Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / “Ən riskli beyin əməliyyatlarını üzərimə götürdüm” – Uzman doktor Tural Rəhimli

“Ən riskli beyin əməliyyatlarını üzərimə götürdüm” – Uzman doktor Tural Rəhimli

Ölkəmizdə bu gün kifayət qədər peşəkar, tanınmış gənc həkimlərimiz var. Onlardan biri də uzman doktor, neyrocərrah Tural Rəhimlidir.Türkiyədə uzmanlıq təhsili alıb Azərbaycanda neçə-necə insana sağlamlıq bəxş edən Tural həkim endoskopik hipofiz adenoması cərrahiyyəsi üzrə ixtisaslaşıb. O, ölkədə bu əməliyyatı icra edən ən yaxşı həkimlərdəndir, deyə bilərik. Bundan başqa beyin şişləri, kəllə əsası şişlər, pediatrik neyrocərrahiyyə, hidrosefaliyanın endoskopik cərrahiyyəsi, endoskopik kəllə əsası şişlərin cərrahiyyəsi, epilepsiya cərrahiyyəsi, bel və boyun yırtıqları, onurğa beyni şişləri əməliyyatlarını da uğurla icra edir. 

“Qafqazinfo” uzman doktor, neyrocərrah Tural Rəhimli ilə müsahibəni təqdim edir.

– Tural həkim, neyrocərrahiyyə sizin öz seçiminiz olub, yoxsa təhsil aldığınız müddətdə istiqamətinizi bu səmtə yönəltdiniz?

– Azərbaycanda Tibb Universitetini bitirdikdən sonra Türkiyədə Hacettepe Universitetində beyin cərrahiyyəsi üzrə uzmanlıq təhsili aldım. 10 ildir bu peşə ilə məşğulam. Son 3 ildir Bakıda çalışıram. Öz seçimim olub. Universitetə qəbul hədəfim neyrocərrah olmaq idi. Ailəmin də bunda rolu oldu.

– Ailənizdə həkim var?

– Anam həkimdir, terapevtdir.

– Niyə neyrocərrahiyəni seçdiniz?

– Tibb universitetinə neyrocərrah olmaq niyyəti ilə qəbul olmuşam. Hər zaman ən çətin işi görmək və bu şəkildə fərqlənmək istəmişəm. Həkim olmaq istəyimi nəzərə alaraq ən çətin sahələrdən birində uğurlu olacağıma inanırdım. Ölkəmizdə bu sahənin inkişaf etməməsindən dolayı bu yolda bir açıqlığı bağlaya biləcəyimi düşünmüşəm.

– Sizin adınız daha çox Endoskopik hipofiz adenoması cərrahiyyəsi üzrə hallanır. Bu əməliyyat barədə məlumat verərdiniz

– Ölkədə son üç il ərzində bu əməliyyatı ən çox endoskopik yolla edən həkim olmuşam. Mənə qədər də bu əməliyyat ölkədə olunurdu. Türkiyədə olarkən də hipofiz adenomasının endoskopik yolla ən cox əməliyyat olunduğu yer Hacəttəpə Universiteti idi. Dolayısı ilə bunun fəaliyyətimdə böyük rolu var. 3 il ərzində 100-dən artıq uğurlu hipofiz adenoması əməliyyatını endoskopik yolla icra etmişəm.

– Sizin bu əməliyyatı icra edərkən həmkarlarınızdan fərqli üslubunuz nədədir?

– Bu günə kimi Azərbaycanda hipofiz adenomalarını ya etmirdilər ya da klassik üsulla beyni açaraq açıq əməliyyat edirdilər. Bu həm travmatikdir, adenoma tam çıxarıla bilmir, həm də estetik görünüşdə problem yaradırdı. Belə üsul artıq bütün dünyada arxa plana keçib. Bu əməliyyatı etdirənlər arasında xanımlar da olur deyə başda əməliyyat izlərinin qalması problem olurdu. Azərbaycanda ilk dəfə kəllə əsası şişləri kəsik aparmadan endoskopik yolla burundan icra etmişik, bunun qürurunu yaşayırıq. Texniki baxımdan da endoskopik əməliyyatın üstünlükləri var. Əməliyyat zamanı törəmə yaxından görünür və bütünlüklə xaric edilir. Təkrar-təkrar əməliyyata ehtiyyac qalmır. Son 3 ildə bu sahə üzrə professionallaşmışıq. Etdiyimiz əməliyyatların bir çoxu müəyyən mənada yenilik gətirib.

– Çox hallarda Türkiyədə və ya digər xarici ölkələrdə təhsil aldıqdan sonra orada qalıb işləyirənlər olur…

– Mən təhsil almaga getdiyim zamanda orada qalıb işləmək kimi planım olmayıb. Hər zaman ölkəmdə xidmət göstərmək fikrində olmuşam. Ailə bağları da güclü olduğundan xaricdə yaşamaq marağım olmayıb.

– Azərbaycanda ən çox hansı neyrocərrahi əməliyyatlar üçün müraciətlər olur?

– Azərbaycanda beyin cərrahiyyəsi deyiləndə onurğa xəstəlikləri nəzərdə tutulur. Müraciət edən insanların əksəriyyətinin ən cox verdiyi sual “onurğa yırtığı əməliyyatı edirsinizmi?” olur. Mən çox həvəsli deyiləm bu əməliyyatı etməyə. Daha çox beyin əməliyyatları və endoskopik əməliyyatlar üzrə ixtisaslaşmışam. Mənə müraciət edənlərin əksəriyyəti beyin şişlərindən əziyyət çəkən insanlardır. Hipofiz adenomaları üzrə çoxsaylı əməliyyatlarım xəstələrin də mənə müraciətlərinin sayını artırır. Ölkədə bu əməliyyatı icra edənlər arasında ən çox təcrübəyə sahibi olduğum üçün müraciət edənlərin də sayı çoxalır. Mənə etibar edildiyi üçün məmnunanm. Endoskopik cərrahiyyəni xüsusilə sevirəm.

– Müsahibədən öncə növbəti əməliyyatınızı etdiniz. Bilmək olar nə əməliyyatı idi?

– Kəllə əsası şiş əməliyyatı idi. Bu həftənin proqramına baxsaq, 4 hipofiz adenoması, 2 kəlləəsası şiş əməliyyatları var.

– Praktikanız boyunca ən çətin və riskli əməliyyatınız hansı olub?

– İxtisasımız elədir ki, əməliyyatlarımızın tamamı çox əhəmiyyətlidir. Hamısı xüsusi diqqət tələb edir.

– Pediatrik nevrologiya üzrə sizə daha çox hansı müraciətlər olur?

– Uşaqlar arasında daha çox arxa kəllə çuxurundakı törəmələr, kraniofarengiomalarla bağlı müraciətlər olur.

– Bu xəstəliklər irsən əmələ gəlir, yoxsa sonradan qazanılır?

– Beyin tümörlərinin (şiş) nədən əmələ gəldiyi hələ də tibbə qaranlıqdır. Əksər hallarda soruşurlar ki, travmalarla əlaqəsi varmı? Beyin tümörlərinin travmalarla əlaqəsi yoxdur. Amma travmaların epilepsiya ilə əlaqəsi çoxdur. Bəzən onlar da əməliyyata gətirib çıxarır.

– Son zamanlar şiş xəstəliklərinin sayı artıb. Sizcə səbəb nədir?

– Əslində istər onurğa, istərsə də beyin xəstəliklərinin sayı artmayıb. Bilinən əsas səbəb odur ki, əvvəllər diaqnostik metodlar yox idi. İndi diaqnostika o qədər inkişaf edib ki, belə xəstəliklər tez bir zamanda aşkarlanır. 10 il əvvəl xəstənin MRT çəkdirmək kimi imkanları yox idi. Əvvəllər də olub belə xəstəliklər. Sadəcə diaqnoz qoyulmadığından heç kim xəstəliyin nə olduğunu bilmirdi. Məsələn, bir adam gecə yatıb səhər ayılmırdı. Bilinmirdi ki, nədən rəhmətə gedib. Bəlkə də başında şiş var imiş?!

– Son vaxtlar xəstələr xarici ölkələrə, xüsusilə də İrana üz tuturlar. Bu yerli həkimlərə olan inamsızlığın nəticəsidir, yoxsa…

– Buradakına güvənməyib araşdırmadan, məlumat almadan gedib İrandakı həkimə əməliyyat olunmaq bizə haqsızlıqdır. İrana gedib müalicə olunanlar arasında üzağardıcı nəticələrlə gəlməyənləri də var. Gərəksiz inamsızlıq və məlumatsızlıq var. Səbəbi bunda görürəm. Azərbaycanda tibbin hər hansı sahəsində işinin peşəkarı olan çox sayda həkimlərimiz var.

– Beyin şişlərinin yaranmasında xarici faktorlar rol oynaya bilər?

– Təsdiqini tapmasa da ehtimal yüksəkdir. Məsələn, radioşüalanmalar şişlərin yaranmasında böyük rol oynayır. İstər-istəməz bunlar beyin törəmələrini artırır.

– İnsanlara nə məsləhət görərdiniz?

– Maksimum radioşüalanmadan kənarda qalsınlar.

– Bəzi insanlarda belə fikir var ki, beyində şiş varsa sonu ölümdür…

– Bu stereotiplər bu gun aradan qalxmaqdadır. Mən Bakıya işləməyə gələn vaxtlarda məsləhət görürdülərki, belə əməliyyatlara girməyim, riski üzərimə almayım. Mən deyilənlərin tam əksini etdim. Ən riskli beyin əməliyyatlarını üzərimə aldım. O vaxt tanımadıqları üçün mənə müraciət edənlərin əksəriyyəti heç kimsənin riski üzərinə alıb əməliyyat etmək istəmədikləri xəstələr idi. Bir xəstəm var idi. Mənim Türkiyədə oxuduğum universitetə də müraciət etmişdi. Çox riskli əməliyyat olmasına baxmayaraq uğurla icra etdik.

– Hipofiz adanoması əməliyyatından başqa hansı əməliyyatları edirsiniz?

– Epilepsiya əməliyyatları var ki, onları icra edirik. Azərbaycanda dörd mindən artıq bu xəstəlikdən əziyyət çəkən xəstələr var. Bu xəstələrin əksəriyyəti əməliyyat olunmalıdır. Bir də bizim xəstələr çox səbirsizdir. İllərdir müalicə onunub effektini görmürlər. Əməliyyata hazırlaşmaq üçün bir neçə ay vaxt lazım olur ki, buna səbrləri çatmır.

– Əcnəbi vətəndaşlardan sizə əməliyyat üçün müraciət edənləri olub?

– Bir neçə dəfə türk vətəndaşlarını, iraqlı xəstəni əməliyyat etmişəm. Əksər hallarda Rusiyada yaşayan azərbaycanlılar müraciət edirlər.

– Xaricdən iş təklifi alsanız işləməyə gedərsiniz?

– Çox güman ki, yox.

– Bir neçə gün öncə saxta uzmanlıq diplomu məsələsi gündəmə gəlmişdi. Bu barədə fikirlərinizi bölüşərdiniz.

– Çox təəssüf edirəm. Həkimin belə yollara əl atması düzgün deyil. Uzmanlıq təhsili almış həkimlər heç vaxt sinəsini qabardaraq “mən uzmanam” deyib gəzmirlər. Uzman kəlməsinin arxasında çöx böyük əməyimiz var. Biz ətraf mühitdən əlaqəmizi kəsərək aylarla imtahanlara hazırlaşmışıq. 6 il əziyyət çəkib bu adı almışıq. Bunu kiminsə gözünə girmək üçün etməmişik. Kimsə soruşanda demişik. Kurs keçib professional olan həkimlər də var. Saxtakarlıq bizim əməyimizə böyük hörmətsizlikdir, ədalətsizlikdir.

– Tələbələriniz var?

– İki nəfər rezident var. Bir şeylər öyrətməyə çalışırıq.

– MTN-in Hərbi Hospitalında neçə ildir çalışırsınız?

– Burda 1 ildən artıqdır çalışıram.

 

 

“Ən riskli beyin əməliyyatlarını üzərimə götürdüm” -   Uzman doktor Tural Rəhimli
“Ən riskli beyin əməliyyatlarını üzərimə götürdüm” -   Uzman doktor Tural Rəhimli

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …

Bir cavab yazın