Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin Dramaturgiya şöbəsinin rəhbəri Firuz Mustafa meyxana ifaçısı Namiq Mənanın qurumun Qubadlı rayon şöbəsinə sədr seçilməsinə münasibət bildirərkən deyib: “Deyilənə görə meyxana ustasıdır. Mənə elə gəlir ki, təkcə Qubadlının yox, digər qaçqın rayonlarının hamısının birlikdə – cəm halında filialını yaradıb oraya yaradıcı bir adamı rəhbər təyin etmək olardı”.

Gənc şair Aqşin Yenisey istər ədəbiyyatın, istərsə də medianın şikəst tərəfi hadisələrin psixoanalizini aparmağa cəhd etdiyini bildirərək, daha çox səthi və emosional tərəfinə işıq tutmasını vurğulayıb: “AYB yumurtadan çıxandan bəri hökumətə qulluq etmək üçün yaradılmış bir ədəbi orqandır və vaxtilə bu işi Misir köləsindən də uğurlu icra edib. İndi hökumətin bu təşkilata ehtiyacı yoxdur, odur ki, kafe işlətmək, meyxanaçılarla hərlənmək və s. kimi başgirləyən işlərlə məşğuldur. Bir də gördünüz Natəvan klubunda xınayaxdı axşamları təşkil etdilər, nə bilim, Çingiz Abdullayev foyedə gənc Dronqolar üçün dənəsi 1 manatdan tir atıcılığı təşkil etdi və s. Yəni demək istədiyim odur ki, artıq orda baş verənlərin ədəbiyyatla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Namiq Məna təyinatı da onu göstərir ki, AYB bundan sonra şou-biznesə qatılmaq istəyir, bəlkə də, şadlıq sarayı kimi fəaliyyət göstərəcək. Və inanın ki, oradan gələn nağara səsi indiki yazıçı, şair sükunətindən qat-qat maraqlı olacaq”.