Sosial şəbəkədə biz:
“Bəzi məmurlardan müsahibə götürmək, fikir bildirmək mümkün olmur, amma Emin Əmrullayev daim ictimaiyyət içərisindədir”
Xəbər Şəkli

“Bəzi məmurlardan müsahibə götürmək, fikir bildirmək mümkün olmur, amma Emin Əmrullayev daim ictimaiyyət içərisindədir”

14 June 2026, 10:38
Cəmiyyət

İyunun 13-də elm və təhsil naziri Emin Əmrullayevin “son zəng”də iştirak etməsi və məzunlarla rəqsi sosial şəbəkə istifadəçiləri tərəfindən təqdir edilib.

Pravda.az-a açıqlama verən təhsil eksperti Səbuhi Abdullayevin sözlərinə görə, cənab nazir Emin Əmrullayev sadəliyi ilə həm kollektiv, həm də təhsil ictimaiyyəti içərisində hörmətini qazanıb.

O bildirib ki, səmimi və əlçatan təhsil naziri var və daim şagirdlərin yanındadır: “Ali təhsilə qəbul prosesinin şəffaflığı, müəllimlərin sertifikasiya və diaqnostik qiymətləndirmə nəticələrinə uyğun olaraq əməkhaqlarının artırılması, məktəblərin təmiri və yenidən qurulması, eləcə də azad olunmuş torpaqlarımızda yenidən məktəb zənginin səslənməsi təhsilimizin inkişafının bariz göstəriciləridir. Təbii ki, görmək və əldə etmək istədiyimiz yeniliklər hələ çoxdur. Ancaq mövcud dinamika bizə gələcəyə daha nikbin baxmağa əsas verir”.

S.Abdullayev qeyd edib ki, nazirin eyni zamanda tənqidlərə çox açıq olduğunu və hər bir iraddan nəticə çıxaracağını bildirməsi də işin gedişatına öz müsbət təsirini göstərir: “Əlbəttə, hər zaman müəyyən nöqsanlar, tanışlıq və şəxsi münasibətlərdən qaynaqlanan hallar olub və olacaq. Lakin bunlar əvvəlki dövrlərlə müqayisədə xeyli azalıb. Hətta bu hallardan şikayət edən insanların özləri də səlahiyyət sahibi olduqda, bəzən həmin təsirlərdən tam uzaq qala bilmirlər. Əsas məsələ odur ki, bu kimi hallar sistemin ümumi inkişafına kölgə salacaq səviyyədə deyil. Təbii ki, eyni zamanda belə söyləmək mümkündürsə, bəzi məmurlardan müsahibə götürmək, ümumiyyətlə, onlara yaxınlaşmaq və ya hansısa bir fikir bildirmək mümkün olmur. Ancaq Emin Əmrullayev daim ictimaiyyət içərisindədir və canlı infosessiyalar keçirərək mütəmadi olaraq mətbuatı və ictimaiyyəti məlumatlandırır”.