Xeyirxah ənənələr davam edir
Beynəlxalq Qadınlar Klubu və Qazaxıstanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Bakıda Bahar xeyriyyə yarmarkası keçirildi
Qədim dövrlərdən bu günə qədər davam edən xeyirxahlıq ənənəsi sayəsində insan həm özünü, həm də ətrafını qoruyaraq gələcəyə doğru irəliləyə bilib. Bu ənənə bu gün də yaşayır və sevindirici haldır ki, xüsusilə Türk-İslam dünyasında daha qabarıq şəkildə özünü göstərir. Bu isə həm dinimizdən, həm də milli-mənəvi köklərimizdən qaynaqlanan, insanlığa xidmət missiyasının təzahürüdür.


Beləliklə, qeyd etdiyimiz tarixdə Bakıda şəhər sakinlərini və qonaqları bir araya gətirən Bahar xeyriyyə yarmarkası təşkil olundu. Beynəlxalq Qadınlar Klubu – Bakı (International Women’s Club – Baku) və Qazaxıstanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə reallaşan yarmarkaya Bakıda fəaliyyət göstərən onlarla xarici ölkə səfirlikləri, yerli və xarici şirkətlər, eləcə də könüllülər dəstək veriblər.
Alim Bayel: Bu cür təşəbbüslərin əhəmiyyəti böyükdür
Tədbirdə çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel dedi ki, xüsusilə dünyada baş verən sarsıntılar fonunda bu cür təşəbbüslərin əhəmiyyəti böyükdür.
Diplomat qeyd etdi ki, qarşılıqlı yardım və ehtiyacı olanlara dəstək, xüsusilə uşaqlar və qadınlar üçün göstərilən diqqət bizim sivilizasiya kodumuzun ayrılmaz hissəsidir.
Asemgül Bayel: Edilən hər bir ianə öz ünvanına çatacaq
Beynəlxalq Qadınlar Klubu – Bakının prezidenti Asemgül Bayel yarmarkanın təşkilinə töhfə verən hər kəsə təşəkkürünü bildirdi.

Asemgül Bayel əlavə etdi ki, edilən hər bir ianə öz ünvanına çatacaq: “Toplanan vəsaitlər şəhid ailələrinin və veteranların, xüsusi qayğıya ehtiyacı olan uşaqların, fəaliyyətə yeni başlayan və dəstəyə ehtiyacı olan qadın sahibkarların, tək anaların və uşaq evlərinin dəstəklənməsinə yönəldiləcək”.
Beynəlxalq Qadınlar Klubunun əsas missiyası ehtiyacı olanlara yardım göstərmək və müxtəlif mədəniyyətlərdən olan insanlar arasında dialoqu inkişaf etdirməkdir
Asemgül Bayel onu da vurğuladı ki, Beynəlxalq Qadınlar Klubunun əsas missiyası ehtiyacı olanlara yardım göstərmək və müxtəlif mədəniyyətlərdən olan insanlar arasında dialoqu inkişaf etdirməkdir.

Sağlamlıq imkanı məhdud uşaqlarla səfir və xanımının xatirə fotosu
Bu məqamda qeyd etmək yerinə düşər ki, Beynəlxalq Qadınlar Klubu – Bakı (International Women’s Club – Baku) 30 ildən artıq tarixə malik qeyri-kommersiya təşkilatıdır və müxtəlif ölkə və mədəniyyətlərdən olan qadınları bir araya gətirərək dostluğun, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, xeyriyyə və sosial layihələrin dəstəklənməsi məqsədi daşıyır. Klubun üzvləri arasında Bakıda akkreditə olunmuş səfirlərin həyat yoldaşları, tanınmış qadın sahibkarlar və ictimai xadimlər yer alır. 1 fevral 2026-cı il tarixindən etibarən Klubun prezidenti Qazaxıstanın Azərbaycandakı səfirinin həyat yoldaşı Asemgül Bayel seçilib. Vitse-prezident isə azərbaycanlı sahibkar Camilə Hüseynovadır.
Tədbirin açılışında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Səadət Yusifova, Türkiyənin Azərbaycandakı səfirinin xanımı Zühre Akgün, KKTC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer və digərləri çıxış etdilər. Çıxışçılar bu xeyirxah təşəbbüsə görə təşkilatçılara təşəkkürlərini bildirdilər.
Aksiya maraqlı anlarla yadda qaldı
Məlumat üçün bildirək ki, yarmarka çərçivəsində yerli və xarici ustaların əl işləri və sənətkarlıq məhsullarının, müxtəlif xalqlara məxsus yeməklərin satışı təşkil olundu.

Qonaqlar Qazax yurtasında
Eyni zamanda maraqlı musiqi proqramı və əyləncələr təqdim edilib, lotereya və hədiyyə tirajları keçirildi.
Yeri gəlmişkən, tədbirdə əsas diqqət çəkən məqam isə yerli və xarici təşkilatların nümayəndələrinin, səfirliklər və dövlət qurumlarının təmsilçilərinin iştirakı, həmçinin ayrı-ayrı diplomatik korpusların stendləri idi. Bu sıra qardaş Qazaxıstanın, Türkiyənin və Kuzey Kıbrıs Türk Cümhuriyyətinin stendləri iştirakçılar tərfəindən xüsusilə maraqla qarşılanırdı.
Qazax yurtası, Türkiyə və KKTC stendi diqqət mərkəzində idi
Onu da deyək ki, Qazaxıstan səfirliyi bundan öncə Novruz bayramında olduğu kimi bu dəfə də öz yurtası (Qazax çadırı) ilə diqqət mərkəzində idi.

Beləliklə, Bakı növbəti dəfə mühüm bir humanitar tədbirə ev sahibliyi edərək diqqət mərkəzində oldu. Xüsusilə vurğulamaq lazımdır ki, bu aksiyanın təşkilində qardaş Qazaxıstanın Səfirliyi və səfirin xanımının rəhbərlik etdiyi Beynəlxalq Qadınlar Klubu mühüm rol oynayıb. Bu isə Türk dünyası daxilində həmrəyliyin və qarşılıqlı dəstəyin daha bir bariz nümunəsidir. Şübhəsiz ki, bu cür təşəbbüslər gələcək üçün də mühüm mesajdır. Əminliklə demək olar ki, qarşıdakı dövrlərdə də belə xeyriyyə aksiyaları davam etdiriləcək. Çünki insanlıq mövcud olduqca, xeyirxahlıq missiyasına ehtiyac da daim qalacaq.
Bayraq Media



