Ana səhifə / Cəmiyyət / Ziya Bünyadov Şeyxülislamın yazdığı kitaba hansı rəyi verib?

Ziya Bünyadov Şeyxülislamın yazdığı kitaba hansı rəyi verib?

Tarix elmləri doktoru olan Allahşükür Paşazadənin sovet ideoloji prinsiplərinə meydan oxuyan əsəri
Azərbaycanda din xadimlərinin sovet dövründə elm sahəsində fəaliyyəti ilə bağlı faktlar çox nadirdir. Halbuki, islam dini və dünyəvi elmlər arasında  münasibətləri əlaqələndirən əsərlər ictimai fikir tariximiz üçün çox vacib əhəmiyyət kəsib edir.
Bu baxımdan Qafqaz Müsəlmanları Ruhani İdarəsini sədri, Şeyxülislam Allahşükür Paşazadənin elmi fəaliyyəti diqqət çəkir.
A.Paşazadə tarix elmləri doktoru, professordur. Onun Azərbaycan islamşünaslığına qiymətli töhfəsi olan “Qafqazda islam: tarix və müasirlik” (1991),  “islamda ümmət və şüübilik” (1992), “Qurani Kərimin təfsiri və tərcüməsi tarixi” (1998), “İslam na Kafkaze” kitabları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Bu baxımdan Şeyxülislam Allahşükür Paşazadənin hələ SSRİ dönəmində yazdığı, elmi redaktoru akademik Ziya Bünyadovun olduğu   “Qafqazda İslam” əsəri Azərbaycan elmi tarixində öz layiqli yerini tutur. Sanballı elmi fikirlərlə ehtiva olunmuş bu kitab şərqşünas – tarixçilərin, dinşünasların elmi mənbə kimi istinad etdikləri dəyərli əsərdir. Bu əsər onun elmi fəaliyyətinin əsasını təşkil edir. 1991-ci ildə nəşr olunmuş kitab fundamental nəşrlərdən sayılır. Burada elmi mübahisə mövqeyindən maraqlı nəzəri mülahizələr təqdim olunur.
“Qafqazada islam” əsəri Qafqazda islam dininin tarixinə və bu gününə həsr olunub.  Bu elmi araşdırmada islamın Qafqazda yayılma tarixi,  onun bu arealda yaşayan  xalqlara təsiri araşdırılıb. Əsərdə islamın bölgədə yayılmağa başladığı vaxtdan bu günə kimi keçdiyi yol təhlil olunur, regionda islamdan əvvəlki dini etiqadlar barədə danışlır və ərəblərin Azərbaycana yürüşləri zamanı islam təliminin yerli əhali tərəfindən necə qəbul olunması barədə mənbələr əsasında geniş və detallı məlumat verilir. Eyni zamanda Şeyxülislamın müasir dünyada baş verən mürəkkəb və ziddiyyətli hadisələrə münasibəti açıqlanır. Bu günkü dünyada baş verən qlobal böhranlarda, insan cəmiyyətində nəzərə çarpan ixtilaflarda dinin missiyası nədir? Özünün bəşəri mesajlarını çatdırmaqda yetərli gücə malikdirmi? Din qlobal böhranların həllində hansı vacib köməyini göstərə bilər?
Araşdırmada Qarabağ münaqişəsinə də toxunulub.  QMİ sədri o zaman yenicə baş qaldırmış  bu münaqişənin heç bir dini kökü olmadığını qeyd edərək problemi “dini qarşıdurma” kimi təqdim edənlərin məkrli niyyətlərini ortaya qoyub.
Kitab həmin dövrə qədər Azərbaycanda islam və onun tarixinə dair sovet ideoloji platformasından kənar yazılan ilk araşdırmadır. O zaman qədər SSRİ-də islam dini, onun müasir vəziyyəti ilə bağlı əsərlər əsasən rus dilində və birtərəfli sovet şatmpları ilə yazılırdı.
Prezidentin dini məsələlər üzrə sabiq müşaviri, Dini Məsələlər üzrə Dövlət Komitəsinin keçmiş sədri Hidayət Orucov əsəri təhlil edərək yazır ki, tədqiqatçı-alim Paşazadə “mədəniyyət və din” münasibətlərində bəzi tədqiqatçılar kimi  milli –mənəvi dəyərləri dindən ayrı təsəvvür etmir, bu məsələləri kompleks halda görür: “Elmdə obeyktivliyə sadiq qalan Şeyxülislam islamı ideya kimi xaraketrizə edir, ancaq siyasi olanı da xatırladır, “qılınc müsəlmanları” fikrini dəstəkləyənləri elmlə alt-üst edir. Bəzi Qərb islamşünasları ilə elmi –nəzəri mübahisəyə girişərək onların “darül- islam” və “darül-hərb”  təsnifatına qarşı özünün “darül-əhd” – sülh dünyası qənaətini əlavə edir.  “İşğalsızlıq” ideyası, yəni ancaq “əhd”lə bir-birinə bağlanan islam dövlətçilyi ənənəsinin də olduğunu xatırladır”.
