Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Ərdəbilli ayətullah erməni mediasının “qəhrəmanına” çevrildi – Xocalı şəhidlərinin ruhuna hörmətsizlik və saxtakarlıqla…

Ərdəbilli ayətullah erməni mediasının “qəhrəmanına” çevrildi – Xocalı şəhidlərinin ruhuna hörmətsizlik və saxtakarlıqla…

Ermənistan mətbuatında İranın tanınmış dini liderlərindən birinə istinadən Xocalı faciəsinin törədilməsi ilə bağlı olduqca sərsəm iddia yayılıb. Həmin məlumatda bildirilir ki, İranın azərbaycanlıların kompakt yaşadığı Ərdəbil vilayətinin dini lideri ayətullah Həsən Amili öz çıxışında Xocalı faciəsi barədə tamamilə fərqli mövqe ortaya qoyub.
Guya Amili deyib ki, onun əlində olan faktlara əsasən, həmin hadisələri Azərbaycanın o vaxtkı milliyyətçi və anti-İran qüvvələri törədib: “Əsas məqsəd də o vaxtkı prezident Ayaz Mütəllibovu hakimiyyətdən uzaqlaşdırıb, onun yerinə milliyyətçilərin ideoloqu sayılan Əbülfəz Elçibəyi gətirmək olub”.
Məqalədə daha sonra Amilinin dilindən qeyd olunur ki, guya Xocalı hadisələrində başlıca məqsəd şiələrin öldürülməsi olub və bu məsələdə əsas rolu Türkiyədəki “Ergenekon” təşkilatı oynayıb: “Bu işdə əlləri olan adamların çoxu hazırda Azərbaycanda yüksək vəzifələr tuturlar”.
Ermənistanın bizə düşmən ölkə olduğunu, ölkəmizlə bağlı informasiya təxribatı ilə məşğul olduğunun fərqindəyik. Həmin ölkənin mətbuatında dərc edilən hansısa sərsəm iddiaların bizim ölkədə tirajlanmasının da yolverilməzliyini dərk edirik. Ancaq hazırda toxunduğumuz məsələdə olduqca incə məqam var. Çünki burada söhbət Azərbaycanla yaxın qonşu və normal münasibətlərə malik olan İranla bizim münasibətlərimizin korlanmasına hesablanan addımlardan gedir. İranın din xadiminin adından yayılan bu cəfəngiyyatla bağlı rəsmi Tehranın və şəxsən Amilinin mövqeyi necə olmalıdır?

Qeyd edilən mərhələdə aktiv milliyyətçi fəaliyyətlə məşğul olan siyasətçi Samir Adıgözəlli “Bakı-Xəbər” qəzetinə bildirib  ki, bu olduqca ciddi ittihamdır, ətrafında mükəmməl araşdırma aparılmasını tələb edir: “Mən məsələyə bir neçə aspektdən yanaşmaq istərdim. Doğru qeyd edirsiniz ki, mən həmin vaxt milliyyətçi ideologiyanı təmsil edən aktiv şəxslərdən olmuşam. Sizin dediyiniz məqalə ilə mən ətraflı tanış oldum. Həmin materialın yayılmasında bir neçə təxribatçı məqsəd var. Birincisi, Xocalı faciəsini hakimiyyət uğrunda gedən davadan doğan və Azərbaycandakı milliyyətçilər tərəfindən törədilən bir olay kimi cəmiyyətə sırımaq. İkincisi, İranla Azərbaycanın münasibətlərinə xələl gətirmək. Təbii ki, bu məqamla bağlı konkret nəsə demək də mümkün deyil. Çünki bu məlumat İranın nüfuzlu dini liderinin dilindən yayılıb. İran və şəxsən Amili bu məsələyə aydınlıq gətirməlidir. Biz bilək ki, onun fikirləri təhrif olunub, yoxsa Amili həqiqətən belə sərsəm düşüncəni bölüşür? Bu aydınlaşandan sonra daha dolğun cavabımız olacaq. Amma bir faktı da qeyd edim ki, Ərdəbilin baş mollası olan Amilinin adı ilk dəfə deyil ki, Azərbaycanla bağlı lazımsız fikirlərin söylənilməsində hallanır. Amili həqiqətən bu mövqeyi dəstəkləyirsə, onda həmin şəxsdə dindar adına yaraşan nəsə yoxdur. Məqalədəki başqa məqsəd isə Türkiyəni nüfuzdan salmaqdır. Guya Türkiyə burada hakimiyyətdəki maraqlarını təmin etmək üçün Xocalı faciəsini törədib. Bunu da şiələrin qətlə yetirilməsi kimi təqdim edirlər. Yəqin ki, biz bununla bağlı İranın müvafiq qurumlarına da sorğu verəcəyik ki, Amilinin adından yayılan fikirlərə aydınlıq gətirsinlər”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …