Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Əksər jurnalistlərimiz Azərbaycan dilindən başqa dil bilmirlər – baş redaktor (MÜSAHİBƏ)

Əksər jurnalistlərimiz Azərbaycan dilindən başqa dil bilmirlər – baş redaktor (MÜSAHİBƏ)

Oxucularımız qəzet-jurnal baş redaktorlarının maraqlı mülahizələrlə zəngin müsahibələrini diqqətlə izləyirlər. Sonra rəy və təkliflərini bizə yazan, zəng edən, hətta müsahiblərin fikirlərinə münasibət bildirənlər də olur.

Bu baxımdan şübhə etmirik ki, SalamNews-un bu həftəki qonağı – “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli ilə müsahibəyə də biganə qalmazlar. Həmin müsahibəni təqdim edirik.

– Elçin bəy, jurnalistikaya gəlişinizi necə xatırlayırsız?

– Özümü dərk etdiyim gündən söz adamlarının arasında olmuşam. Dayım şair Vaqif Hüseynov Sovet dönəmində uzun illər Masallıda yayımlanan “Çağırış” qəzetinin redaktoru olub (O zaman baş redaktor anlayışı yox idi. İndi artıb “baş redaktor”ların sayı. Nəticədə isə “baş”lar çoxalıb, redaktorlar azalıb). Doğmalarım, yaxınlarım arasında ədəbiyyatla, jurnalistika ilə bağlı olanların sayı yetərincədir. Bu səbəbdən də taleyimin mətbuata, ədəbiyyata bağlanması təsadüfi deyil. Orta məktəb illərində yerli və respublika əhəmiyyətli mətbuat orqanlarında şeirlərim və yazılarım ara-sıra dərc olunub. İlk peşəkar yazım isə 1984-cü ildə “Ədəbiyyat və İncəsənət” qəzetində dərc edilib. Vsevolod Vişnevskinin Lənkəran Dövlət Dram Teatrında səhnəyə qoyulmuş “Nikbin faciə” əsəri haqqında yazmışdım. Daha sonra Sergey Yesenindən, Anna Axmatovadan, Leonid Andreyevdən, Nina Sadurdan və digər müəlliflərdən etdiyim tərcümələr müxtəlif mətbuat orqanlarında çap olunub və bütün bunlar addım-addım, pillə-pillə məni jurnalistikaya gətirib.

– Bəs qəzetçilik (redaktorluq) fəaliyyətinizlə bağlı nə deyə bilərsiz? 

– Qəzetçiliklə bağlı ilk təcrübəm, yanılmıramsa, 89-90-cı illərdən, Əmir Pəhləvanın Teatr Xadimləri İttifaqının nəzdində yaratdığı ilk müstəqil mədəniyyət qəzetindən – “İlham”dan başlayır. Qəzetçiliyin sirlərini mənə öz doğmaları kimi yanaşan Əmir bəydən, İlqar Həsənovdan öyrənmişəm. Daha sonra yazılı mətbuatla yollarımız müəyyən müddətə ayrılıb. Sankt-Peterburqda təhsil aldığım illərdə Leninqrad televiziyasının “Sofiya” studiyası ilə əməkdaşlıq etmişəm. “Lenfilm”də istehsal olunan 2 ekran əsərində Şərq üzrə məsləhətçi olmuşam. Qısa müddətə də olsa AzTV-də, “Sara” TV-də çalışmışam. “Panorama” həftəlik siyasi icmal proqramının, “Sözardı” verilişinin aparıcısı və müəllifi olmuşam. Həmkarlarımla birlikdə “Space” TV-də “Özgə adam” adlı müəllif proqramı hazırlamışam. Onların arasında Bəxtiyar Vahabzadə, Rüstəm Behrudi haqqında çəkilən filmləri xüsusilə qeyd etmək istəyirəm. Yazılı mətbuata gəldikdə isə, burada redaktor kimi ilk fəaliyyətim “Üç nöqtə” qəzetindən başlayır. Artıq 10 ildən çoxdur ki, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoruyam. Eyni zamanda təxminən 1 ildir ki, Lider TV-də “Geosiyasət” verilişinin aparıcısıyam.

1990-cı ildən başlayaraq, demək olar ki, ölkənin bütün mətbuat orqanlarında mütəmadi olaraq yazılarımla çıxış edirəm.

– Ölkəmizdə müstəqilliyə qədər və sonrakı dövr jurnalistikası  bu günün prizmasından necə görünür? 

– Tamamilə fərqli dövrlərdir. Müəyyən kəsişmələr istisna olunmaqla bir-biri ilə əlaqələndirilməsi mümkün deyil. Lakin müasir Azərbaycan mətbuatının formalaşmasında 60-cı illər publisistikasının rolunu da danmaq olmaz. Bu günün tələbləri başqadır. Daha çevik olmalısan. Deyərdim ki, saniyənin yüzdə-birinin belə əhəmiyyəti var.

– Dünya və ya MDB ölkələri ilə müqayisədə  bizim media və jurnalist  kadrlarımız necə təsir bağışlayır?

– Bu gün Azərbaycan jurnalistikasının ən böyük problemi ixtisaslaşma və dil bilgisi ilə bağlıdır. Əksər jurnalistlərimiz Azərbaycan dilindən başqa heç bir dili bilmir. Zənnimcə, bizi dünya və MDB-nin bəzi ölkələrinin jurnalistlərindən fərqləndirən əsas cəhətlər budur. Bir də poliqrafiya problemi mövcuddur. İndi dünyanın heç bir ölkəsində ağ-qara  görünüşlü qəzet çap olunmur. Bu, bir az utandırıcıdır. Amma üstün cəhətlərimiz də az deyil. Bizim jurnalistlər yaradıcılıq potensialına və bədii təfəkkürlərinə görə çoxlarını üstələyirlər.

– Gələcəyin milli jurnalistikasını necə görmək istərdiniz, gənclərə tövsiyəniz? 

– Jurnalistikanın gələcəyini həm də texnologiya müəyyənləşdirir. Rabitə və kommunikasiya texnologiyaları inkişaf etdikcə jurnalstika anlayışına ənənəvi münasibət də dəyişəcək. Biz artıq bu prosesin gözümüzün önündə baş verdiyinin şahidiyik. Yeganə arzum gələcəyin jurnalistlərinin öz Vətənlərinə bağlı olmalarıdır.

– Ana dili dərdimiz varmı? 

– Dərdimiz yox, problemlərimiz var. Bunun da zamanla həll olunacağını düşünürəm.

– Mətbuatımızda elektron KİV, yoxsa yazılı media dilemması dururmu?  

– Belə bir dilemma varsa da, seçim etmək bizim imkanımız daxilində deyil. Elektron KİV bundan sonra da inkişaf edəcək, yeni vasitələr yaranacaq. Amma yazılı media mahiyyət etibarı ilə öz görüntüsünü qoruyub saxlayacaq. Yazılı mətbuatın isə hələ bir müddət eniş dövrü yaşayacağını, müəyyən zaman kəsiyindən sonra suların durulacağını düşünürəm. Yazılı mətbuat sıradan çıxmayacaq. Ola bilsin ki, çap mediasının sayı kifayət qədər azalsın. Daha çox həftəlik qəzetlər, dərgilər qalsın. Bunu zaman göstərəcək.

– Bədii yaradıcılığınız – istedadınız digər fəaliyyətinizlə necə uzlaşır? 

– Ən əsası odur ki, bir-birinə mane olmur. Hər birinin öz yeri var. Siyasi fəaliyyət və jurnalistika mənim işimdir. Ədəbiyyat isə öz yaradıcılıq potensialımı büruzə vermək üşün vasitə. Mən həyatımı ədəbi yaradıcılığımdan əldə etdiyim gəlir hesabına təmin etmirəm. Gəlir gətirməyən istənilən fəaliyyət isə hobbidir. Sağlam düşünməyi bacaran insanın baxış bucağından yanaşsaq, hobbinin peşəkar fəaliyyətə maneə yaratması mümkün deyil.

– Müsahibəyə görə təşəkkür edirik və fəaliyyətinizdə uğurlar arzulayırıq.

Həmçinin oxuyun

Senat Ukrayna və İsrailə yardım paketini təsdiqləyib

ABŞ Senatında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi üçün …

Bir cavab yazın