Sosial şəbəkədə biz:

Süni boşanmalar niyə artır? - ŞƏRH

Süni boşanmalar niyə artır? - ŞƏRH

Son illər Azərbaycanda rəsmi boşanma hallarında müşahidə olunan artım cəmiyyətin müxtəlif təbəqələrində narahatlıq doğurur. Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər göstərir ki, boşanmaların sayı ildən-ilə artır və bu tendensiyanın səbəbləri təkcə ailədaxili münaqişələrlə izah olunmur. Sosial tədqiqatçıların və demoqrafların fikrincə, bu artımın arxasında bəzən daha dərin və təəssüf doğuran motivasiyalar dayanır.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev sosial media hesabında bildirib ki, boşanmaların hamısı ərlə arvadın yola getməməsi səbəbindən olmur:  “Şahidi olduğum bəzi boşanmaları sizlərin də diqqətinizə çatdırım. İpoteka krediti ilə ev alan zaman əmək haqqından ailə üzvlərinin adambaşına yaşam xərci çıxıldıqda ümumi məbləğ az olduğuna görə kreditin ayrılmaması səbəbindən çox hallarda süni boşanma edirlər və bu zaman qarşı tərəf heç bir aliment tələbi etmədən uşaqları özündə saxlayır və ər rahat şəkildə ipoteka krediti ilə ev alır. Daha sonra isə barışırlar.

 Elnur Fərzəliyev 

Evləri sökülən şəxslər tikinti şirkətlərindən əlavə ev almaq üçün süni boşanma edib evi ikiyə bölərək iki çıxarış əldə edirlər. Söküntü zamanı isə hər ikisi evlə təmin olunurlar. Borclu olan şəxslər həmin borcun əmlaka yönəlməməsi üçün süni boşanma edir, ər evi arvadın adına keçirir və evin borc əvəzinə müsadirə edilməsinin qarşısını alır.

Dövlətdən sosial müavinət almaq üçün saysız-hesabsız boşananlar da var. Buna bənzər çox sayda problemlərin həlli üçün əksər insanlar çıxış yolunu boşanmalarda görürlər. Təbii ki, əksər hallarda bu tip boşanmalar problemlərin həlli üçün effektiv olur".

Əkrəm Həsənov

İqtisadçı Əkrəm Həsənov da saxta boşanma hallarının olduğunu bildirib: “Bu gün sosial müavinət almağın əsas meyarlarından biri qadınların tək yaşaması, həm də ərsiz olmasıdır. Məsələn, uşaqlar var, amma ayrılıb. Bu, tək Azərbaycanda deyil, bütün dünyada belədir.

Ekspert Azərbaycanda da istifadə edənlərin sayının çox olduğunu xatırladıb:  “Azərbaycanda əvvəllər formal boşanma hallarına pis baxılırdı. Amma indi bu, adi hal olub. Onsuz da boşanmaların sayı azaldı. Bunun qarşısını almaq mümkün deyil. Ya gərək meyarı lüğət etsinlər, ya da bu, arta-arta gedəcək”.

Araşdırmalara görə, bəzi ailələr arasında formal boşanma hallarının artması daha çox iqtisadi səbəblərlə bağlıdır. Belə ki, müəyyən hallarda dövlətin təqdim etdiyi sosial müavinətlərdən, tək valideynə verilən yardımlardan və güzəştlərdən yararlanmaq məqsədilə cütlüklər hüquqi cəhətdən nikahlarına son qoyurlar. Bu, xüsusilə də aztəminatlı və işsiz ailələr arasında daha çox müşahidə olunur. Onlar düşünürlər ki, bu yolla əlavə maddi dəstək əldə edə və sosial vəziyyətlərini bir qədər yaxşılaşdıra bilərlər. Sosioloqlar bu vəziyyəti “yalançı boşanmalar” kimi dəyərləndirir və bunun uzunmüddətli nəticələrinin cəmiyyət üçün təhlükəli ola biləcəyini vurğulayırlar. Belə hallar ailə institutuna olan inamı zəiflətməklə yanaşı, rəsmi statistikanı da real mənzərədən uzaqlaşdırır. Nəticədə dövlət planlaşdırmasında, ailə və sosial siyasətində yanlış yönləndirmələr baş verə bilər. Məsələnin digər tərəfi isə hüquqi və mənəvi müstəvidə özünü göstərir. Rəsmi olaraq boşanmış, lakin birlikdə yaşayan cütlüklərin hüquqi statusu qeyri-müəyyən olur və bu, həm onların uşaqları üçün, həm də gələcəkdə yaranacaq mülki məsələlər üçün ciddi problemlər yarada bilər. Bundan əlavə, bu cür halların yayılması cəmiyyətin mənəvi dayaqlarına da mənfi təsir göstərir və ailə dəyərlərinin formalaşmasında çatlar yaradır.

Qeyd edək ki, bəzi ekspertlər bu problemin kökündə daha geniş sosial-iqtisadi səbəblərin dayandığını bildirirlər. Onların fikrincə, sosial müdafiə sisteminin daha ədalətli və məqsədyönlü şəkildə qurulması, xüsusilə də ehtiyac meyarlarının şəffaf şəkildə müəyyənləşdirilməsi bu cür sui-istifadələrin qarşısını ala bilər. Əlavə olaraq, ailə institutunun möhkəmləndirilməsi üçün maarifləndirmə işlərinin gücləndirilməsi, psixoloji dəstək xidmətlərinin əlçatan edilməsi və sosial rifah proqramlarının genişləndirilməsi də vacib amillərdəndir.

Üzeyir Şəfiyev

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, bu hallar ümumi boşanma statistikası baxımından olduqca az paya malikdir: “Süni boşanma hallarına çox nadir hallarda rast gəlinir. Bəli, bu cür nümunələr var. Məsələn, bəzi insanlar xarici ölkələrdə oturum və ya vətəndaşlıq almaq üçün necə saxta evliliyə üz tuturlarsa, eyni qaydada saxta boşanmalara da müraciət edənlər olur. Həmçinin, məcburi köçkün statusuna malik bir qadın, əgər məcburi köçkün olmayan biri ilə evlənsə, həmin statusu itirir. Bu səbəbdən, bəzi hallarda Böyük Qayıdış proqramı çərçivəsində evə sahib olmaq üçün süni boşanmalara əl atanlar da olur. Eyni zamanda, boşanma yolu ilə sosial yardım almağa çalışan insanlar da mövcuddur. Amma qeyd etdiyim kimi, bu hallar çox az rast gəlinir və ümumi boşanma statistikasında həlledici rol oynamır”, - deyə Üzeyir Şəfiyev bildirib.

Onun sözlərinə görə, bu cür addımlar hüquqi baxımdan saxta və mənəvi baxımdan yanlışdır: “Bu, cəmiyyət üçün təhlükəli bir tendensiyadır. Əgər geniş yayılarsa, ailə institutunun zədələnməsi ilə nəticələnə bilər. Hazırda bu hallar çox geniş yayılmasa da, diqqətlə izlənməlidir”.

Ekspert ümumi boşanma statistikası ilə bağlı da ciddi narahatlığını ifadə edib. 2024-cü ilin göstəricilərinə əsasən, ölkədə cəmi 49508 nikah bağlandığı halda, 21 384 boşanma qeydə alınıb. Bu, nikah-boşanma balansının pozulduğunu və ailə institutunun zəiflədiyini göstərir. “Əvvəllər uşaqlı ailələrdə boşanma halları az olurdu. Bu gün isə boşanan ailələrin əksəriyyətinin övladları var. Bu, çox təhlükəli tendensiyadır. Bundan başqa, Azərbaycanda daha bir ciddi tendensiya müşahidə olunur, ”boz boşanmalar" adlandırılan, yəni 50 yaşdan yuxarı insanlar arasında boşanma halları sürətlə artır. Belə boşanmaların sayı artıq 10 minə yaxınlaşıb. Bu isə cəmiyyətimizdə ailəyə və birgə həyata olan baxışların dəyişməsi ilə bağlıdır", deyə ekspert vurğulayıb.

O qeyd edib ki, bu dəyişikliklər ailə dəyərlərinin zəiflədiyindən xəbər verir və artıq ölkədə “Ailə Konsepsiyası”nın qəbul edilməsi zərurətə çevrilib:

“Ailə institutunun qorunması üçün əlavə hüquqi, sosial və psixoloji tədbirlər görülməlidir. Maarifləndirmə, ailə dəyərlərinin təbliği və ailədaxili münasibətlərin sağlam əsasda qurulması istiqamətində sistemli iş aparılmalıdır. Əks halda bu tendensiyalar gələcək nəsillərin sosial dayanıqlığına mənfi təsir göstərəcək”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol