Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Yaşar Nurinin 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib

Yaşar Nurinin 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Yaşar Nurinin 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

Tanınmış incəsənət xadimlərinin iştirakı ilə keçən gecədə mərhum aktyorun həyat yoluna nəzər salınıb, onun teatr və kino sahəsində bənzərsiz bir aktyor olduğu vurğulanıb.

Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Yaşar Nuri yaddaqalan obrazları ilə həmişə xalqımızın ürəyində yaşayacaq. Təkrarsız və bənzərsiz istedada malik bu sənətkar özünəməxsus lirik koloritlə tamaşaçıların rəğbətini qazanıb və istənilən azərbaycanlının sevimli aktyoruna çevrilib. Özünəməxsus səhnə mədəniyyəti və davranışı, improvizə qabiliyyəti, yaradıcılıq istedadı, obrazlara məxsusi yanaşma tərzi onu bir çox aktyor yoldaşlarından, həmkarlarından fərqləndirirdi. Onun film və tamaşalarda səsləndirdiyi bəzi fikirlər az qala hər birimizin dilində gündəlik işlədilən və tez-tez rast gəldiyimiz ifadəyə çevrilib.

“O bizi tərk etsə də onun özündən sonra qoyub getdiyi miras davamçıları tərəfindən yaşadılmalıdır. Çox istərdik ki, teatr səhnəsində Yaşar Nuri kimi fədakar və istedadlı aktyorlar yetişsin”, – deyə nazir bildirib.

Azərbaycan kino sənətinin görkəmli aktyoru olan Yaşar Nuri hələ sovet dönəmində Əməkdar artisti adını almışdır. Sonrakı dövrlərdə də Yaşar Nuri müxtəlif fəxri adlarla təltif olunub. 1989-cu ildə o, Xalq artisti, 1991-ci ildə dövlət mükafatı, Prezident İlham Əliyevin 2011-ci il 1 sentyabr tarixli Sərəncamı ilə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə Yaşar Nuri “Şöhrət” ordeni ilə təltif edilib.

Sonra nazir Azərbaycan xalqını qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib, müharibədə qoyulan prinsiplərin teatr və kino sahəsində də tətbiq edilməsini arzulayıb.

Teatrşünas-tənqidçi, professor İlham Rəhimli deyib: “Azərbaycanın teatr və kino sənətində nadir sənətkatlardan biri də Yaşar Nuri idi. Yaşarın həssas ürəyi olduğu üçün tamaşaçının daxilində keçən duyğuları hiss edə bilirdi. O, Azərbaycanın nadir sənətçilərindəndir ki, satira, faciə və komediya janrında bənzərsiz rollar yaradıb. O, yeganə aktyorlardandır ki, kukla teatrında rol oynayıb. Onun daxilində o qədər enerji var idi ki, obrazlı şəkildə desək onunla su dəyirmanını hərəkətə gətirmək olardı”.

Yaşar Nuri ilə bağlı xatirələrini bölüşən rejissor Vaqif Mustafayev deyib: “Yaşar Nuri canlandırdığı obrazı o qədər yaşayırdı ki, film bitəndən sonra həmin obrazdan uzun müddət çıxa bilmirdi. Xarici qastrol səfərlərində də Yaşar öz istedadı ilə tamaşaçıların üzündə təbəssüm yaradırdı. “Hər şey yaxşılığa doğru” filmində Yaşar Nuri “Pobeda za nami” (Qələbə bizimlədir) sözünü işlətmişdir. Belə də alındı, apardığımız 44 günlük müharibədə Azərbaycan xalqı uzun illər gözlədiyi Zəfəri qazandı”.

Xalq artisti Brilliant Dadaşova, əməkdar artistlər Teymur Əmrah və Aybəniz Haşımova, Yaşar Nurinin qızı Ülkər Nuriyeva gecənin musiqili qonaqları olublar.

Tədbirdə çıxış edən digər qonaqlar da Yaşar Nurinin kino və teatr yaradıcılığı haqqında fikirlərini bölüşüb, onunla bağlı xatirələrini danışıblar.

Bildirilib ki, Yaşar Nuri hələ kiçik yaşlarında ikən səhnədə rol alıb. İlk dəfə on bir yaşı olarkən “Toy kimindir?” tamaşasında Tapdıq rolu ilə səhnədə rol alan unudulmaz aktyorumuz Yaşar Nuri televiziyada “Yelkən” verilişinin aparıcısı olub, “Buratino”, “Qaranquş”, “Pioner” uşaq verilişlərində iştirak edib. Onun yaradıcılıq arealı bununla məhdudlaşmır. Dəyərli sənətkarımız müxtəlif dram dərnəklərində iştirak edib, görkəmli kino və teatr xadimlərimizdən dərs alıb.

Aktyor teatr səhnəsində çoxsaylı obrazların mahir ifaçısı olub. Sevilən sənətkarımızın Azərbaycan teatr səhnəsində “Övlad” komediyasında Silva, “Bağlardan gələn səs” dramında Pərviz, “Ölülər” əsərində Məşədi Oruc, “Od gəlini” dramında Altunbay, “Büllur sarayda” pyesində Bayandur, “Bizim qəribə taleyimiz” pyesində Davud, “Bəşərin komediyası və yaxud Don Juan” əsərində Sqanarel, “Dəli yığıncağı” faciəsində Sərsəm Salman, “Fəryad” əsərində Rəhman, “Mesenat” əsərində Ağamusa Nağıyev, “Sevil” əsərində Əbdüləli bəy, “Qanlı Nigar” pyesində Abdi, “Gülüstanda qətl” pyesində Şahməmməd İsmiyeviç, “Afət” əsərində Xandəmir və sair rolları ona geniş tamaşaçı rəğbəti qazandırıb.

Qeyd olunub ki, Yaşar Nuri, eyni zamanda, hamı tərəfindən sevilərək izlənilən televiziya tamaşalarında da yaddaqalan obrazların görkəmli ifaçısıdır. Çoxlarımız Yaşar Nurinin baş rol ifaçısı olduğu tamaşaları sevə-sevə izləyirik. Yaşar Nuri Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qatarda”, “Evləri köndələn yar”, “Qonşu qonşu olsa”, “Kökdən düşmüş piano”, “Topal Teymur”, “Yarımştat”, “Ac həriflər”, “Göz həkimi”, “Yaşıl eynəkli adam”, “Səni axtarıram” trilogiyasında və bir çox teletamaşalarda bənzərsiz rolların mahir ifaçısına çevrilib. Bir çoxunun yaddaşında Yaşar Nuri “tamada Surxayzadə”, “Gülərin Həsənağası”, “Gülnarın Elçini”, “çəkməçi Dadaşov”, “ac həriflərin Həsən dayısı”, “fotoqraf Əli bəy” və digər obrazlarda qalıb. Bu da aktyorun istənilən obrazı yaddaqalan və unudulmaz canlandırmasından irəli gəlir.

Qeyd olunub ki, böyük sənətkarın aktyorluq fəaliyyəti bununla məhdudlaşmır. Kino sahəsində də bir-birindən parlaq obrazlar yaradan sevimli sənətkarımız “Dörd bazar günü”, “Bəyin oğurlanması”, “Ad günü”, “Yol əhvalatı”, “Yaramaz”, “Yuxu”, “Hər şey yaxşılığa doğru”, “Lətifə”, “Qətl günü”, “Fransız”, “Yoxlama” və sair filmlərdə rol alıb.

Gecədə Yaşar Nurinin teatr tamaşaları, filmləri və televiziya tamaşalarından fraqmentlər nümayiş olunub.

Sonda mərhum aktyorun qızı Ülviyyə Nuriyeva tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyi və Akademik Milli Dram Teatrının rəhbərliyinə təşəkkürünü bildirib.

Yaşar Nurinin 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …