Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Əlibaba Məmmədov: “Ağaxanın ölümü məni çox ağrıtdı…”

Əlibaba Məmmədov: “Ağaxanın ölümü məni çox ağrıtdı…”

Xalq artisti Əlibaba Məmmədov Milli.az saytına müsahibə verib. Müsahibəni sizlərə olduğu kimi təqdim edirik:
Xeyli vaxtdır ki, səhhətində problemlər yaşayır. Ev şəraitində müalicə olunan ustad sənətkarımıza bir neçə dəfə müraciət etsək də də, jurnalistlərlə söhbətləşmək əhval-ruhiyyəsində olmadığını deyib. Amma bu dəfə özünün təbirincə desək, saqqızını oğurlaya bildik.
Amma qabaqcadan mənimlə bir şərti də oldu: “Bax nə demişəm, onu yaz ha, qondarma sözlər əlavə eləmə. Mən yalnız danışdıqlarımın arxasında dayanıram”.
Ustad xanəndə, xalq artisti Əlibaba Məmmədova “kişi sözü” verib söhbətə körpü saldıq.
– Necəsiz ustad?
– Necə olacam, Ağaxanın ölümü məni çox ağrıtdı. Böyük sənətkar idi, bu sənət üçün çox işlər görmüşdü, amma əlimizdən vaxtsız getdi. Tez-tez zəngləşirdik, hal-əhval tuturduq. Son vaxtlar xəstəliyə görə nitqində problemlər yaranmışdı, danışmağa çətinlik çəkirdi.
– Kimdən eşitdiz xəbəri?
– Televizordan eşitdim, çox ağır xəbər oldu.
– Çoxmu dostlar itirmisiniz?
– Əslində, mən dostlarımı çoxdan itirmişəm, indi yaşlı nəsildən cəmi iki nəfər qalmışıq – tarzən Firudin Ələkbərov, bir də mən. Firudinin 92 yaşı var.
– Həyatınız boyu ən sadiq dostlarınız kimlər olub?
– Mən bu suala birmənalı şəkildə belə cavab verəcəm – xalq. Mən sənətimi çox sevmişəm və bu gün də sevirəm. Xalqım də hər zaman sənətimə dəyər verib, mənə hörmət edib. 88 yaşım var, günü bu gün də küçəyə çıxanda hamı ayaq saxlayır, mənimlə görüşür, hal-əhval tutur. Məni bu yerə çatdıran, bu hörmət-izzəti qazandıran da xalqım olub.
– Məsələn, bir probleminiz olanda, bütün qapılar üzünüzə açıq olub, eləmi?
– Mən heç vaxt qapı döyməmişəm. Nə eləmişəmsə, xalqımın sayəsində bu sənətlə eləmişəm.
– Sayılıb-seçilən sənətkarsınız. Övladlarınıza lüks həyat bəxş edə bilmisinizmi?
– Yox, övladlarım lüks həyat yaşamayıblar. Mən dövlətli olmamışam, amma dolanışığımız pis olmayıb.
– Bir çox sənətkarlar var ki, övladları vəzifə başındadadır…
– Yox, mənimkilər vəzifə başında deyil. Böyük qızım həkimdir, biri filoloq, biri də bioloqdur. Oğlum isə ticarətlə məşğul olur. Artıq onlar da təqaüdə çıxıb, nənə, babadır.
– Əlibaba müəllim, xanəndə kimi ömür yolunuz bəllidir, xoşbəxt sənətkarsınız. Çünki xalqın sevimlisi olmaq hər sənətkara da nəsib olmur. Maraqlıdır, siz özünüz necə hesab edirsiniz: Ata, baba, ailə başçısı kimi Əlibaba Məmmədov daha çox özünü xoşbəxt hiss edib, yoxsa xanəndə kimi?
– Mən sənətimlə özümü daha xoşbəxt hiss eləmişəm.
– Rəhmətlik Habil Əliyev həmişə deyirdi ki, anamın şəklini masamın üstünə qoymuşam, hər gün onunla söhbətləşirəm. Sizin xiffətini çəkdiyiniz elə bir adam varmı, hansı ki, indi həyatda yoxdur?
– Ana anadır, bacı bacı, qardaş da qardaş. Amma mən xalqımla nəfəs almışam, indi də xalqımla nəfəs alıram. Xalqım həmişə məni müdafiə edib, məni Əlibaba Məmmədov kimi sevib. Cabbar əmidən sonra yeganə xanəndəyəm ki, həm də musiqilər bəstələmişəm. O musiqilərin çoxu vətən haqqındadır. Bunun da kökündə xalqıma, vətənimə sevgi dayanır.
– Sizcə, bu qədər xalq sevgisini qazanmağınızın səbəbi nədir?
– Xanəndə gərək xalqla rəftar etməyi bacarsın, özünü təkəbbürlü aparmasın. Mən heç vaxt xalqıma xəyanət eləməmişəm. Xalqım mənə əl çala-çala bu yerə gəlib çıxmışam.
Mən gözəllik aşiqiyəm əzəldən.
Gözəllər salmasın məni nəzərdən.
Muğam ibarətdir şeir, qəzəldən,
Qəzəliyyata, muğamata borcluyam,
Bəşəriyyətə, kainata borcduyam.
– Dövlət tərəfindən bu qədər mükafatlarla təltif olunmusunuz. Xalqın sizə sevgisi hüdudsuzdur. Maraqlıdır, bəs Allahdan ən böyük mükafatı nə zaman almısınız?
– Dünyaya gələndə Allah məni səsimlə mükafatlandırıb. Bundan böyük mükafat nə ola bilər ki?
– Nə vaxtsa səsinizi itirməkdən qorxmusunuz?
– Allahın mənə verdiklərini itirməkdən heç vaxt qorxmamışam. Çünki bilmişəm ki, Allah verdiyini yalnız Allah özü ala bilər. Səsdir, müəyyən vaxt yorula bilər, onda da dincələrsən, sonra yenidən oxuyarsan. Məndə də belə olub.
– Səhhətinizlə bağlı bilirik ki, oxumağa fasilə vermisiz. Hərdən qavalınıza baxıb oxumağın həsrətini çəkirsinizmi?
– Heç nəyin həsrətini çəkmirəm. Düz 65 il fasiləsiz bu xalqıma xidmət eləmişəm. Günü bu gün də hasayla da olsa, konservatoriyaya gedib tələbələrimə dərs deyirəm. Sağ olsun tələbələrim qolumdan tutub aparırlar.
– Hər bir xanəndənin adına yaraşdırılan bir muğam var. Məsələn, “Caharkah Sabir”, “Mənsuriyyə Yaqub” və s… Əlibaba Məmmədov ən çox hansı muğamın adıyla məşhurlaşıb?
– Bütün muğamları gözəl bilirəm. Amma “Humayun” və “Dəşti”ni daha çox sevmişəm. Seyid Şuşinskidən sonra “Humayun”u məndən yaxşı oxuyan olmayıb. Xan Şuşinski, Zülfü Adıgözəlov, Yaqub Məmmədovun qabağında hər kişinin işi deyildi bu muğamları oxumaq. Amma mən oxumuşam.
– Biz sizin sənətinizə vurğunuq, sizi dinləməkdən zövq alırıq, bəs sizin səsinə və ifasına vurğun olduğunuz xanəndələr kim olub? Kimi daha çox dinləməkdən feyziyab olmusunuz?
– Cabbar əmi, Şəkili Ələsgər, Keçəçi Məhəmməd, Əbülfət Əliyev…
– Eşitdiyimizə görə yaşıdlarınız arasında həm də gözəl geyim-gecimə görə də fərqlənmisiniz? Hətta bir çox xanəndələr geyim mədəniyyətini sizdən öyrəndiklərini etiraf edirlər?
– Mən dediyim kimi varlı-hallı olmamışam, amma zövqlə geyinmişəm. Ola bilər kimsə 500 manatlıq kostyum geyinib, amma mən 50 manatlıq. Amma o 500 manatlıq geyinəndən daha zövqlü görünmüşəm. Yəni sözümün canı budur ki, bahalı geyinməsəm də, zövqüm olub. Səhnə həm də gözəl görünüş tələb edir. Gərək sənətkar geyim mədəniyyəti ilə də seçilsin.
– Heç nə vaxtsa Allahdan möhlət istəmisinizmi?
– Yox. Canı verən də, alan da, insanı saxlayan da Allahdır. 88 yaşım var, bu vaxta qədər məni O yaşadıb, O ruh verib, istədiyi vaxt da canımı alacaq.
– Həyatda çatmadığınız arzularınız olubmu?
– İcazə verin bu suala şeiriyyatla cavab verim…
– Buyurun…
– Amma öz şeirim deyil.
Çərxidən yoxdur bu aləmdə mənim bir gileyim.
Çünki çatmış başa hər istəyim, arzum, diləyim.
– Bu yaşınızda nədən ruh alırsınız?
– Yalnız sənətimdən.

Həmçinin oxuyun

Senat Ukrayna və İsrailə yardım paketini təsdiqləyib

ABŞ Senatında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi üçün …

Bir cavab yazın