Ana səhifə / Dünya / Rəsmi Bakının “qara siyahı”ya saldığı konqresmen ABŞ prezidenti olmaq istəyir

Rəsmi Bakının “qara siyahı”ya saldığı konqresmen ABŞ prezidenti olmaq istəyir

2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampa rəqib olacaq şəxslərdən daha ikisinin adı bəlli olub.

Yerli KİV-lər bildirir ki, prezidentliyə namizədlərdən biri ABŞ-ın sabiq şəhərsalma naziri Culian Kastro, digəri isə İraq müharibəsinin iştirakçısı, Nümayəndələr Palatasının üzvü xanım Tulsi Qabbarddır.

Bundan əvvəl ABŞ-ın Demokratlar Partiyasının üzvü Elizabet Uorren də prezidentliyə namizəd olduğunu elan edib.

Meksikalı qaçqınının nəvəsi olan 44 yaşlı Kastronun seçiklərdə tək latın namizəd olacağı gözlənilir.

37 yaşlı Tulsi Qabbard isə 2012-ci ildə Nümayəndələr Palatasına seçilən ilk hindu üzvdür.

Qeyd edək ki, Tulsi Qabbard “ermənilərin soyqırımı”nın tanınmasını dəstəkləyir. Yeri gəlmişkən, o, 2017-ci ildə Ermənistana və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə səfər etmiş Konqres üzvlərinin nümayəndə heyətinin tərkibində olub.

Onu da qeyd edək ki, həmin ilin avqustunda Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) onun və daha iki konqresmenin adını özünün “qara siyahı”sına salmışdı.

XİN-in bununla bağlı o vaxt yaydığı açıqlamada deyilirdi ki, bu qanunsuz səfərlə ABŞ Konqresi Nümayəndələr Palatasının üzvləri beynəlxalq hüququn norma və prinsiplərini, Helsinki Yekun Aktını pozaraq Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına, işğal olunmuş ərazilərdə bir milyondan artıq mülki Azərbaycan əhalisinin qanlı etnik təmizlənməsinə, aqressiv separatizmə bəraət qazandırır və dəstək vermiş olurlar: “Təəssüflər olsun ki, bu kimi qanunsuz və qərəzli davranışla onlar Azərbaycan ictimai fikrində və beynəlxalq səviyyədə ABŞ Konqresinin nüfuzuna ləkə vururlar. Onların Ermənistan və erməni lobbisi ilə əlbir bu hərəkətləri təxribatdır, regionda davamlı sülhün təmin edilməsi və münaqişənin həlli istiqamətində ABŞ-ın da daxil olduğu ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərinin pozulmasına xidmət edir”.

Vurğulanırdı ki, bu şəxslər ABŞ-da fəaliyyət göstərən erməni lobbi dairələri, xüsusilə radikal, irqçi təşkilat olan Amerika Erməni Milli Komitəsinin maliyyə təsiri altında olduqlarını dəfələrlə öz əməlləri ilə sübut ediblər: “Bu səfərin hansı maliyyə şərtləri altında həyata keçirilməsi ABŞ Konqresinin müvafiq etik komitələri tərəfindən araşdırılmalıdır. Həmçinin, mənəvi-əxlaqi dəyərləri, milli və beynəlxalq səviyyədə qanunun aliliyini rəhbər tutan ABŞ Konqresi Nümayəndələr Palatasının digər üzvlərinə, bu şəxslərin seçildiyi ərazilərin seçicilərinə də müraciət edərək David Valadao, Frank Pallone və Tulsi Qabbardın əməllərinə düzgün qiymət verməyə və qınamağa çağırırıq”. Virtualaz.org

Həmçinin oxuyun

Sudanda prezident sarayı yanıb – VİDEO

Sudanın paytaxtı Hartum şəhərində yerləşən prezident sarayında güclü yanğın olub. Bu barədə TASS agentliyi məlumat …