Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Zülfüqarlı qardaşları Baş Prokurorluğa qarşı çıxdılar və işi bərpa etdilər

Zülfüqarlı qardaşları Baş Prokurorluğa qarşı çıxdılar və işi bərpa etdilər

Zülfüqarlı qardaşlarına məxsus olan və Saray qəsəbəsində yerləşən polad istehsalı üzrə kustar sex fəaliyyətini bərpa edib. Sexin qeyri-leqal fəaliyyəti əmək təhlükəsizliyinin dəfələrlə pozulmasına və Baş Prokurorluq tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq bərpa olunub.

Virtualaz.org-un əməkdaşı xəbər verir ki, sexin işi bu gün səhər gizli şəkildə bərpa edilib.

Xatırladaq ki, sexin fəaliyyəti təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması və bunun nəticəsində bir neçə bədbəxt hadisənin baş verməsi, üç fəhlənin həlak olması səbəbindən dayandırılmışdı.

Belə ki, iyulun 26-da kəsim prosesi vaxtı içərisində yanacaq olan çən partlamışdı. Nəticədə, sexin fəhləsi – Masallı rayon sakini Ağamalı Qurbanov həlak olmuşdu. Bu faciəvi hadisədən 20 gün əvvəl armatur istehsalı prosesinin gedişində daha bir fəhlə ölmüşdü. Armaturun bir hissəsi onun qarnını cırmış, fəhlənin sağalmasına ehtimal qalmamışdı.

Daha bir fəhlə – 33 yaşlı Samir Hümmətov 2017-ci ilin iyun ayının 29-da analoji şəraitdə həlak olub.

Fəhlələrin ölüm hallarının araşdırılması və təhlükəsizlik qaydalarının yoxlanılması məqsədilə bədnam sexin fəaliyyəti dayandırılmışdı. Lakin Baş Prokurorluğun qadağasına baxmayaraq, bir neçə gün öncə sex fəaliyyətini bərpa edib.

Virtualaz.org-un daha öncə bildirdiyi kimi, bu kustar sex saxta iş adamları Zülfüqarlı qardaşlarının poladəritmə və armatur istehsalı üzrə qeyri-leqal şəbəkəsinə daxildir.

Zülfüqarlı qardaşları Azərbaycanda sistemli şəkildə qeyri-leqal və qanunsuz biznes qurublar. Hazırda bu qeyri-leqal şəbəkəyə dörd gizli sex daxildir.

Həmin gizli sexlərdə elementar təhlükəsizlik qaydalarına riayət olunmur və tez-tez bədbəxt hadisələr baş verir. Zülfüqarlı qardaşlarının sexlərində aşağı keyfiyyətli armatur, şveller, həmçinin kvadrat və dairəvi profillər hazırlanır ki, bunlardan inşaat-tikinti işlərində istifadə olunur. Maraqlıdır ki, keyfiyyətinin aşağı olmasına baxmayaraq, bu kustar məhsullar indiyədək yaşayış evlərinin və dövlət müəssisələrinin tikintisində, təmir işlərində istifadə edilir.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …