Sosial şəbəkədə biz:
Tahir Kərimli: “Qadınlar da, kişilər də geyimlərinə fikir verməlidirlər, abırlı olmalı, açıq-saçıq olmamalıdırlar”
Xəbər Şəkli

Tahir Kərimli: “Qadınlar da, kişilər də geyimlərinə fikir verməlidirlər, abırlı olmalı, açıq-saçıq olmamalıdırlar”

10 June 2026, 09:28
Cəmiyyət

“Ərəb ölkələrinə, yaxud İrana getsək, hər birinin geyim standartları var. Avropada isə belə bir standart yoxdur. Azərbaycan dünyəvi dövlətdir, məcbur etmək olmaz ki, insanlar ancaq dini paltarlar geyinsinlər.  Lakin hər bir halda abır-həya, mənəviyyat gözlənilməlidir. İctimai yerdə çalışılmalıdır ki, xalqımızın adət-ənənəsi qorunsun. Qadınlar da, kişilər də geyimlərinə fikir verməlidirlər, daha abırlı olmalı, açıq-saçıq olmamalıdırlar. Ölkədə vahid geyim standartları tətbiq etmək düzgün olmaz, bu heç mümkün də deyil. Ancaq hər bir halda dəxli yoxdur, başqaları, yaxud əcnəbilər gəlib ölkəmizdə necə gəzəcəklər. Əcnəbilər görsələr ki, yerli vətəndaşlar həyalı davranış sərgiləyirlər, normal paltar geyinirlər, bəlkə, onlar da özləri açıq-saçıq geyinməyi  yığışdırarlar. Məncə, məsələ hüquqi cəhətdən deyil, mənəvi kriteriyalarla, şəxsi nümunələrlə həll olunmalıdır”.

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.

O xatırladıb ki, iki il öncə İsmayıllı rayonunun Buynuz kəndində şortikdə gəzən şəxsi kənd camaatı qovub: “Bu, böyük səs-küy yaranmışdı. Kənd mühiti ilə bağlıdır... Şamaxının Sis kəndində də analoji hadisə baş vermişdi. İndi isə Bakının lap mərkəzində - “İçərişəhər”də baş verir. Şortik geyinən gəncə etiraz edən vətəndaş sonradan üzrxahlıq videosunu yaydı. Bildirdi ki, həmin oğlanın oturan zaman alt paltarı görünürdü, buna görə etirazını bildirib. İçəri şəhər turizm mərkəzidir. Burada yüngül geyimli qadınlar, şortik geyinmiş kişilər olacaq. Onlara münasibət necə olacaq? Bu məsələni tənzimləmək bir qədər çətindir. Bakıda yarıçılpaq halda gecə vaxtı reklam videosu çəkən qıza qarşı etirazlarla da razıyam. Sakinlər öz uşaqlarının əxlaqının pozulmasından, cəmiyyətdə bu tendensiyanın artmasından narahatdırlar. Haqlıdırlar ki, gələcəkdə övladlarımızın tərbiyəsini pozan tendensiyalar olmasın. Əlbəttə, hər yerin spesifikası nəzərə alınmalıdır”.