Bakıda “Çılğın dondurmaçı” kimi tanınan Mehmet Dinç sosial şəbəkələrin ən çox müzakirə olunan simalarından birinə çevrilib. Türkiyədə illərdir, dondurma satışı zamanı nümayiş etdirdiyi rəqslər və şoularla tanınan həmin şəxsin Bakının Fəvvarələr Meydanı yaxınlığında fəaliyyət göstərən məkandan yayılan videoları birmənalı qarşılanmır. Xüsusilə qadınlarla rəqsi və hətta uşaqların da şoulara qoşulması çoxsaylı tənqid doğuraraq onların tərbiyəsinin pozulması kimi düşünülür.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, Bakıda fəaliyyət göstərən həmin sahibkarın etdiklərinə biznes və marketinq prizmasından baxsaq, deyə bilərik ki, həmin şəxs illərdir Türkiyədə tətbiq etdiyi satış və şou konseptini burada da davam etdirir.
Deputatın sözlərinə görə, uşaqların hansı mühitdə böyüməsi, hansı davranışları nümunə götürməsi ilk növbədə valideynlərin məsuliyyətidir: “Bu məsuliyyəti kənar şəxslərin üzərinə yükləmək düzgün yanaşma deyil. Cəmiyyət olaraq bəzən problemi kənarda axtarırıq, halbuki ilk növbədə öz davranışımıza və seçimlərimizə baxmalıyıq. Azad sahibkarlıqla cəmiyyətin dəyərləri arasındakı balans da məhz bu şəkildə formalaşır”.