Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Ərdoğan Sinan Oğana vəzifə verir? – “Beştəpə”dəki görüşün pərdəarxası

Ərdoğan Sinan Oğana vəzifə verir? – “Beştəpə”dəki görüşün pərdəarxası

Türkiyədə prezident və parlament seçkiləri başa çatsa da, bu mühüm siyasi kampaniyalar ətrafında müzakirələr səngimək bilmir. Həm iqtidar, həm də müxalifət düşərgəsi seçkinin nəticələrini təhlil edir, əldə olunmuş uğur və uğrsuzluqların səbəblərini aydınlaşdırmağa çalışırlar. 

Ötən ay qardaş ölkədə baş tutan prezident seçkilərində 3 namizəd iştirak edib. Mayın 14-də keçirilən I turda Prezident Rəcəb Tayyip Ərdoğan ən yaxın rəqibi Kemal Kılıçdaroğlunu təxminən 5% fərqlə üstələsə də, bu nəticə onun qələbəsi üçün yetərli olmadı. Buna görə də seçki ikinci tura qaldı və Türkiyənin yeni rəhbəri mayın 28-də seçildi. 

Qeyd edək ki, “ATA İttifaqı”nın prezidentliyə namizədi, Azərbaycan əsilli siyasətçi Sinan Oğan sonuncu prezident seçkilərində namizəd olmaqla yanaşı, həm də ciddi siyasi uğura imza atıb. S. Oğan təxminən 2 milyona yaxın seçicinin səsini almaqla Türkiyə siyasətində təsadüfi adam olmadığını sübut edib. 

Müşahidəçilər prezident seçkilərinin ikinci turunda dövlət başçısı R. T. Ərdoğanı dəstəkləyən S. Oğanın onun yeni komandasında yer alacağını iddia etsələr də, bu proqnoz özünü doğrultmadı. O, dəstək verdiyi keçmiş rəqibinin andiçmə mərasiminə qatılmaqla vəzifəsini bitmiş hesab etdi.

Qeyd edək ki, ötən gün Ankaradakı “Beştəpə Külliyəsi”ndə baş tutan görüş ictimai diqqəti yenidən S. Oğanın personasına yönəldib. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz tərəfindən prezident sarayında qəbul edilən siyasətçinin şəxsiyyətinə maraq təkrar artmağa başlayıb. Buna səbəb Prezident Ərdoğanın müavininin S. Oğan haqqında dediyi “bundan sonra da birlikdə olacağıq” sözləri olub. Siyasi analitiklər bu bəyanatın arxasında gizlənən məqamları aydınlatmağa çalışırlar. Onların fikrincə, S. Oğan qarşıdakı 5 ildə Ərdoğan və onun komandası ilə birlikdə olacaq. 

Ərdoğan-Oğan əməkdaşlığının perspektivləri ilə bağlı isə 2 mülahizə mövcuddur: bəzi analitiklər S. Oğanın birbaşa Ərdoğanın komandasına təmsil olunacağını düşünürlər. Onların qənaətinə görə, Ərdoğan keçmiş rəqibinə “Beştəpə”də vəzifədə verəcək. 

S. Oğanın hakimiyyətlə əməkdaşlığının fərqli müstəvidə gerçəkləşəcəyini iddia edənlər də var. Onların fikrincə, S. Oğan hakimiyyətdə vəzifə tutmayacaq, əksinə, MHP sədri Devlet Bahçeli kimi Ərdoğanı və komandasını kənardan dəstəkləyəcək. Bunun necə gerçəkləşəcəyi ilə bağlı da müəyyən mülahizələr mövcuddur. Proqnozlara görə S. Oğan tezliklə hakimiyyətyönlü siyasi partiya yaradacaq. MHP kimi, onun partiyası da hakimiyyətin siyasi kursunu dəstəkləyəcək, Ərdoğanın və AKP-nin gücünə güc qatacaq.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …