Sosial şəbəkədə biz:

“Bakını birdəfəlik tərk etmişəm, qayıtmayacağam” - Allahverdi Bağırovun xanımı

“Bakını birdəfəlik tərk etmişəm, qayıtmayacağam” - Allahverdi Bağırovun xanımı
Xəbər Şəkli
29 September 2026, 08:22
Cəmiyyət

“Bakıya qayıtmaq istəmirəm. Artıq birdəfəlik Ağdamda yerləşməyi planlayıram. Yurd insanı çəkir. Ağdamın havasından doymuram. Həm də burada hamı doğmadır”.

Bunu Musavat.com-a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun xanımı Validə Bağırova deyib.

O bildirib ki, yaxın vaxtlarda Ağdamda açılması nəzərdə tutulan uşaq bağçasında işləməyi planlaşdırır. Validə Bağırova qeyd edib ki, Bakıda bağçada çalışıb, lakin Ağdamda bir yolluq yerləşmək qərarına gəldiyi üçün işini də dəyişmək istəyir: “Bakıda bağçada işləyirdim. İndi geri qayıtmaq istəmədiyim üçün işimi dəyişmək istəyirəm. Bu yaxınlarda Ağdamda uşaq bağçası açılacaq. Bütün yayı Ağdamda oldum. Bura mənim üçün çox yaxşı idi, yay çox gözəl keçdi. Qardaşım kənddə qalır, arada gedib onlara da baş çəkirəm. Bakı heç yadıma düşmür. Artıq evimiz, işimiz, torpağımız, vətənimiz buradadır. Pəncərəni açanda azan səsi gəlir, insan keçmişdəki doğmalığı yenidən hiss edir”.

Milli Qəhrəmanın xanımı bildirib ki, qızlarından biri Bakıda, digəri isə Ağdamda çalışır. Onun sözlərinə görə, qızı Zümrüd işinə görə Ağdamda yaşayır, digər qızı Aynur isə tibb bacısıdır və hələlik işinə görə Ağdama köçə bilməyib: “Qızım Zümrüdün işi Ağdamdadır. Digər qızım Aynur isə tibb bacısıdır, işi ilə əlaqədar hələ Ağdama köçə bilməyib. Bir-birimiz üçün çox darıxırıq”.

Validə Bağırova Milli Qəhrəman Allahverdi Bağırova məxsus əşyaların və aksesuarların hələlik Bakıda saxlanıldığını da deyib: “Burada şərait yarada bilsəm, gətirəcəyəm”.

Validə Bağırova həyat yoldaşının qəbirüstü abidəsi ilə bağlı məsələdən də danışıb. O bildirib ki, Allahverdi Bağırovun abidəsinin nə zaman və harada qoyulacağı ilə bağlı ailəyə hələlik dəqiq məlumat verilməyib: “Allahverdinin qəbirüstü abidəsinin qoyulması ilə bağlı bizdə məlumat yoxdur. Biz də gözləyirik. Millət vəkili Ağalar Vəliyev onun büstünü hazırladıb. O da heç yerə qoyulmayıb. Həmin büst onu düzəldən şəxsin emalatxanasında qalıb. O, qəbirüstünə də qoyula bilər. Ağdamın hansısa hissəsində də ucaldıla bilər. Müraciət etdim, dedilər ki, icazə veriləndən sonra dövlət səviyyəsində qoyulacaq. Məzarının üstünə şəklini mərmər üzərində həkk etdirib vurmuşuq. Hələlik müvəqqəti olaraq düzəltmişik ki, zərər dəyməsin. İnşallah, əsaslı şəkildə qəbri götürülər”.