Şeyx bununla SSRİ zamanında dini sinfi mövqeydən tənqid edənləri tənqid edən ilk müəliflərdəndir. Həmin tənqidçilərin yazılarındakı dinin sinfi mövqedən tənqidi metodologiyası Şeyxülislamın elmi qənaətləri ilə köklü şəkildə əsassızlaşdırılıb. Elmi əsərində A. Paşazadə  qəbilə, icma təəssübkeşiyinə deyil, dini ortaqlıq ideyasına əsaslanmağı üstün tutur. “ümmət” anlayışnı sosial istiqmətdə qəbul etməyi məsləhət görür.
“Qafqazda islam” kitabında  elmlə dinin vəhdəti məsələsinə xüsusi ilə toxunulur. A.Paşazadə yazır ki, sovet zamanında xalqımızın ictimai fikir və fəlsəfəsi, tarix və mədəniyyətinin öyrənilməsi sahəsində aparılan tədqiqatlarda İslam çox vaxt nahaqdan, əsası olmadan geriçillik meyli ilə əlaqələndirilir, onun ümummədəni və əxlaqi dəyərləri heçə endirilirdi: “Yaradıcı fikir dühalarının əzəməti, nəhəngliyi, görkəmliliyi əksər hallarda İslama qarşı çıxıb-çıxmamaları ilə ölçülürdü. Unudulurdu ki, əsrlər boyu xalqın ictimai fikrini, mədəni ənənələrini, yüksəlişini, birliyini din müəyyən edib, elmin, maarifin, təhsilin ziyası dini mədrəsələrdən işıq saçıb. Dində baş verən donuqluğa, durğunluğa qarşı mübarizə heç də dinə qarşı mübarizə demək deyil. Mədəniyyət tarixində dinin yerini danmaq isə tarixin özünü danmaq deməkdir”.
“Qafqazda İslam” kitabının “İslam və elm” adlanan bölməsində Şeyxülislam Allahşükür Paşazadə islam və elmin bir-birini inkar etmədiyini müxtəlif faktlarla və müqəddəs kitabdakı ayələrlə göstərir.Şeyxülislam yazır ki, müasir cəmiyyətin inkişaf meylləri elm ilə dinin “qətiyyən uyuşmazlığı” barədə geniş rəvac tapmış yanlış fikrin əsassızlığını subut edir: “Din ilə elm arasında əzəli və əsla aradan qaldırılması mümkün olmayan ziddiyətlərin mövcudluğu barədə fikirlərlə razılaşmaq olmaz. İnsanı Allaha itaət etməyə çağıran islam eyni zamanda ona düşünməyi, dərk etməyi vacib buyurub. Odur ki, islamda iman kor-koranə itaət deyil, dərindən dərk edilmiş biliyə əsaslanır.  “Düşünmək” feli Quranda 50 dəfə işlənib. İslam ilə elmin üzvi əlaqəsi əzəli olaraq müsəlman təliminin ağla əsaslanmasından irəli gəlir. Quranda düşüncə yolu ilə bilik kəsb etməyin bütün usullarına işarə vardir. Tam qətiyyətlə demək olar ki, biliklə inam arasında fərq məsələsi nəzəri məsələ kimi islamda heç vaxt qoyulmayıb”-deyə A.Paşazadə kitabında yazır.
QMİ sədri vurğulayır ki, şeylərin mahiyyətinə nufuz etməyə can atan fikrin yolunu kəsmək mümkün olmadığı kimi elmin də idrak cəhdini məhdudlaşırmaq mümkün deyil: “İslamda inam sağlam düşüncəyə əsaslanır. Müsəlmanların şüurunda elm və din mənşəcə Allaha gedib çıxan iki təməl olduğundan insanın da Allahın yerdə xəlifəsi kimi elmi inkişaf etdirməyə haqqı vardır və bu onun borcudur”.
Kitabda islamda insan azadlığı məsələsi də müfəssəl şəkildə izah olunur. Qeyd olunur ki, insan azadlığı mövzusu öz müstəsna əhəmiyyətinə görə, islam fikir tarixində  hər hansı başqa bir mövzuya nisbətən daha kəskin şəkildə qoyulub. A. Paşazadə yazır ki, Quranda insana heç nə və heç kəs tərəfindən məhdudlaşdırılmayan iradə azadlığı, arzu və niyyətini sərbəst izhar etmək bacarığı bəxş edilməsinə dair aydın işarələr vardır: “İnsanın azadlıq istəyinə, azadlığa can atmasına güclü təkan verən bir amil kimi inamın əhəmiyyəti şəksiz və aydındır. İctimai sahədə islam belə bir mövqedən çıxış edir ki, azadlıq və demokratiya cəmiyyətin inkişafının əsas meyarlardır”.
A.Paşazadə öz əsərində ictimai ədaləti cəmiyyətin insanpərvərlik meyarı kimi qeyd edib. Onun fikrincə, islam bərabərliyi ictimai ədalətin ən mühüm qayələrindən biri hesab edir: “İslamda ictimai ədalət və bərabərlik təsəvvürləri dindarların öz niyyət və əməllərinin dini göstərişləri əsasında mənalandırmaq qabiliyyəti ilə bağlıdır. İslam öz ardıcıllarına başa salır ki, insanlar arasında ədalətli münasibətlərin bərqərar edilməsi bəşər övladının yerdəki güzəranını cənnətə çevirə bilər”.
