Xaricə ixrac olunan məhsulların keyfiyyət məsələsi ön sırada dayanır. Bu baxımdan məhsullarımız standartlara cavab verirmi?

– Avropa ölkələrinin istehsalı olan məhsulların qiyməti baha və yüksək keyfiyyətdə olur. Heç kim qiyməti baha olsa da Mercedesin keyfiyyətinə şübhə etməz. Bir də var ki Çin və Koreyanın istehsalı olan məhsullar var, onların keyfiyyəti yüksək deyil, amma ucuz qiymətlərlə bazarda özünə yer tapa bilir. Azərbaycanın ixrac etdiyi məhsullar nə kefiyyət, nə də qiymət baxımından rəqabət apara bilmir. Ona görə də biz bazarda üçüncü dərəcə ölkələrə mal ixrac edə bilirik. Məsələn, bizdə balın ixrac qiyməti iki-üç dəfə bahadır. Biz bununla hansı bazara gedə bilərik? Avropa ölkələrində standart başqadır. Məsələn, orada təkcə ətin istehsalına baxmırlar. Mal doğulandan ətliyə verilənə qədər proseslər hamısı nəzarət altında saxlanılır. Malların qulağına ştrix kodlar vurulur, saxlanma yerinə baxılır. Bizdə mala tövlədə baxılır. Onlar ev kimi yerdə saxlayırlar. Deyirlər ki, yerin təmizliyi südün keyfiyətinə təsir edir. Biz iki dəfə fındıq ixrac etmişik, geri qaytarıblar ki, tərkibində zəhərli şeylər var. Məmurlar iri təsərürfatlar yaradırlar, bununla da xırda təsərrüfatları sıradan çıxarırlar. Belə olan yerdə də rəqabət ola bilməz.

– Gələn ilin dövlət büdcəsi ilə bağlı şərhiniz necədir?

– Büdcəmiz 10 faiz azalıb. Artıq 2011- ci ilin büdcəsinin səviyyəsinə gəlib düşüb. Burada əsas yenilik qeyri- neft daxilolmalarından gəlirlərin artmasıdır. Vergi və gömrük daxilolmalarında da artımlar var. Neft Fondundan transfertlər azalıb. Transfert 7,6 milyarddan 6,1 milyarda qədər azalıb. Büdcənin buna tab gətirib gətirməyəcəyini deyə bilmərəm. Bizdə neft pulu çox olanda da büdcəyə dəyişiklik etdilər, az olanda da. Sosial sahələrdə artım görünmür. Əsas məsələ isə dövlət borcunun artması ilə bağlıdır. İlin ortasında ÜDM-də bunun payının 21 faiz olduğunu göstərilirdi. Burada təkcə dövlət zəmanəti ilə alnımış kreditlər nəzərə alınır. Ancaq SOCAR-ın borcları dövlətin borclarından çoxdur. Bankların da xaricdən götürdükləri borcları nəzərə almaq lazımdır. Bunları da nəzərə alsaq, ÜDM-da borcların payı 60 %-dən də çoxdur. Getdikcə borcun artması isə narahat doğuran məqamdır. Neftin qiyməti 40 dollardan götürülüb. Büdcə dollar ifadəsində təxminən 10 milyard dollar olacaq. 2014-cü ildə ən çox dollar ifadəsində büdcəmiz 24 milyard dollar təşkil edib.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …

Bir cavab yazın