Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Yeni Milli Məclisdəki 11 partiya niyə fraksiya yaratmaq istəmir?

Yeni Milli Məclisdəki 11 partiya niyə fraksiya yaratmaq istəmir?

Araz Əlizadə: “İndiki parlamentdə bizimlə eyni əqidədə olan partiya yoxdur”

Ülkər Abdullayeva: “Biz başqa partiyalarla işbirliyinə, vahid siyasi qərarlara ehtiyatla yanaşırıq”

Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə görə, Milli Məclisə seçkilərdə 125 yerin 71-ini Yeni Azərbaycan Partiyasından (YAP) olan namizədlər qazanıb. Bu seçkidə 39 nəfər bitərəf namizəd qalib olub. Parlamentə düşən partiyalar arasında BAXCP, ADİP, BQP, MDHP, VHP, ASDP, “Vəhdət”, VBP namizədləri var.
“Azadlıq-2015” blokundan olan namizədlərin heç biri ilkin nəticələrə dair siyahıda yoxdur.
Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçirilib. Milli Məclisə seçkilərdə 125 yer uğrunda 767 namizəd, 22 partiya mübarizə aparıb.
Göründüyü kimi, parlamentə çoxpartiyalı bir palitra yaranır. Ancaq say baxımından onların mövqeyi çox da güclü deyil. Parlamentdə təmsil olunacaq partiyalar fraksiya yaratmaq kimi fikrə necə yanaşır?
Yeni parlamentdə təmsil olunacaq Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə açıqlamasında bildirdi ki, onların heç bir partiya ilə fraksiya yaratmaq kimi fikirləri yoxdur:

“Çünki fraksiya tamamilə başqa mənanı ifadə edir. Çoxları bunu kiməsə qarşı birləşmək kimi yozur, ancaq əsla belə deyil. Fraksiyada eyni əqidədə olanlar birləşir. İndiki parlamentdə isə bizimlə eyni əqidədə olan partiya yoxdur. Bilirsiniz ki, biz sol təmayüllü partiyayıq. Parlamentdə yer alanların içində belə oriyentasiyalı partiya yoxdur. Bu səbəbdən də hansısa fraksiyaya qoşulmağı düşünmürük”.
Parlamentə mandat qazanan partiyalardan biri də Azərbaycan Demokratik İslahatlar Partiyasıdır. Partiyanın Siyasi Şura üzvü və mətbuat xidmətinin rəhbəri Ülkər Abdullayeva qəzetimizə açıqlamasında bildirdi ki, onların da yeni parlamentdə fraksiya yaratmaq fikri yoxdur:

ULKER-ABDULLAYEVA

“Mövcud qanunvericiliyə görə, Milli Məclisdə rəsmi fraksiya yaratmaq üçün 25 mandat tələb olunur. YAP-dan başqa heç bir partiyanın belə şansı yoxdur. Müxalifət partiyalarının hamısının mandatı birlikdə fraksiya yaratmağa imkan vermir. Sadəcə müxalif partiyaların deputatlarının müəyyən məsələlərdə əməkdaşlığından söhbət gedə bilər. Amma artıq təcrübədən bilirik ki, bizdə belə əməkdaşlığın sonu münaqişələr, qarşılıqlı ittihamlarla bitir. Ona görə də Demokratik İslahatlar Partiyasının daxili qərarı var ki, biz hər hansı siyasi bloka, fraksiyaya qoşulmuruq. Fəaliyyətimizi də onlara görə qurmuruq. Bizim öz dəst-xəttimiz, öz prioritetlərimiz var. Hədəflərimizə çatmaq üçün doğru bildiyimiz yolla gedirik. Əlbəttə, çox istərdik Azərbaycanda siyasi mədəniyyət o səviyyədə olsun ki, biz digər partiyalarla ümummilli məsələlərdə vahid platforma yarada bilək. Amma hazırkı şərtlər buna imkan vermir. Azərbaycanda siyasi mədəniyyət yetərincə formalaşmayıb.
Partiyalar bir-birinə qarşı dözümsüzlüyə meyllidir. Başqalarının pozitiv fikir və təkliflərini qəbul etmək, sağlam tənqidə əsaslanmaq, tənqid etdiyin sahənin islahatı ilə bağlı müvafiq təkliflər irəli sürmək kimi hallar çox azdır. Biz ona görə başqa partiyalarla işbirliyinə, vahid siyasi qərarlara ehtiyatla yanaşırıq. Düşünürük ki, xoş niyyətimizi düzgün qəbul etməzlər və biz bununla vaxtımızı, enerjimizi itirmiş olarıq”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın