Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Dünya / “Əvvəllər Anara ölüm arzulayırdım, indi ona ömür arzulayıram” – Seymur Baycan

“Əvvəllər Anara ölüm arzulayırdım, indi ona ömür arzulayıram” – Seymur Baycan

Yazıçıdan sensasiyalarla dolu müsahibə: “Barcelona”nın oyunçuları Cəmil Həsənli ilə Anarın paslaşmasına həsəd apara bilərlər” ; “Müxalifət liderləri öz qorxaqlıqlarını, prinsipsizliklərini bizə siyasət kimi yeridiblər”

Postmodernist yazar, publisist Seymur Baycan son günlər müxalifət cəbhəsinə “atdığı daş”larla gündəmdədir. Xüsusən də gəncləri Milli Şuranın 5 aprel mitinqinə qatılmamağa çağırışı onun bu məsələdə ürəyinin dolu olduğunu göstərdi. Biz də “yeri gəlib” deyə düşündük, həm müxalifət, həm yaradıcılıq, həm də yaxınlaşmaqda olan ad günündən danışdıq. Danışdıqlarının çox adamı qıcıqlandıracağını, hücuma səbəbə olacağını bilə-bilə… həm də… 

– Seymur, Milli Şuranın mitinqinə etdiyiniz son anti  – çağırışla yenə diqqət çəkdiz. Sanki illərin qıcığı-acığı vardı bu çağırışda. Niyə sizi tərpətdi bu mitinq? 

– Desəm ki, acıq yox idi, yalan söyləmiş olaram. Acıq var idi. Amma məsələ təkcə acıqda deyil. Prezident seçkisi öncəsi Yazıçılar Birliyindən çıxması ilə bağlı Cəmil müəllimə müraciətlər olundu, xahiş etdik. Elnur (Astanbəyli-red.) da yazı yazmışdı. Cəmil müəllim bu müraciətlərə bir qram da əhəmiyyət vermədi. Birlikdə qaldı. Üstəlik, böyük bir səylə Anar Rzayevi müdafiə etdi. Bu mövzuda dostlarla çox müzakirələr apardıq. Bəziləri bizim hərəkətimizi cığallıq adlandırır, bu müraciəti əhəmiyyətsiz hesab edirlər. Mənim özümsə monarxiyaya qarşı mübarizə aparan insanların başqa bir təşkilatda monarxiyani dəstəkləməsini, buna haqq qazandırmasını başa düşə bilmirəm. Nədir, buna nə ad qoyaq? İkiüzlülük, qorxaqlıq, yoxsa nəsilbazlıq?

Cəmil Həsənli tarixçidi. Divarlarına repressiya olunmuş və repressiya olunanlar haqqında danos yazmış adamların portretləri vurulmuş bir binada yerləşən təşkilata üzv olmaq onun üçün niyə bu qədər həyatı vacib məsələdir? Niyə Yazıçılar Birliyindən istefa vermir? Özü də elə-belə, sakitcə istefa verməli deyil. İstefasının səbəblərini də mətbuata açıqlamalıdır. Nə qədər ki, o Yazıçılar Birliyindən istefa verməyib, mən də hər mitinqdə gəncləri mitinqdə iştirak etməməyə çağıracam. Demirəm ki, mənim çağırışıma görə yüzlərlə adam mitinqə getməyəcək. Bu çağırışı həm də özüm üçün edirəm.

– Çoxları hesab edir ki, bu çağırışda Seymur Baycanın gənclərə olan ürək ağrısından daha çox Anara olan pataloji nifrəti rol oynadı. Razısız bu fikirlərlə? 

– Mənim Anara nifrətim var və bu nifrəti gizlətmirəm. Çünki onun necə bir adam olduğunu bilirəm. O insanların hissləri ilə oynamağı bacaran mahir bir “kanyukturşik”dir. İstedadsız, şişirdilmiş bir adamdır. Son vaxtlar yazdıqları ilə illərlə dediklərimizi  sübut etdi. Onun son vaxtlar yazdıqlarının altına heç 6-cı sinif şagirdi də utandığından öz imzasını qoymazdı. Anar son vaxtlar öz istedadsızlıqlarını sübut etmək üçün, sağ olsun, böyük səylər göstərir. Sadəcə adamlar buna inanmaq istəmirlər. Ya illərdir aldadıldıqlarını həzm etmək onlar üçün çətindi, ya da üzə düşüblər. Əvvəllər Anara ölüm arzulayırdım. İndi ona ömür arzulayıram. Qoy Allah ona uzun ömür versin və bu adam özünü biabır etdikcə etsin. Anar yaxşı bilir ki, kreslosunu itirsə hər şeyini itirəcək.

Ona görə bütün təhqirlərə dözüb orda oturur. Çünki bilir ki, kreslo olmasa onun və ya atası Rəsul Rzanın mənasız əsərləri haqqında tərifnamələr yazılmayacaq. Prezident təqaüdü, ev mükafatı almaq istəyənlər ona yaltaqlanmayacaq. Bütün bunlar aydındır. Ağlı başında olan adam bunu görməli, bilməlidir. Mitinq antiçağırışının ortaya çıxmasında isə Anara nifrətimdən daha çox Anarı özünə dost hesab edən Cəmil Həsənliyə qarşı bir etiraz vardı. Çünki ikiüzlülük edir. Dövlət büdcəsindən maliyyələşən bir təşkilatda oturmuş, dövlət büdcəsini öz şəxsi malikanəsi kimi idarə edən bir monarxisti “dostum” adlandırır, bu biri tərəfdən isə “Talana yox” şüarı altında keçirilən bir mitinqdə iştirakla bağlı çağırışlar edir. Bunlar başqalarına əhəmiyyətsiz kimi görünə bilər. Amma mənimçün əhəmiyyətsiz söhbət deyil. “Bu qadındı”, “bu ağsaqqaldı”, “seçki ilidi, həssas dövrlərdi” deyib illərdir bu adamların qorxaqlığına, prinsipsizliyinə göz yummuşuq, nəticəsi də göz qarşısındadır.

“Adamlar düşünürlər ki, usta Novruzun oğlu yazıçı ola bilməz” 

– Çox qəzəbli və qəddar danışırsız… 

– Vəziyyət belədir də. Elçibəy prezident kürsüsünü qoyub ən yaxın adamlarına bir söz demədən qaçıb Kələkiyə getdi, oturdu orda Qayıdanda bir nəfər də soruşmadı ki, hara getmişdin, niyə getmişdin. Milli Hərəkatın da lideri kəndinə qaçarmı? Niyə bir düz-əməlli suallara cavab vermədi? Elə deyirdi ki, hər şeyin zamana ehtiyacı var. İllərlə onun bu hərəkətinə haqq qazandırmışıq. Biri elə mən özüm. Mübahisələr etmişəm əbəs yerə. İsa Qəmbər 2003-cü ildə oturdu evdə, çölə çıxmadı. Bir dəfə də niyə bayıra çıxmadıqlarına əsaslı aydınlıq gətirməyib. Deyəndə də olursan pis adam. Niyə bu adamlar bu qədər rahatdırlar? Çünki sual verən olmayıb. Heç kim onların yaxasından yapışıb konkret sual verməyib. Onlar da bizimlə ürəkləri istədiyi kimi rəftar ediblər. Öz qorxaqlıqlarını, prinsipsizliklərini bizə siyasət kimi yeridiblər. Nə gündədir Müsavat Partiyası? Bir zamanlar ölkənin ziyalı partiyası adlandırılan, tərkibində on minlərlə həkimin, müəllimin olduğu Müsavat Partiyasının gününə, dirliyinə baxın…

– Sizcə, oxucunu yormadımı bu Anarla bağlı nifrət püskürmələriniz? Hətta adama elə gəlir ki, heç Anar özü haqda bu qədər düşünmür, nəinki siz onun haqda…

– Çox qəribədir, bir insanın 24 il rəhbər vəzifədə oturub oranı öz şəxsi mülkü kimi idarə etməsi adamları yormur. Amma mənim onun haqqında yazmağım və danışmağım adamları yorur. Bəyəm o, öz əməllərindən yorulur ki, mən də yazmaqdan və danışmaqdan yorulum? Mənim prinsipiallığım adamlarda “niyə yorulmursan” sualı doğurur. Yayda bir jurnalist zəng etdi. Həbslərlə bağlı münasibət öyrənmək istədi. Dedim, mən niyə münasibət bildirməliyəm? Gedin Cəmil Həsənlinin dostu Anardan münasibət öyrənin. Görüm öyrənə biləcəksən, yoxsa yox. Əjdahanın ağzına adam atmaq lazım olanda mən yada düşürəm. Amma yazıçıdan söhbət gedəndə Anar olur yazıçı, mən oluram seksdən, məişət mövzularından yazan adam. Cümlə qura bilməyən bir yazar, redaktor vardı. Məndən yazı istədi. Bir həftə əvvəl yazı yazmışdı, “altmışıncıları” böyük şövqlə tərifləmiş, bizi isə cümlə yaza bilməməkdə ittiham etmişdi. Dedim, məndən yazı niyə istəyirsən, get Anardan istə. Dedi, Anarın yazısını oxuyan yoxdu. Bəs o zaman bir həftə əvvəl yazdığın nə idi? Bəy dediyin nədir, bəyənmədiyin nə. Cümlə qura bilmirəmsə, məndən niyə yazı istəyirsən?

“Əli Həsənov gözünü ağardan kimi gedib, YAP-da, Ramil Səfərovun baltası ətrafında birləşirlər” 

Bütün bu proseslərin adı bilirsən nədi? Köləlik. Adamlar düşünürlər ki, usta Novruzun oğlu yazıçı ola bilməz, olmamalıdır. Yazıçı ataları 37-ci ilin qanına bulaşmış danosbazların övladları olmaldır. Tofiq Yaqublu da belə düşünür. Həbsə düşməmişdən əvvəl mübahisəmiz olmuşdu. Nə olsun həbsdə oturub? Bu, heç nəyi dəyişmir. Onların təfəkküründə problem var. Tofiq Yaqublu kimiləri həbsdə olsa nə olacaq, azadlıqda olsa nə? Eyni şeydi. Toplananların yeri dəyişəndə cəm dəyişmir. Müxalifət düşərgəsində təfəkkürü Zahid Orucun təfəkküründən fərqli on adamın adını sadalayın, mən söhbəti bitirim. Yoxdu. Elə isə o zaman xalqın balalarını qırğına vermək, tutulmaq, həbs olunmaq, təzyiqlərə, təqiblərə məruz qalmaq nəyə lazımdı? Hakimiyyətin intellektual lakeylərinə öz pərəstişini heyranlıqla bildirən adamların hakimiyyəti söyməsi bir qram da əhəmiyyətli deyil. Hakimiyyətin dayağı olan sovetdən qalma birliklərə qarşı öz fikrini açıq bildirməyən adamların mübarizəsi gülməlidir. Ümumiyyətlə, bütün müşahidələr göstərir ki, Azərbaycanda inqilabi təfəkkürlü siyasətçi yoxdur. Hər şeydən qorxurlar. Əli Həsənov gözünü ağardan kimi gedib, YAP-ın qərargahında, Ramil Səfərovun baltası ətrafında birləşirlər. Adını da qoydular ki, bizi şantaj etdilər. Onlar öz qorxaqlıqlarını siyasət kimi qələmə verirlər. Ümumiyyətlə, İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseyn, Cəmil Həsənli, Arif Hacılı kimi siyasətçilər nə qədər siyasi səhnədən tez getsələr, bir o qədər yaxşı olar.

“Ailə-uşaq kişiləri nə qədər sındırır, aciz vəziyyətə salır…” 

– Bu qədər oxuyursuz, Azərbaycanı gəzirsiz, yeni-yeni insanlar tanıyırsız, məqalələr yazırsız… Niyə Anar mərhələsini geridə qoya bilmirsiz özünüzçün? Niyə 10 ildən çoxdur ki, bu adam sizin içinizdəki anti-qəhrəman olmaqda davam edir? Özünüzə “unut getsin” deyə bilmirsiz?

– Tolstoyun bir yaxşı bənzətməsi var. Deyir ki, çox qəribədir: oğurlanan pulun miqdarı artıq olduqca oğruya da heyranlıq artır. 

Məsələn, toyuq oğrusu, yumurta oğrusu, at oğrusu bu adı ömür boyu üstündən ata bilmir. Nə etsə də, hamının yadında toyuq oğrusu kimi qalır. Amma bank oğrusuna, milyonları oğurlayana heyranlıq  edirlər. Ondan kitablar yazır, müsahibələr alırlar. Məşhur bir sözü yada salaq. Bir nəfərin ölümü faciədir, milyonların ölümü statistika. Yalan da belədir. Miqyası geniş olduqca inananlar daha çox olur. Heç kim inanmaq istəmir ki, bu qədər tanınmış bir adam istedadsiz, mənasız, boz bir adam ola bilər. Bir müddət əvvəl Vaqif Səmədoğlu haqqında yazdığım cümlələrə görə növbəti dəfə kütləvi hücuma məruz qaldım. Niyə? Çünki adamlar Vaqif Səmədoğlunun istedadsız bir adam olduğuna inanmaq istəmirlər. Ömründə bir dəfə bir adama ayaqqabı almayan adam “qəbrim üstə ayaqqabı qoyub gedərsiz” -zad misraları yazmışdı. Bir qız da aparıb onun qəbrinin üstünə “keta” qoymuşdu. Ömür boyu ölümdən yazan adam ölümün qarşısında tir-tir əsirdi.

Başqalarını aldada bilər, mənim günahım aldanmamağımdadır. Bunu adamlar bağışlamırlar. Niyə onun hoqqalarına aldanmalıyam? Ona görə ki, Səməd Vurğunun oğludur. Ona görə ki, onu bütün ölkə tanıyır. Tirajlar və titullar bizim gözümüzü örtüb. İqtidarlı-müxalifətli hamının. Tofiq Yaqublunu da gözü tutulub, Cəmil Həsənlinin də. Sadəcə Tofiq Yaqublu Cəmil Həsənlidən daha səmimidir. Boş, şişirdilmiş adamlar bir-birilərini dəstəkləyirlər. Hansı cəbhədə olmalarından asılı olmayaraq. Çünki biri durub o birisinin həqiqi qiymətini versə, o birisi də durub bunun həqiqi qiymətini verəcək. Beləcə aləm qarışacaq bir-birinə. Kurs düşəcək, bazar öləcək. Ona görə də hansı cəbhədə olmalarından asılı olmayaraq Anar Rzayev və Cəmil Həsənli kimi boş adamlar bir-birilərini dəstəkləyirlər. Onların öz oyunları var. Ədalət naminə də qeyd etmək lazımdır ki, çox gözəl paslaşırlar. “Barcelona”nın oyunçuları bu paslaşmaya həsəd apara bilərlər.

– Sizin mitinqə anti-çağırışınızı eşidəndə Müsavatın eks başqanı İsa Qəmbərin bir neçə il öncə apreldə keçirilən mitinqlərdən birindəki çıxışınızda sizin ad gününüzü təbrik etməsi yadıma düşdü. Siz hər zaman müxalif cəbhənin hörmətlə yanaşdığı, yazılarından sitat gətirdiyi, kitablarını oxuduğu imza sahiblərindən olmusuz. 

– Həmin mitinqdə iştirak etməmişəm. İştirak etsəydim, çox utanardım. Günel (G.Mövludu nəzərdə tutur -S.T.) həmişə deyir ki, adamlara “Seymur çox utancaq adamdır” deyəndə inanmırlar. Həqiqətən də yazımı yanımda oxuyanda çox utanıram. Metroda görəndə ki, kimsə kitabımı oxuyur, özümü pis hiss edirəm, vaqonu dəyişirəm, dönüb başqa qatara minirəm. İsa Qəmbər təfəkkürcə “altmışıncılar” nəslinə mənsub bir siyasətçidir. Onun ad günümü təbrik etməsi ya təbrik etməməsi heç nəyi dəyişmir. Heç vaxt müxalifət cəbhəsinin hörmətlə yanaşdığı, sitat gətirdiyi, kitablarını oxuduğu imza sahibi olmamışam. Ayrı-ayrı adamlar oxuyublar. Ümumilikdə münasibət soyuq olub. İnamsız yanaşıblar. Bu da təbiidir. Yazdıqlarım onların ürəyincə ola bilməz. Ayrı-ayrı təfəkkürlərə sahib adamlarıq. Onlar ənənəvi adamlardı. Onların dəyər hesab etdiklərini dəyər hesab etmirəm. Elə bir böyük ürək sahibi də deyirlər ki, bunu həzm edə bilsinlər. Mən nə qazanmışamsa, özüm qazanmışam. Zəhmətlə, əzabla, səbrlə, çalışaraq, işləyərək. Bir çox adamlar düşünürdülər ki, müxalif cəbhəyə mənsub olduğum üçün yazılarım oxunur. Onlar düşünürdülər ki, əgər müxalif düşərgəyə mənsub olmasaydım, yazılarım oxunmazdı. Elə deyil. Yazılarım ona görə oxunur ki, yaxşı yazıram. Vəhşicəsinə öz üzərimdə işləyirəm. Zəhlələri getsə də, xoşları gəlməsə də, oxuyurlar. Söhbət müxalif düşərgədən getmir. Ümumilikdə danışıram. Oxumasalar da, bunu özüm üçün faciə hesab etmirəm. Öz gücümə, bazama inanıram. Heç kimin nifrətini özümə dərd etmirəm. Heç kimin xüsusi heyranlığına da tələbatım da yoxdu. Nə yazdığımı, hansı səviyyədə bir yazar olduğumu yaxşı bilirəm. Nə qədər davam edəcək, axırı necə qurtaracaq, bunu zaman göstərəcək.

– Siz həm də Müsavat başqanının müşaviri olmusuz. Müşavirkən İsa Qəmbər, eləcə də müxalifət nümayəndələrinə “kitab şkaflarında Anarın kitabını saxladıqlarına”, ona hörmət etdiklərinə görə iradınızı deyirdiz, bu barədə müzakirələr, fikir mübadiləsi aparırdız? 

– Şəxsi söhbətləri burda açmaq istəmirəm. Onsuz da elə böyük müzakirələr getməyib. Ümumiyyətlə, indiyə qədər kim İsa Qəmbərlər nəsə bir düz-əməlli söhbət edib ki, mən də edə bilim? Kim ona nəsə izah edə bilib ki, mən də izah edə bilim? O, özünü hamıdan ağıllı hesab edir. Bu da nəticəsi. Ölkənin ən böyük partiyası indi yaman gündədir. İsa Qəmbər indi “Böyük dayaq” əsərindəki Rüstəm kişiyə bənzəyir. Heç kimlə hesablaşmaq istəmir. Əli Kərimli də ondan beş betər. Cəbhədə şəxsiyyətə pərəstiş hökm sürür. Əli bəy bununla ikinci dəfədir ki, müsahibəsində xalqın laqeydliyindən şikayətlənir. Mənim bir yazım alınmayanda oturub on dəfə təkrar-təkrar oxuyuram ki, görüm harda səhv buraxmışam, harda fikrimi ifadə edə bilməmişəm? Bunlar 20 ildi məğlub olurlar, 20 ildi camaatı dolayırlar. Bir dəfə 15 nəfəri başlarına yığıb, səmimi açıq müzakirə aparmayıblar. Haqlarında bir söz yazan kimi olurlar sənlə düşmən. Gərək qeyri-şərtsiz bunlara pərəstiş edəsən. Gündə on dəfə tərif deyəsən. Deyəsən ki, Əli bəy, İsa bəy, siz dahi siyasətçilərsiz. Yaxşı, mən hazır. Gündə on dəfə duraq deyək ki, Əli bəy, İsa bəy, siz dahi şəxsiyyətlərsiniz. Bununla bəyəm vəziyyət dəyişəcək? Yox, dəyişməyəcək. Daha da pisləşəcək. Əvvəla, bunlar 20 illik məğlubiyyətlərinə görə səmimi surətdə xalqdan üzr istəməlidirlər. Ondan sonra səmimi olaraq davranışlarında islahatlar aparmalıdırlar. Lap axırda da təyyarəyə oturub, Kələkiyə getməlidilər…

– Bu yaxınlarda sosial şəbəkələrdə bir plagiat iddiası ilə gündəmə gəldiz. Bu barədə danışaqmı? Nəydi bu iddianın kökü? Əksini sübut edə bildizmi? 

– Cavab verməyə ehtiyac görmədim. Biri tez-tələsik, sevincək istifadə etdiyim mətni yığıb yerləşdirmişdi sayta. Camaata sübut etmək istəyirdi plagiat etdiyimi. Özlərini ağıllı hesab edirlər. Sonda biabır oldular. Sağ olsun yazar dostlarım, əvəzimdən cavab verdilər onlara. Dedilər özünüzü biabır etməyin, bildiyiniz şeydən danışın. Azərbaycan ədəbiyyat dərslikləri biabırçı gündədir. Oxucularımız çox ənənəvidir, savadsızdılar. Yazdıqlarım onlar üçün çox yenidir. “Ana ürəyi”ni, “18.6 sm”i başa düşmək üçün gərək xeyli vaxt keçsin. Bəxtiyar Vahabzadənin şeirləri ilə böyümüş adamlar hardan başa düşsün “18.6 sm” nədi, “Ana ürəyi”ndə nə demək istəmişəm? Hə, yaxşı yadıma düşdü. “Tikdirənlər və sökdürənlər” hekayəsini elə-belə yazmışdım. Sənin bir reportajını  (Bakirəliyin bərpası ilə bağlı “Qız qızıla dönüb” başlıqlı reportaj-araşdırmanı nəzərdə tutur-S.T.) oxudum klinikadan. O hekayəni yazmaq ideyası yarandı. Çünki gördüm ki, o reportaj müzakirələrə səbəb oldu. Dedim aktual mövzudu, bu mövzuda bir hekayə yazsam pis olmaz. Doğrusu, bu dərəcədə səs-küy qoparacağını gözləmirdim. Hekayə 75 mindən artıq oxundu.

Bir çox insanlar incidi. Bəziləri dedilər ki, ürəyim bulandı bu hekayəni oxuyanda. Bəziləri dedi, səndən gözləmirdim. Başım çıxmır edəndə ürəkləri bulanmır, amma bu haqda oxuyanda ürəkləri bulanır. Adamlar yalan danışmağı, nağıl uydurmağı tələb edirlər. Bir balaca real mövzuya toxunan kimi əsəbləşirlər. Bu yaxınlarda gürcü yazıçısı Mixail Cavaxtişvilinin kitabına yazılmış ön sözdə bir abzas çox xoşuma gəldi. Çox istərdim həmin sözlər müsahibədə tirajlansın. Sözün müəllifi Quram Qverdcitelidir. O yazır: “Ədəbiyyatın ilkin məqsəd və öhdəliklərindən biri də təkcə cəmiyyətin hansısa hissə və ya təbəqəsinin bədii təsviri deyil, bəzən hətta millətin tarixən formalaşmış şübhəli və mənfi tərəflərini yazmaqdır. Çünki heç bir xalq öz kəm-kəsirini görmədən inkişaf edə bilməz. Millət nə qədər güclüdürsə, yazıçının şişirdilmiş tənqidini bir o qədər sakit və təmkinlə qəbul edir, əksinə, bir millət nə qədər zəif və özündən bədgümandırsa, yazıçının sadə həqiqətini bir o qədər ağrılı və əsəbi qarşılayır”.

“Növbəti aylarda birdəfəlik rayona köçə bilərəm” 

–   Bir neçə gün sonra ad gününüz də olur. Yaş üstünə yaş gələndə depressiyaya girənlər kateqoriyasındasız? 

– Əlbəttə, ağır gündü. Həmin günü çox ağır keçirirəm. Əvvəla ona görə ki, təbrik edənlər olur. “Çox sağ olun”, “təşəkkür edirəm” deməyə məcbur oluram. Bu da adamı yorur. Sənə elə gəlir ki, nəsə etməlisən, nə edəcəyini bilmirsən. Günü keçirəndən sonra nisbətən rahatlaşırsan. Pasportda doğum tarixi 1976-cı il yazılıb. Amma öz yaşını müəyyən etmək mənim üçün çətindir. Bilmirəm neçə yaşım var. Ümumi bir xətt qalsa da, bu vaxta qədər həyatımın hər dövründə başqa-başqa adam olmuşam. Uşaqlıqda bir cür, yeniyetməlikdə başqa cür, gəncliyimdə tamam başqa cür. Bu başqa-başqa adamları birləşdirməklə məşğulam. Ona görə daha çox səssiz xatırlayıram. Əlbəttə insanın nəyi və necə xatırlaması bu gün tutduğu mövqedən çox asılıdır. Çalışıram bu gün dayandığım mövqedən deyil, o vaxt necə olubsa, necə olmuşamsa, elə də xatırlayım. İndi hər şey əhəmiyyətsiz və mənasız görünür. Ancaq yazmaqla bir az başımı qatıram. Başımda beş-altı hekayənin süjeti var. Onları da yazandan sonra heç bilmirəm nə edəcəm.

 – O gün bir yazınızı oxudum. Sizə tez-tez “niyə evlənmirsən” sualı verənlərlə bağlı. Azərbaycan ailə institutuna dərin nifrətiniz hər sətirdən yağırdı az qala. Çox haqlı məqamlarla yanaşı, ədalətsiz detallar da vardı. Nədir sizi ailədən bu qədər soyudan? 

– Həmişə belə olur. Əlüstü yazdığım yazılar daha çox oxunur, daha çox müzakirəyə səbəb olur. Çətinliklə yazdığım yazılar çox az adamın diqqətini cəlb edir. Ailə institutuna qarşı elə bir düşmənçiliyim yoxdu. Sadəcə problemlər içində yaşayan adam arvad-uşağından, ailəsindən danışanda “üzr istəyirəm” sözünü işlədənlərin israrla ailənin vacibliyi, aliliyi, müqəddəsliyi haqqında danışması adamı qıcıqlandırır, hamısı bekarçılıqdandır.

– Bir zamanlar sizinlə eyni cərgədə addımlayanların çoxu ölkədə yoxdur, bəziləri öz aləminə çəkilib, bir qismi tamam başqa yoldan yürüyür… Çevrənizin seyrəlməsi sizi narahat edirmi?

– Bəzən adamları diriykən itirmək onların ölümündən daha ağrılı olur. Kitablardan oxuduqlarımız, filmlərdə baxdıqlarımız başımıza gəldi. Tək qalmaq doğurdan da çətindi. Qohumluq, qonşuluq əlaqələrini nəzərdə tutmuram. Onlardan özüm qaçıram. Zəng edirlər… “Hardasan, niyə yoxa çıxmısan, niyə gəlmirsən” , – soruşurlar. Deyirəm, işim çoxdur, vaxtım olmur. Heç kimlə görüşmürəm. Görüşsəm, bütün enerjimi sümürərlər. Danışırlar, məsləhət verirlər, onların danışıqları mənim üçün maraqsızdı. Mənim danışdıqlarımı onlar başa düşmürlər. Uşaqları təhsilsiz, qalıblar Allahın umuduna. Özləri boğaza qədər problemlərin içində. Sən də heç nəyi dəyişə bilməzsən.

Bütün bunları görməmək üçün ən yaxşısı birdəfəlik əlaqələrin üstündən xətt çəkməkdi. Ümumiyyətlə, insan öz yolunda irəli getmək istəyirsə, nəyinsə üstündən çətin olsa da, xətt çəkməlidir. Ailənin, millətin, dinin, var-dövlətin adamına və zamanına, məkanına görə üstündən xətt çəkiləsi anlayışlar dəyişə bilər. Mənim bu qədər sərbəst olmağımın ən başlıca səbəblərindən biri ailəsiz olmağımdır. Doğurdan da müşahidə edirəm, ailə-uşaq kişiləri nə qədər sındırır, aciz vəziyyətə salır, yaltaqlanmağa, rüşvət almağa, alçalmağa məcbur edir. Əlbəttə yenə də bütün bunlar onlara haqq qazandıra bilməz. Sadəcə yenə də ailə sahibi olmaq çox ağır məsuliyyətdir. Ruhən qohumları itirmək bioloji qohumlardan imtina etməkdən daha ağrılı prosesdir. Bəli, neçə adam xaricə getdi. Heç nə canlı ünsiyyətin yerini vermir. Onlara da çox çətindi. Qürbətdə yaşamaq çox ağırdır. İnsan nə qədər güclü və iradəli olmalıdır ki, qürbət adlı imtahandan keçə bilsin. Tez-tez deyirlər, sən niyə getmirsən? Bu imtahandan üzüağ çıxacağıma özümü hazır görmürəm. Buna gücüm çatmaz. Bəzən içmək istəyirsən, içməyə adam tapmırsan. Təzə bir şey yazırsan, oxuyub fikir öyrənmək istəyirsən, baxırsan adam yoxdu. Hamımıza çətindi, Allah baiskarın evini yıxsın.

– Bu arada sizin də imicinizdə ciddi dəyişiklik var. Gah deyirlər, Seymur tərki-dünya olub, gah deyirlər, özünü Dostoyevskiyə oxşadır…

– Bu sualda Zaminin (Z.Hacını nəzərdə tutur-S.T.) izləri görünür. İmicdə dəyişiklik həmişə olub. Qaldı ki, tərki-dünyalığa, doğurdan da xeyli özümə qapanmışam. Az adamla görüşürəm, Bakıda az oluram. Təbiət daha çox çəkir. Təbiətdən doymuram. Həyatımda heç vaxt təbiəti bu qədər hiss etməmişəm. Dağlar, daşlar, torpaq, ağaclar, heyvanlar düşündürür, hisslərimi qıcıqlandırır. Ola bilsin ki, növbəti aylarda birdəfəlik rayona köçdüm. Yollarını axtarıram.

Sevinc TELMANQIZI 

Həmçinin oxuyun

Avropa Komissiyası İrana qarşı sanksiyaları genişləndirə bilər

Avropa İttifaqının rəhbərliyi aprelin 14-nə keçən gecə İsrailə hücuma görə İrana qarşı sanksiyaların genişləndirilməsi məsələsinə …

Bir cavab yazın