Qeyd olunur ki, ictimai ədalətin bərqərar edilməsi uğrunda mübarizə hər bir vicdanlı adamın borcudur. “İslam subut etdi ki, cəmiyyət üçün sülhün nə əxlaqi, nə məntiqi, nə də başqa baxımdan haqq qazandırıla biləcək heç bir əvəzi yoxdur”.
Tədqiqatçı-alim Paşazadə “mədəniyyət və din” münasibətlərində bəzi tədqiqatçılar kimi  milli –mənəvi dəyərləri dindən ayrı təsəvvür etmir, bu məsələləri kompleks halda görür.
Şeyxülislamın kitabında müasir islamşünaslıqda özünü göstərən “dinin saflığı”nı  yenidən bərpa etmək cəhdlərinin tənqidi də nəzərə çarpan xətdir.
Görkəmli alim, akademik Ziya Bünyadov yazır: “”Qafqazda İslam” əsərində hər şeydən əvvəl fəlsəfi ümumiləşdirmələr aparılmış, Şeyx sübut etmişdir ki, İslam Qafqazda və başqa regionlarda hərbi-iqtisadi işğal nəticəsində deyil, öz mədəni qüdrəti, mənəviyyat yaratma imkanları sayəsində yayılmışdır”.
Allahşükür Paşazadə 1991-ci ildə bu elmi əsərini Azərbaycanın görkəmli alimi, akademik Azad Mirzəcanzadənin rəhbərlik etdiyi Ali Attestasiya Komitəsində uğurla müdafiə edərək professor elmi dərəcini alıb.
Müşahidəçilərin fikrincə, “Qafqazda islam” dünya teologiyasına daxil olan qiymətli əsərlərdən hesab olunur.
1998-ci ildə Şeyxülislam Allahşükür Paşazadə “Quranın təfsiri və tərcüməsi tarixi” adlı kitabı işıq üzü görüb. Quranşünaslıq A.Paşazadənin elmi fəaliyyətində xüsusi yer tutur. Təhlilçilərin fikrincə, o, bu sahədəki elmi-kütləvi işlərində təsbitləşmiş müasir metodoloji prinsiplərə üstünlük verməklə yanaşı, bütövlükdə islamşünaslığın 1400 illik ənənəsinə sadiq qalıb. “Quranın təfsiri və tərcüməsi tarixi” geniş mənbəşünaslıq üzərində hazırlanıb. QMİ sədri bir çox orta əsr müsəlman alimlərinin, o cümlədən Cəlaləddin Siyutinin, İlməddin Sə­xavinin, Mühasibinin, Mücahidin, Nəvəvinin, Şeyx Səduqun, Şeyx Müfidin, Səlahəddin Səfədinin, Rağib əl-İsfəhaninin, İbn Xaləveyhin, İbn əl-Cəzərinin, Küleyninin və başqalarının, habelə Təbəri, İbn Quteybə, İbn Kəsir, Qurtubi, Beyzavi, Təbərsi, Tusi kimi mötəbər müfəssirlərin əsərlərini, Quranın tədqiqi sahəsində Qərb məktəbi nümayəndələrinin – A.Rippinin, R.Blaşerin, A.Arberrinin, F.Hittinin, Yusif Əlinin, Muhəmməd Əlinin kitablarını da tədqiqata cəlb edib.
Şeyxülislamın qeyd olunan əsərləri müstəqillik illərində Azərbaycanda islamşünaslığın inkişafı üçün böyük əhəmiyyət kəsb edən əsərlərdir. Onlar Azərbaycanda elmi islamşünaslığın təməli üçün vacib əhəmiyyəti daşıyır.
Allahşükür Paşazadə Prezident Yanında Ali Attestasiya Komissiyasının Ekspertlər Şurasının üzvü, BDU-nun professorudur. QMİ sədrinin elmi fəaliyyəti nəinki ölkəmiz daxilində, hətta onun hüdudlarından kənarda yerləşən xarici ölkələrdə, o cümlədən ərəb ölkələrində nüfuzlu elm mərkəzləri tərəfindən etiraf edilib. O, İordaniya Kral Akademiyasının müxbir üzvüdür.
Elmə yüksək dəyər verən Şeyxülislamın təklifi ilə Qafqaz Müsəlmanları İdarəsi nəzdində Elmi-Dini Şura da yaradılıb.
Şeyxülislam Allahşükür Paşazadənin elmi fəaliyyəti də dini və ictimai fəaliyyəti ilə vəhdət təşkil edir. Onun əsərləri islamşünaslığa dair tədqiqatlara böyük təsir göstərib. Bu əsərləri ilə Şeyxülislam Allahşükür Paşazadə özünü təkcə din xadimi kimi deyil, həm də istedadlı tarixçi və filosof kimi tanıda bilib. (Modern.az)

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …