Sosial şəbəkədə biz:

Rüfət Quliyev: “İnsanlar kredit götürüb istirahətə gedirlər”

Rüfət Quliyev: “İnsanlar kredit götürüb istirahətə gedirlər”
Xəbər Şəkli
31 October 2026, 09:09
Cəmiyyət

Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımovun “Azərbaycan Mərkəzi Bankı əhalinin borclanma səviyyəsində kəskin artım və həddindən artıq borclanma halları müşahidə etmir” deməsi müzakirələr yaradıb. Mütəxəssislər problemli kreditlərin artdığını bildirir. Rəsmi statistikaya görə, əhalinin banklara borcu 20 milyard manatı ötüb.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisad elmləri doktoru, professor, Milli Məclisin dörd çağırış deputatı Rüfət Quliyev bildirib ki, bütün kredit portfeli içində istehlak kreditlərinin artımı normaldır.

R.Quliyevin sözlərinə görə, istənilən ölkədə ABŞ, Avropa, MDB ölkələri, Orta Asiyada istehlak kreditinin artım tempi kifayət qədər yüksəkdir və artır: “İnsanlar bu gün daha rahat ev əşyaları alırlar. Hətta bu gün yeni növ kreditlər var. İnsanlar 11 ay işlədikdən sonra kredit götürüb istirahətə gedirlər. Ən yaxşı rəqəm ümumdaxili məhsulla bunun müqayisəsidir. İnanıram ki, Azərbaycanda bu rəqəm digər ölkələrə nisbətən bir o qədər də yüksək deyil. Bunun mənşəyi bəllidir. Bütün dünyada insanlar daha rahat yaşamaq, nəisə tez əldə etmək istəyirlər. Buna heç kəs irad tuta bilməz. Heç kim heç kimi məcbur etmir ki, kredit götürsün... Təbii ki, kredit götürməyin iki səbəbi var. Birincisi, ehtiyacdır, ikincisi isə istehlak kreditləridir. İnsanlar deyirlər ki, niyə pulumu toplayım iki ildən sonra tozsoran, televizor, soyuducu alım. Ondansa indi alım, sonra mərhələ ilə pulunu ödəyim. Mən də bunun tərəfdarıyam. Ona görə belə faciəvi formada qəbul etməyin iqtisadçı kimi tərəfdarı deyiləm. Bəli insanlar gərək yüz ölçüb bir biçsinlər ki, kredit götürməyə ehtiyac varmı, lazımdırmı və s. Məsələn, xəstəlik olan zaman insan məcbur qalır, birdən-birə əməliyyata ehtiyac olur. Amma onu da bu gün dövlət qarşılayır. İcbari sığorta bir çox əməliyyatları qarşılayır. Burada hansısa qorxunc tendensiyalar axtarmağa dəyməz. Hər halda insanlar kredit götürərkən, müqaviləni imzalayarkən məzənnə ilə bağlı məsələlərdə diqqətli olmalıdırlar. Burada ən böyük məsələ odur ki, Azərbaycanın manatı stabildir. Mən arxayınam ki, Azərbaycanın bu günləri kifayət qədər valyuta imkanları var. Bizim qızıl valyuta ehtiyatlarımız 90 milyardı keçib. Ümumdaxili məhsula bərabərdir”.