– Köklükdən əziyyət çəkənlər hansı yaş qrupunda olan insanlardır?
– 10 il əvvəllə müqayisədə indi uşaqlarda, 25-35 yaş və 50 yaşından yuxarı insanlarda piylənmə müşahidə olunur. Bəzən mənə ailələri dağılma təhlükəsi qarşısında olan qadınlar müraciət edirlər, elələri var ki, məhz artıq çəki probleminə görə həyatına qəsd etmək istəyir, cəmiyyət arasına çıxmağa utanır. Qadınların çoxu ailə qurandan sonra özlərinə arxayın olurlar, daha sonra övlad dünyaya gətirirlər və bir müddət sonra güzgüyə baxanda özlərini tanımırlar. Ümumiyyətlə, piylənmə gənc qızların ana olmaq şansını azaldır, oğlanlarda isə hormonal balanssızlığa səbəb olur. Artıq 8-9 yaşında valideyn uşağın çəkisini nəzarət altında saxlamalıdır. Biz belə pasiyentlərin çəkisini düzgün pəhriz vasitəsilə normaya salırıq.

Dietoloq Ləman Süleymanova: “Azyaşlı uşaqlar arasında piylənmə halları artıb”

– Uşaqların rasionunda mütləq hansı qidalar olmalıdır?
– Uşaq və yeniyetmələrdə olan piylənmə məni hər zaman narahat edib. Onlar bizim gələcəyimizdir və gələcəyimizin güclü olması üçün əlimizdən gələni etməliyik. Uşaq ana bətnində olandan qidaları tanımağa başlayır. Ona görə də hamilə qadın çox yeməyə deyil, düzgün qidalanmaya daha çox üstünlük verməlidir. Uşaq dünyaya gələndən ən azı 6 ay müddətində ana südü ilə qidalanmalıdır. Amma təəssüflər olsun ki, valideynlər müxtəlif səbəb və bəhanələrlə bu vacib məsələyə diqqət yetirmirlər. Uşaq orqanizmi çox həssasdır, hansı qidalara alışdırsan, həmişə onlardan istəyəcək. Genetik modifikasiya olunmuş ərzaq məhsulları, “fast food”lar, qazlı və enerji içkiləri körpələrin sağlamlığını təhlükə altında qoyur. Bu məsələdə ilk növbədə məsuliyyət anaların üzərinə düşür. Çalışın, uşaqlarınız tez-tez mövsümi meyvə-tərəvəzlərdən yesin, səhərlər isə təzə sıxılmış meyvə şirəsi içsinlər.

– Artıq çəkili uşaqların pəhrizi necə olmalıdır?
– Uşaqların və yeniyetmələrin valideynləri həddən artıq çəki probleminə görə mənə tez-tez müraciət edirlər. Valideynlərdə belə bir fikir formalaşıb, uşağı yaxşı yedizdirmək lazımdır ki, o sağlam olsun. Bu, yanlış yanaşmadır. Əgər valideynlər övladlarının gələcəyini düşünürlərsə, onları körpəlikdən düzgün qidalanmağa öyrətməli, rejimlə qidalandırmalıdırlar. Uşaqlar gündəlik qida rasionundan əlavə də qidalandıqları üçün yemək rejiminə düzgün əməl etmirlər və nəticədə kökəlmə prosesi sürətlə artır. Bununla ilk növbədə sahə həkimi məşğul olmalıdır. Uşaqlarda piylənmə irsi və ya qidalanma ilə bağlı olur. Buna görə də orta məktəblərdə, poliklinikalarda, KİV-lər vasitəsilə sağlam həyat tərzinin aşılanması istiqamətində uşaqlar və valideynlər arasında mütəmadi olaraq, maarifləndirmə işləri aparılmalıdır. Elə uşaqlar var ki, məhz xarici görünüşünə görə artıq məktəbə getməyə həvəs göstərmirlər. Mənim qəbuluma gəldikləri zaman onlarla ilk növbədə psixoloji söhbət aparırıq, daha sonra qan təhlilləri edilir. Çox vaxt piylənmənin səbəbləri arasında uşağın gərginliyi, valideynlərlə arasında olan anlaşılmazlıq, əsəb, hirs, aqressiya misal ola bilər. Ona görə həm ata, həm də ana mütləq vaxt ayırıb uşaqları ilə səmimi söhbət etməli, onları sağlam olmayan qidalardan uzaq tutmalıdırlar. Biz pəhriz menyusunu tərtib etdiyimiz zaman qan təhlillərindən və ümumi baxışdan əlavə mütləq pasiyentin həyat tərzini, yaşadığı iqlim xüsusiyyətini, peşəsini, psixoloji vəziyyətini, hətta sevdiyi qidaları belə nəzərə alırıq. Ən əsası isə hər dəfə artıq çəkidən azad olduqca onların üzünü güldürməyə çalışırıq.

Dietoloq Ləman Süleymanova: “Azyaşlı uşaqlar arasında piylənmə halları artıb”

– Gündəlik qidanın kalori dəyəri nəyə əsasən müəyyənləşdirilir?
– Bu, uşaqların həyat tərzindən asılıdır. Məsələn, hiperaktiv uşaqların menyusunda təkibində zülal olan qidalara üstünlük vermək lazımdır. Yumurta, pendir, fındıqdan hazırlanmış məhsulları, süd və meyvə şirələri kimi qidalar uşağın daha çox hərəkət etməsinə və gün içində enerjili olmasına səbəb olur. Onlar aldıqları enerjidən daha çox enerji sərf edirlərsə, sağlam qidalanmalıdırlar. Passiv uşaqların isə rasionundan qazlı içkiləri, “fast food” qidaları kənarlaşdırmaq lazımdır. Gül kələmindən, brokolidən yeməklər hazırlamağı tövsiyə edirəm.

– Bəs hamilə qadınların menyusunda hansı qidalar olmalıdır?
– Bir çox hallarda yaşlı nəsil gənc analara hamiləlik dövründə xəmir xörəkləri, un məmulatları yeməyi, sağlam qidaları isə əksinə, rasiondan çıxarmağı tövsiyə edirlər. Lakin qadın hamiləlik vaxtı düzgün qidalansa, daha sonra nə özünün, nə də körpəsinin sağlamlığında problem yaşanmayacaq. Tərkibində anti-oksidantlar olan meyvə-tərəvəzlər yesinlər. Şirniyyatı, çörəyi, duzu, ağartı məhsullarını rasiondan kənarlaşdırmaq olmaz, çünki maddələr mübadiləsinin normal çalışması üçün rasionda yağ, zülal, karbohidrat, vitamin və minerallar olmalıdır. Məsələn, yağdan ümumiyyətlə istifadə etməyəndə maddələr mübadiləsi pozulur və orqanizmdə toksinlər, zəhərli maddələr əmələ gəlir.

Dietoloq Ləman Süleymanova: “Azyaşlı uşaqlar arasında piylənmə halları artıb”

– Pəhriz zamanı hansı yeməklərdən imtina etmək lazımdır?
– Bizim milli xörəklərimiz dadlı olsa da, bəzən onların hazırlanmasında ifrata yol veririk. Məsələn, yağlı qoyun ətindən bişirilən yeməyə kərə yağı əlavə etmək düzgün deyil, çünki hədsiz dərəcə yağlılıq qanda xolesterinin miqdarının artmasına, damar tutulmasına gətirib çıxarır. Hər şey həddində gözəldir. Əgər şirniyyatı rasionumuzdan tamamilə çıxarsaq, bu, bizə psixoloji olaraq mənfi təsir göstərəcək. Ona görə də həftə boyu 2 günü, şirniyyat sevənlər isə 3 günü özləri üçün “şirniyyat günü” elan etsinlər. Övladları abituriyent olan analar, onların zehni inkişafını gücləndirmək üçün menyuya səhərlər şirin çay əvəzinə meyvə şirəsi əlavə edin.

Mən süfrə mədəniyyəti haqqında da danışmaq istərdim. Yemək zamanı tələsməmək, yeməkləri yaxşıca çeynəyib udmaq lazımdır. Sağlam qidalanmanın əsas şərtlərindən biri də suyun düzgün içməsilə bağlıdır. Yağlı qidayla bərabər soyuq su içmək təbii ki, piylənməyə gətirib çıxarır. Hər bir insan gündə 3 litr su içməyə vərdiş etməlidir. Yeməkdən 10-15 dəqiqə əvvəl 200 qram su içmək faydalıdır. Onu bir nəfəsə deyil, qurtum-qurtum içmək lazımdır.

– Bəzi insanlar kortəbii qaydada pəhriz saxlayırlar, arıqladıcı dərmanlar atırlar, çaylar içirlər. Bu kimi yollarla arıqlamaq nə dərəcədə realdır?
– Hər bir pəhriz individualdır. Sizin orqanizminiz üçün təyin olunan menyu başqasına zərər vura bilər. Müayinə etmədən pəhriz tərtib etmək düzgün deyil. Təəssüflər olsun ki, bu gün arıqladıcı dərmanlar, kokteyllər satan şirkətlərin sayı artıb. Türkiyədə bir neçə gənc məhz arıqladıcı kokteyl qəbulundan sonra dünyasını dəyişdi. Belə vasitələr öddə daşın yaranmasına, saç tökülməsinə gətirib çıxarır. Hətta bəzi şirkətlər süd verən anaları da həmin çaylardan içməyə çağırırlar. Bir qadının və körpənin həyatını təhlükəyə atmaq nə dərəcədə düzgündür?! Əgər çay içməklə arıqlasanız belə, bir müddət sonra itirdiyiniz çəki yenidən qayıdacaq, ya da hansısa daxili orqanı sıradan çıxaracaq.

Dietoloq Ləman Süleymanova: “Azyaşlı uşaqlar arasında piylənmə halları artıb”

– Ay ərzində maksimum neçə kiloqram arıqlamaq normal sayılır?
– Birdən-birə çox arıqlamaq ziyandır. Bu həm də hər insanın çəkisinə görə müəyyənləşir. Əgər boyunuz 160 sm, çəkiniz 60 kq-dırsa, siz aya 3-4 kq çəki ata bilərsiniz. Ancaq boyu 170 sm, çəkisi 150 kq olan insanlara ayda 10-12 kq arıqlamaq tövsiyə edilir, çünki itirilən çəki ilə birlikdə orqanizm zərərli toksinlərdən təmizlənir. Bir sözlə, bu, fərdi yanaşmadır. Elə pasient var ki, ayda 2-3 kq-dan artıq arıqlamaq onun sağlamlığına mənfi təsir göstərə bilər. Xüsusən də bu,, qan azlığından əziyyət çəkən insanlara aiddir.

– Yay mövsümündə qidalanma ilə bağlı nələri tövsiyə edirsiniz?
– Fəsillər dəyişdikcə orqanizminin immun sistemində dəyişiklik olur. Havanın dəyişməsi, temperatur, atmosfer təzyiqi, günəş şüaları – bütün bunlar insana təsirsiz ötüşmür. Havaların isinməsi ilə əlaqədar olaraq yağlı yeməklərə tələbat azalır. İmmuniteti möhkəmləndirmək üçün təzə meyvə-tərəvəzlərlə qidalanın. Dondurmanı isə hər gün yox, həftədə bir dəfə yeməklə kifayətlənin.

Həkim-dietoloq Ləman Süleymanova ilə əlaqə:
Ünvan: “International Medical Center 2”, Aşıq Molla Cümə küçəsi, 11 b
Telefon: (050) 888 79 99, (012) 566 55 78

Mənbə:http://www.buro247.az/lifestyle/buro-kids/dietoloq-l-man-s-leymanova-azya-l-u-aqlar-aras-nda.html