Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Yasamalda söküntü qalmaqalı böyüyür – VİDEO

Yasamalda söküntü qalmaqalı böyüyür – VİDEO

Yasamal rayonu, Zahid Xəlilov küçəsinin sakinləri arasında söküntü qalmaqalı yaşanıb. Zahid Xəlilov 36A, 36B, 36V, Əhməd Cəmil 23, 25, 27 və Şəhriyar küçələrinin kəsişməsində ikimərtəbəli binaların sökülərək yerində hündürmərtəbəli binanın tikilməsi bu ərazidə yaşayan sakinləri narazı salıb.

Sakinlərin dediyinə görə, Yasamal Rayonu İcra Hakimiyyəti və tikinti şirkətinin nümayəndələri əraziyə gələrək, pilot layihə adı altında ikimərtəbəli köhnə tikililəri söküb, yerində hündürmərtəbəli bina tikəcəklərini bildiriblər. Lakin ətrafdakı binaların sakinləri hündürmərtəbəli binanın tikilməsini doğru hesab etməyərək, etiraza qalxıblar. Həmin binada məskunlaşan 30-a yaxın ailə də bununla razılaşıb. Mənzillərinin yerində yeni hündürmərtəbəli bina tikilənədək şirkət onları kirayələrə köçürəcəyini vəd verib. Yasamal Rayonu İcra Hakimiyyətinin nümayəndələrinin dуdiyinə görə, 18 ay müddətində binanın tikintisi yekunlaşacaq.

Musavat.com-un müxbiri adıçəkilən ünvanda olub və sakinlərin gileyini dinləyib.

Adının çəkilməsini istəməyən sakin qeyd etdi ki, həyətlərində hündürmərtəbli binanın tikilməsi onların həyat şəraitini məhdudlaşdıracaq: “Biz həmin ərazidə yerləşən 2 mərtəbəli 3 ədəd fin layihəli binaların (cəmi 24 mənzil var) sökülməsinə etiraz etmirik. Əksinə, həmin binaların sökülməsini və ərazinin abadlaşdırılmasını istəyirik. Lakin, həyətimizdə 14 mərtəbəli bina tikilərsə, bizim yaşadığımız mənzillərə təbii günəş işığının düşməsi, mənzillərin təbii havalanması mümkünsüz olacaq, qapalı həyətdə sakinlərin istirahəti, uşaqların oynaması üçün yer qalmayacaq, nəinki avtomobillə, ayaqla belə hərəkət etmək çətinləşəcək. Nəzərə alınmalıdır ki, göstərdiyimiz binalarda 300-dən çox mənzil var və hər mənzildə orta hesabla 4-5 sakin yaşayır. 1200-1500 sakinin yaşadığı binaların yeganə çıxış imkanı, şəhərə çıxışı üçün yolu keçən həyətdə hündürmərtəbəli binanın tikintisi bizim öz mənzillərimizdə rahat, sanitar-epidemioloji şəraitdə yaşamağımızı məhdudlaşdıracaq. Avtomobillərin saxlanması üçün park yerləri, uşaqların çıxması, oynaması, yaşlıların istirahəti üçün başqa bir yer yoxdur. Bizim binalar 3 tərəfdən: Ə.Cəmil, Şəhriyar, Z.Xəlilov küçələri, bir tərəfdən də elə həmin ««ELİTE CİTY» MMC-nin hazırda tikintisini davam etdirdiyi 16 mərtəbəli 4 bloklu yeni tikili ilə əhatələnib”.

Artıq bir neçə gündür ki, davam edən qalmaqaldan sonra sakinlər məhkəməyə müraciət ediblər.

Hadisə yerinə gələn 1 saylı İnzibati İqtisad Məhkəməsinin hakimi Müseyib Bayramov tikinti aparılacaq əraziyə baxış keçirib və sakinlərin gileyini dinləyib. M.Bayramov müvafiq ölçü işləri apardıqdan sonra qərar verəcəyini bildirib.

Bina sakini, hüquqşünas Habil İsgəndərov aparılan tikinti işlərinin tikinti normalarına uyğun aparılmadığını bildirdi: “Yasamal rayonu Arxitektura Komitəsinin bizim əlimizdə 3 sərəncamı var. 1 may, 16 may və 10 iyul tarixli məktubları var ki, burada planlaşdırılan binaların tikintisi məqsədəuyğun deyil. Komitə o layihəni təsdiq etmir. Onun yerində yalnız 3 mərtəbəli qeyri-yaşayış binası tikmək olar. Bu Şəhərsalma və Arxitektura Komitəsinin rəyidir və ondan qaçmaq olmaz. Binanın hündürlüyü 50 metrdirsə, minimum 30 metr ara məsafələr olmalıdır. Əgər burada 50 metr hündürlükdə bina tikilirsə, hər iki bina ilə arasında 30 metrlik boşluq olmalıdır. Ancaq bu boşluq qalmır. İndi ölçüldü və məlum oldu ki, iki bina arasındakı məsafə 59 metrdir. Tikiləcək binanın enini 20 metr nəzərdə tutsaq, hər iki bina ilə arada 18,5 metr məsafə qalır ki, bu da standartdan kənardır, tikinti qaydalarına ziddir.

1 saylı İnzibati İqtisad Məhkəməsinin hakimi Müseyib Bayramovu dəvət etdik, gəlib özü də baxış keçirdi. Bundan iki gün öncə də məhkəmə iclası oldu. Orada da mübahisəli məqam yaranıb ki, binalar arasında məsafə nə qədərdir, yerləşmə necədir. Hələ ki, məhkəmənin qərarını gözləyirik.

Biz 35 sakinin imzası ilə məhkəməyə ərizə yazaraq iddia qaldırmışıq ki, binanın tikintisi ilə bağlı İbrahim Mehdiyevin verdiyi 21 iyun, 2017-ci il tarixli sərəncam ləğv edilsin. Bu sərəncamda isə iki girişli yaşayış binasının tikiləcəyi göstərilib, mərtəbələrin sayı isə göstərilməyib. Tikinti şirkəti isə 14 mərtəbə göstərib.

Söküləcək ərazidə 24 mənzil var. Ətrafdakı binaların sakinləri də narazıdırlar. 150-200 nəfərin imzası ilə ölkə rəhbərliyinə də müraciət göndərilib. Məhkəmə iddiasına isə hər blokdan 3-4 nəfər imza atıb”.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

 

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın