Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Yaddaşlarda yaşayacaq “Zəng”in səsi hələ uzun illər səslənəcək – FOTOLAR

Yaddaşlarda yaşayacaq “Zəng”in səsi hələ uzun illər səslənəcək – FOTOLAR

“Azərbaycan Televiziyasının “Sabah” Yaradıcılıq Birliyində ikihissəli, tammetrajlı bədii filmin istehsalına başlanıb. “Zəng” adlı tammetrajlı bədii filmin ssenari müəllifi və quruluşçu rejissoru, tanınmış rejissor, “Sabah” Yaradıcılıq Birliyinin rəhbəri Şərif Qurbanəliyevdir”.

İyulun əvvəlində ilk dəfə bu cümlələri yazaraq, “Zəng” filminin xeyirli müjdəsini yaymışdım. Tanınmış rejissor Şərif Qurbanəliyevlə ilk söhbətimdə anlamışdım ki, Azərbaycan Televiziyasından növbəti baxımlı, maraqlı, unudulmaz film-tamaşanın sorağı gəlir.

Hələ Cahangir Novruzovun uzun fasilədən sonra yenidən AzTv-də çıxış edəcəyi, Şərif müəllimin təbirincə desək, “köhnə qvardiyanı” bir araya toplaması xəbəri məni hamıdan çox sevindirmişdi.

Yaddaşlarda yaşayacaq Zəng

Avqust ayının 26-dan “Zəng”in çəkilişlərinə start verildi. Afaq Bəşirqızı, Səidə Quliyeva, Cahangir Novruzov, Fərhad İsrafilov, Qurban Məsimov, Elşən Çarhanlı, Salman Bayramov, Cəfər Namiq Kamal, Məbud Məhərrəmov və neçə-neçə görkəmli sənətkarlarımız bir araya gələrək, “Zəng”in “səsini dinləməyə”, “Zəng”in “səsi olmağa” yığışdılar. Beləliklə də, növbəti maraqlı, yaddaqalan televiziya filmi yarandı.

Sentyabrın ilk günlərində isə görkəmli sənətkarımız Cahangir Novruzov da “Zəng”in çəkilişlərinə qoşuldu. Peşəkarların bir araya gəldiyi çəkiliş komandası sentyabr ayının 23-də “Zəng”in son kadrlarını ekranlaşdıracaq və beləliklə bir ay davam edən gərgin iş prosesi başa çatacaq.

“Zəng” filminin çəkiliş prosesində iştirak etmək şərəfi mənə də qismət oldu. İki gün “Sabah”ın “Zəng”çiləri ilə birlikdə oldum. Məhz bu səbəbdən də bütün yaradıcı heyətə, xüsusilə Şərif Qurbanəliyevə və filmin direktoru Arif Kərimova minnətdarlığımı bildirirəm.

İştirak etdiyim ilk çəkiliş günümdə Xalq artistləri Cahangir Novruzov, Səidə Quliyeva, Əməkdar artistlər Fərhad İsrafilov, Elşən Çarhanlı və 10 yaşlı aktyor Əziz var. Hər kəs bütün gücünü, diqqətini sərf edərək, kamera qarşısına keçib. 

Yaddaşlarda yaşayacaq Zəng

Çəkiliş məkanında xoş əhval, pozitiv ab-hava duyulur. Hər kəs sevinclidir. Zarafat deyil, uzun illərdən sonra “Sabah” Yaradıcılıq Birliyində yeni iş, qaynar yaradıcılıq prosesi canlanıb. Kadrarxası söhbətlər rejissor Şərif Qurbanəliyevin “motor” kəlməsi ilə başa çatır. Çəkiliş meydançasında ani sükut hökm sürür. Təkcə kameranın “hənirtisi” eşidilir.

Fasilədə mehriban insan, gözəl sənətkar Səidə xanıma yaxınlaşıram. Filmdə Anaxanım obrazını ifa edən Xalq artisti Səidə Quliyevanın sevincinin həddi-hüdudu yoxdur.

“Çox sevindim ki, nəhayət “Sabah” Yaradıcılıq Birliyi yenidən fəaliyyətə başladı. Bilirsiniz ki, bizim bütün aktyorlar bu xəbərə çox sevindilər. Eləcə də mən. Mənim dəfələrlə “Sabah” Yaradıcılıq Birliyində iş birliyim olub. Xalqımız tərəfindən çox sevilən və bütün bayramlarda göstərilən “Bala başa bəla” tamaşası “Sabah” Yaradıcılıq Birliyində çəkilib. Şərif müəllimlə işləmişik. Ramiz Həsənoğlu baş prodüserimiz olub. Ona görə də “Sabah” Yaradıcılıq Birliyi mənə müraciət edəndə çox böyük məmnuniyyətlə onlarla çalışdım. Artıq tamaşanın çəkilişlərinin bitməsinə az qalıb. Son çəkilişlərimiz gedir. Gərgin və məsuliyyətli çəkilişlərimiz oldu. Sizə deyim ki, hər zaman belə kollektivin arzusunda olmuşam. Kollektivimiz o qədər mehriban, o qədər işgüzardır ki… Əgər kollektivdə mehribançılıq varsa, iş qaydası ilə gedirsə, işə yanaşma prodessional və ciddidirsə orada istehsal edilən məhsul, yekun çox gözəl alınır. Mən bunun dəfələrlə şahidi olmuşam. Bu gün də şahidəm ki, bizim işimiz çox uğurlu alınacaq. Tamaşaçılar yenə də bayramlar ərəfəsində sevinəcəklər. Bayram günlərində bu tamaşaya baxacaqlar. Tamaşanın məzmunu barəsində danışmaq istəmirəm. Məzmunu dəyərləndirməyi tamaşaçıların ixtiyarına verirəm. Qoy sürpriz olsun. Böyük məmnuniyyətlə bu kollektivlə işləmişəm. Çünki uzun zaman çəkiliş prosesindən uzaqlaşmışdım. Teatr tam fərqlidir. Bura isə tam başqadır. Hətta uzun müddətdən sonra mənə təklif gələndə düşündüm ki, görəsən bacararam? (Gülür) Amma Allaha şükür ki, bacardım. Bu filmdə də “Bala başa bəla”tamaşasında olduğu kimi Cahangir Novruzovun həyat yoldaşı rolunu ifa edirəm. Cahangiri aktyor kimi çox sevirəm. Afaq xanım Bəşirqızı isə yenə də baldızımdır. Amma bu obrazlar təbii ki, “Bala başa bəla”dan tam fərqlənir. Bu filmdə mənim tərəf müqabillərim olan Fərhad İsrafilov, Qurban Məsimovla yenidən birlikdə çəkilirəm. Çox sevdiyim aktyorlardır.Onlarla işləyəndə o qədər rahat, yüngül oluram ki,…Çox gözəl auraları var. Pozitivdirlər. Yarım kəlmədən biri-birimizi başa düşürük. Hiss edirik. Tərəf müqabili doğrudan da çox önəmlidir. Sonra Afaq xanım Bəşirqızı. Afaq xanımla çalışmaq bir başqadır.

Yaddaşlarda yaşayacaq Zəng

“Zəng”in baş rol ifaçısı- Ataxan obrazını yaradan Cahangir Novruzov məxsusi bu obrazı canlandırmaq üçün Türkiyədən Bakıya gəlib.

“Zəng” filminin çəkilişləri gedir. Çəkilişlər yüksək səviyyədə, tam gücü ilə davam edir. İndi baxaq görək necə alınacaq. Filmlə bağlı bir nigarançılığım var. Nigarançılığım ondandır ki,filmin içərisində mənim rolum təkdir. Təkəm. Obraz – komada olan bir adamın xəyalıdır. Bəlkə belə olması daha yaxşıdır. Bəlkə də pisdir. Bilmirəm. Amma Allah qoysa meydançada rejissorla anlaşacayıq. Yəni mənim də düşüncələrim var. Doğrusu, yaxşısı nədirsə onu eləməyə çalışacayıq .Bu filmdə psixoloji vəziyyət var. Həmin psixoloji vəziyyəti doğru çözmək lazımdır. Uzun zamandır çəkilmirik. Bu film-tamaşa Azərbaycan teletamaşaları sevən tamaşaçılara bir töhfədir. İnşallah, o töhfə gözəl bir hədiyyə olar. Və tez-tez bayramlarda, özəl günlərdə göstərilməyə layiq bir əsər olar . İnşallah, bu “Zəng” də həmin incilərdən birinə çevrilər. Diləyimiz, düşüncəmiz, arzumuz budur. Filmin bütün çəkiliş qrupuna, aktyorlardan tutmuş bütün yaradıcı heyətə, bizim texniki heyətə qədər hamıya həm təşəkkür edirəm, həm də can sağlığı və uğur arzu edirəm ki, bu filmi gözəl bir şəkildə başa yetirək. Mən elə bilirəm ki, tamaşaçılar filmimizi bəyənəcək.

Yaddaşlarda yaşayacaq Zəng

“Zəng”in Qızbəsi, Ataxanın bacısı, Anaxanımın baldızı və hamımızın sevimlisi Afaq Bəşirqızı

“Çox şükürlər olsun ki, mən yenidən Şərifimlə çalışdım. Şərif Qurbanəliyevlə. Tamaşaçılar Şərifi “Yarımştat” və “Bala başa bəla” tamaşasından tanıyırlar. Mən indi Ramiz Həsənoğlu ilə ünsiyyətdə olacam. Ramiz müəllim bizim ustadımızdır.Onlar bizi tanınmağımızın, geniş tamaşaçı kütləsinə sevdiriblər”. “Zəng” filmi yeni film yeni sevinc, yeni obrazdır. Aktyor üçün yeni yaradıcılıq səhifəsidir. Uzun fasilədən sonra yenidən Şərif Qurbanəliyevlə birlikdə çalışmaq çox xoşdur. Yeni obrazla sevimli tamaşaçıların görüşünə gəlirəm. İnşallah inanıram ki, çəkdiyimiz zəhmətin bəhrəsini tamaşaçılarımız alqışları, sevgiləri ilə bizə qaytaracaqlar.

Yaddaşlarda yaşayacaq Zəng

Ağakişi obrazının ifaçısı Əməkdar artist Fərhad İsrafilov çəkiliş prosesindən çox razıdır.

Çəkilişlər çox əla, yüksək səviyyədə gedir.Şərif müəllimlə mənim birinci yaradıcılıq işimdir. Amma dostluğumuzun tarixi çox böyükdür. Çoxdan dostluq edirik. Hər zaman onun çəkdiyi tamaşalara baxıb, çox bəyənmişəm. Şərif müəllimin özünün yumoru var. Çox istəyirdim ki, Şəriflə birlikdə nəsə edək.Bir dəfə “Bəylik dərsi”i çəkəndə birlikdə işimiz olacaqdı, amma sonra alınmadı. Qismət bu günəymiş. Rolum çox maraqlıdır. Bu filmdə iki müsbət obraz varsa bunların da biri Ağakişidir. Ağakişi filmin əsas qəhrəmanı Ataxanın yaxın dostudur. Dostluğunda da çox sədaqətli adamdır. Sonadək Ataxana sadiq qalır. Mən filmin süjet xəttini çox danımşaq istəmirəm. Tamaşaçılarımız intizarda qalsın və filmi səbirsizliklə gözləsinlər. Xarakter etibarılə də obraz mənə çox yaxındır. Çünki mən də bu dünyada xəyanəti, xainliyi bağışlamıram. Mən hesab edirəm ki, əsl kişi mərd olmalıdır. Bu filmdə də bu mövzular öndədir və qabarıqdır. İnanıram ki, işimiz maraqlı olacaq.

Yaddaşlarda yaşayacaq Zəng

Gənc Tamaşaçılar Teatrının istedadlı aktyoru, Elşən Çarhanlı filmdə sahə müvəkkili, polis mayoru Qasımov obrazını canlandırır.

Fərhad müəllim o qədər maraqlı danışdı ki, mənə danışmağa söz qoymadı (Gülür). Şərif müəllimlə biz eyni illərdə institutda birlikdə oxumuşuq. Amma bu vaxtadək mən də Şərif müəllimlə çalışmadım. Böyük xoşbəxtlikdir ki, bu gün birlikdə çalışırıq. Filmdə əməyi olan hər kəsə, kollektivimizin bütün üzvlərinə uğurlar arzulayıram. Şərif müəllimə də uğurlar arzulayıram ki, bundan sonra da belə gözəl əsərləri ərsəyə gətirsin. Mən inanıram ki, Şərif Qurbanəliyevin başqa tamaşaları kimi bu film də seviləcək və dönə-dönə baxılacaq.

Yaddaşlarda yaşayacaq Zəng

Əməkdar artist Qurban Məsimovun Qurban obrazı. Aktyorun təbirincə desək bundan sonra onu öz adı ilə çağıracaqlar.

Mənim üçün yenidən “Sabah” Yaradıcılıq Birliyi ilə birgə çalışmaq çox maraqlı oldu. Bilirsiniz ki, “Sabah” Yaradıcılıq Birliyi uzun müddət fəaliyyət göstərmədi. Birdənbirə yenidən fəaliyyətə başlanması bizim üçün sürpriz oldu. Bu komandanın bir üzvü kimi yenidən hamı bir yerə toplandı. Köhnə dostlar bir yerə yığılanda xoş təəssürat olur. Mənim üçün maraqlı bir cəhət oldu ki, ssenaridə birdən-birəşok an baş verdi. Oynadığım obraz mənim adım idi. Rejissora nə qədər dedim ki, bəlkə adını dəyişək, başqa ad olsun. Şərif müəllim dedi ki, “Yox, orada söz oyunu var. Öz adınla qalsın”. Adətən hansı rolları ifa edirəmsə, uzun müddət tamaşaçılar məni küçədə görəndə həmin obrazın adı ilə çağırırlar. Bu dəfə artıq məni öz adımla çağıracaqlaq (gülür). Amma obrazımın təkcə adı mənimdir.Xarakteri tam fərqlidir. Bu Qurban, “aşiqi-məşuqdur”, alfonsdur. Bir amalı, bir məqsədi var ki,bacardıqca asan pullar əldə eləsin. Obrazımla bağlı çox danışmaq istəmirəm. İnşallah, baxanda özünüz görəcəksiniz. Bu tamaşada başqa film və tamaşalarda tərəf müqabili olduğumuz aktyorlarla da üz-üzə gəldik. Yenidən görüşdük. Dəyərli sənətkarlarımız Afaq xanım, Cahangir müəllim və digərləri iləara-sıra bədii filmlərdə üz-üzə gəlirdik. Burada yenidən görüşdük. Filmdə yeni aktyorlar da var. Bir sözlə rejissorumuz çox maralı aktyor çələngi yığıb və mən film-tamaşamızın uğurlu olmasına inanıram.

Yaddaşlarda yaşayacaq Zəng

Ataxan və Anaxanımın qızı Nazilə. Bu ailənin gözəl övladı Səbinə Məmmədova.

“Zəng” çəkildiyim ilk komediyadır. İlk dəfə bu filmdə çəkilmək üçün təklif alanda o qədər böyük həvəslə razılıq verdim ki, çünki orada Şərif müəllimin adı var idi. Şərif Qurbanəliyevin adı “Bala başa bəla”, “Yarımştat” deməkdir. Ona görə də çox istəyirdim ki, məni bu kollektivə seçsinlər. Fikrimdə bir qərar var idi. Getmək və seçilmək. Şükürlər olsun ki, məni seçdilər. Amma teatr və seriallar var. Hər birində də məşğulam. Düşünürdüm ki, hər ikisi ilə çox sevdiyim bu işi alındıra bilərəmmi? Amma filmdə ikinci rejissorumuz Ramina xanım var. O, orada bütün aktyorlara eyni gözlə baxır. Deyə bilərsiniz ki, bu belə də olmalıdır. Amma bəzən görürsən ki, başqa cür də olur. Amma Ramina xanım bu subardinasiyası qorudu və gənclərə böyük dəstək oldu. Şərif müəllimlə işləmək ayrı zövq verdi. Sizə deyim ki, çoxlu məşq elədik. Amma məşqlərdə etdiyimiz improvizələr, oyunlar filmdə o qədər də olmadı. Çünki kadr-kadr rejissor ssenarisi bölünmüşdü. İşimiz çox rahat getdi. Çəkiliş qrupunda aura o qədər yüksək səviyyədəydi, sözsüz ki, böyük aktyorların da öz yeri var. Onlarla işləmək mənə ayrı zövq verdi. Hərədən bir şey götürürəm. Mənim bəxtim onda gətirib ki, teatra gəlməzdən əvvəl uşaqlıqdan filmdə çalışmışam. Yaradıcılığımı ilk dəfə filmlə başlamışam. İlk dəfə “Bir ovuc torpaq” filminə çəkilmişəm. Orada Rasim Balayev, Xalidə Quliyeva kimi aktyorlarla eyni səhnəni paylaşmışam. Sonra “Qanun naminə” filmində ikinci rejissor olanda orada da böyük sənətkarlar çəkilirdi. Onların hər birindən məsuliyyət, işgüzarlıq, və. s. öyrənirdim. İndi də bu kollektivə düşməyim və məni olduğum kimi qəbul etmələri. Mənim bəzən şıltaqlığım, ərköyünlüyüm olur. Amma bütün bunlara baxmayaraq, obrazımı tam məsuliyyətli və yüksək səviyyədə ifa etməyə çalışmışam. Sonda təbii ki, bunu rejissor deyəcək. Nəticə filmin sonundadır. Böyük həvəslə gözləyirəm və inanıram ki, heç kimdən geri qalmayacaq. Obrazımın adı Nazilədir. Nazilə imkanlı ailədə böyüyüb. Ərköyün, papa-mama qızıdır. Həm ifritədir, həm yaxşıdır, həm pisdir. Bu qızda xarakter bir dənə olur, amma müxtəlif hissələrə bölünür. Sonunda da hərəmiz bir obrazı canlandırırıq. Və olur yaxşı bir tibb bacısı. Cahangir müəllimlə iki gün kontaktda olduq və bir gün eyni səhnəni bölüşdüm. Afaq xanımla 3 gün birlikdə olduq. Afaq xanımın işinə olan məsuliyyətinə heyran qaldım. Səidə xanımın da həmçinin. Məbud müəllimlə “Xeyirlə Şərin rəqsi” filmində birlikdə çəkilmişdik. Salman müəllimdən çox xoşum gəldi. Çox şirindir. Qurban Məsimov mənim üçün yeni bir kitabdır. Çünki o insanla mən “Simsar” Teatr studiyasında birlikdə çalışmışam. Onun savadına, taktiki gedişlərinə çox maraqla tamaşa edirdim. Həm də mənim bu filmə çəkilməyimi Qurban müəllim məsləhət görüb. Bunu da vurğulamaq istəyirəm. Eyni zamanda mənim Nihat adlı qrup yoldaşım var. Onunla da bu filmdə görüşdük. Adətən məni dram, faciə janrında olan obrazlarda görmüsünüz. Amma mən şahidi oldum ki, günümüzdə sanballı komediyalar da var. Yaxşı ssenarilər yazmaq mümkündür. Rejissor, peşəkar komanda, aktyorlar var. Boş mənasız danışmaq, ağız əymək, bayağılıq komediya deyil. Komediya gülmədən güldürməyi bacarmaqdır.

Yaddaşlarda yaşayacaq Zəng

Əməkdar artist Salman Bayramov sazını sinəsinə basıb, Qoşqar obrazını ifa edir. Qoşqar evlənmək, arvad almaq istəyir…

Mən ümumiyyətlə çox az filmlərə çəkilmişəm. Çünki teatrda hər zaman məşğul oluram və məni heç zaman buraxmırlar. Moskvadan dəfələrlə film təklifləri gəlib. Orada çəkilən 30-40 seriyalı filmlərə də dəvət almışam. Amma teatrla birlikdə çalışıb, orada filmə çəkilmək alınmayıb. Teatrın belə işləri də var. Ona görə çox az filmlərdə rol almışam. İlk dəfə Şərif Qurbanəliyevlə “Tanrıverdinin nağılı” filmində görüşdük. Həmin filmdə Səlim obrazını ifa etmişəm. Ona görə də Şəriflə işləməyi çox sevirəm. Onun işinə, bizim də rolumuza münasibətimizə görə Şəriflə çalışmaq asandır. Həm də Şəriflə işləmək ona görə rahatdır ki, Şərif Qurbanəliyev ssenarini özü yazır. Ona görə də nə istədiyini dəqiq bilir. Mənim rejissorlarda xoşuma gələn cəhət odur ki, rejissor özü nə istədiyini bilirsə, onda aktyor da onun izinə düşür. Və aktyor təkcə rejissorun nə dediyini təkrar eləmir, həm də onun dediklərinin üzərinə öz fikirlərimizi də gəlib, yeni nəsə yaradırıq. Təkcə ifaçı, icraçı yox, həm də yaradan, xəlq edən olursan. Bu filmin ssenarisini də mənə göndərəndə Şərif müəllim demişdi ki, “Bax gör, özünü burada görürsənmi?” Ssenari ilə tanış olanda gördüm ki, burada saz var. Saz olan yerdə, sazın adı gələndə isə mənim kefim, əhvalım saz olur. Çünki mayamız sazla tutulub. Evdə-eşikdə bizim ilk eşitdiyimiz səs sazın səsi olub. Görkəmli açıqları dinləmişəm. Onlardan bəhrələnmişəm. Saz çalmaqda, oxumaqda mənim heç bir ustadım olmayıb. Heç kim məni öyrətməyib. Özbaşıma eşidib sazı, tütəyi, qarmonu öyrənmişəm. Burada da Qoşqar rayondan gəlmiş bir oğlandır. Baş qəhrəmanın qohumudur. Hansına ki, o qəhrəman söz verib, deyib sənə ev alacam, Allahın köməkliyi ilə sənə qəşəng ev tikdirəcəm. Səndə adam kimi yaşayacaqsan. Saçın, saqqalın ağarıb hələ ev almamısan. O tərəflərdə də elə bir şey var. Adamın yoxdursa, deməli arvad da yoxdur. Filmdə Anaxanım məndən, yəni Qoşqardan soruşur ki, “Sən nə istəyirsən?” Mən də deyirəm ki, “Mən evlənmək, ev-eşik sahibi olmaq istəyirəm. Adamın gərək arvadı ola ki, urvatı ola”. Bu mənim tapıntım idi. Bu məsəli bizim tərəflərdə tez-tez işlədirlər. Şərif müəllim də sağ olsun ki, bu əlavəni etməyə mənə icazə verdi. Şərif Qurbanəliyev yaxşı, lazımlı əlavələri saxlamağa hər zaman icazə verir. Düzdür, hərdən zəhərli atmacaları, sancmaları olur. Amma rejissor kimi həmin atmacalar adamı sağaldır, ayıldır.Çünki biz bəzən unuduruq ki, səhnədə deyilik. Şərif müəllim də rejissor kimi bunu bizim yadımıza salır və kamera qarşısında olduğumuzu bizlərə unutdurmur. Qoşqar loru dildə, ləhcə ilə danışan bir adamdır. Saza gələndə isə bu filmdə baş qəhrəman vəsiyyət edir ki, “Allah qoysa, mən öləndə üstümdə saz havası çalarsınız” Ona görə də çəkilişin sonuncu günü qəbiristanlıq səhnəsində molla quran oxuyur, amma mən qəşəng bir “Ruhani” çalıram. Hətta bu filmə görə özümə Ağstafadan sifarişlətəzə saz da gətirmişəm. Filmdə çaldığım həmin sazdır. Sonra Qoşqarın filmdə çayxanaya düşməsi, orada saz çalıb oxuması əsl aşıqlara aid deyil. Sadəcə filmin qəhrəmanı olan Qoşqar ustad görməyib. Ağır-batman aşıqlardan deyil. Qoşqar dəlixanada olub. Amma sözün əsl mənasında nəyi birinci qeyd eləmək lazımdır. Bu adi bir yuxudur. Şərif Qurbanəliyevin qızıl işlərindən biridir. Əsas məsələ budur ki, bu yuxudur. Amma yuxu olsa da həqiqətdir, həyatdır, tənqid və təbliğdir. Ruslarda yaxşı bir söz var. Teatr və yuxu bu bir həqiqətdir. Şərifin bunu yuxuya yozması isə onun alicənablığıdır. Yəni bu ola da bilər. Olmaya da bilər. Adi yuxudur. Aktyor oyununa qalanda mənə bir az çətin gəldi. Əvvəlcə obrazımı tapdım. Şəriflə məsləhətləşirdim. Onun da bəyəndiyini saxlayırdım. Məşqlərdə yavaş-yavaş obrazımın mənini tapırdım. Sonra isə kamera gəldi. Bu kameranın yaman soyuq üzü var. Mən ümumiyyətlə, teatrı çox sevdiyimə görə kameranı sevmirəm. Nə qədər təcrübəmdə olsa, kameradan zəhləm gedir. Amma filmdə 4-5-ci çəkilişdən sonra kamera ilə dostlaşdım. Eldar müəllimə, cavan operatorumuz Cavidə, Şərif Qurbanəliyevin tərs sözlərinə öyrəşməyə və kamera ilə dostluq etməyə başladım. Bu da yenə də rejissorun hünəridir. Şərif sağ olsun. Bax kamera ilə dostluğum oradan başladı.

Yaddaşlarda yaşayacaq Zəng
Yaddaşlarda yaşayacaq Zəng

“Zəng” filminin balaca qəhrəmanı Əziz ikinci rejissor Ramina Qarayevanın oğludur. Əzizin 10 yaşı olsa da, artıq bir filmdə çəkildiyini deyir.

“Milyonluq quş” adlı filmdə çəkilmişəm. 10 yaşım var. Dərslərimdən beş (5) alıram. Bu filmdə xüsusi həvəslə çəkilirəm. Böyük sənətkarlarla birlikdə eyni kadrı paylaşmaq mənə çox xoşdur. Aktyorluq sənətini sevirəm. Amma böyüyəndə aktyor olmayacam. Polis və ya tayekvando ustası olmaq istəyirəm.

Yaddaşlarda yaşayacaq Zəng

Filmdə rol alan dəyərli aktyorlarımızın hamısı ilə ayrı-ayrılıqda söhbət etmək imkanım olmasa da hər kəsin fikirləri üst-üstə düşürdü. Sevinc və güvən.

Şərif Qurbanəliyevin komandasının üzvü olmaq bütün aktyorlara sevinc hiss bəxş etmişdi. Rejissorun qurduğu mizanları, verdiyi tapşırıqları isə bütün heyət inamla, güvənərək həyata keçirirdilər. Hər kəs gələcəyin növbəti unudulmaz tamaşasının yarandığı prosesdə çalışdığına görə zövq alırdı.

“Zəng”in qurucusu, yaradanı Şərif Qurbanəliyev olduğuna görə onun fikirləri ilə yenidən tanış olmaq mənim üçün maraqlı idi.

Şərif Qurbanəliyev “Zəng”in quruluşçu rejissoru

Sizə ilk dəfə açıqlama verəndə söyləmişdim ki, “Zəng” bədii televiziya filminin maraqlı süjet xətti var. Dilsuz Mustafa və Hüseynbala Mirələmovun “Mobil telefon” hekayələrinin lətifəsi əsasında yeni tamaşa yazdım. Fantosmoqorik komediya janrında olan televiziya tamaşasının ssenari müəllifi və quruluşu mənə aiddir. Əsərin giriş, çıxışı, qəhrəmanları və finalı isə tam başqadır. Avqustun 26-dan çəkilişlərə start verdik. Bu gün isə çəkilişlərimizi sona çatdırırıq. Azərbaycan tamaşaçıları uzun zamandır AzTv-də nümayiş olunan baxımlı televiziya tamaşalarından məhrum qalmışdı. Çəkilişlərimiz şükürlər olsun ki, yüksək səviyyədə başa çatdı. Qarşıda montaj məsələsi dayanır. İkihissəli bədii televiziya filminin prodüseri, Xalq artisti Ramiz Həsənoğlu, quruluşçu operatoru Eldar Məmmədov, quruluşçu rəssamı Rəfael Əlizadə, bəstəkarı Firudin Allahverdidir. “Zəng” ikihissəli televiziya filmi 2019-cu ilin sonunadək təhvil veriləcək. Bu tamaşa iki variantda təhvil verilə bilər. Həm yeni il ərəfəsində və ya televiziyanın yubileyi – yəni noyabrın 6-da ekranlara çıxa bilər. “Zəng” çox maraqlı əsərdir. Tamaşanın finalı daha da maraqlıdır və səbirsizliklə gözləməyə dəyər.

Yaddaşlarda yaşayacaq Zəng

Eldar Məmmədov quruluşçu operator

Bildiyiniz kimi mən uzun illərdir televiziyada çalışıram. Saysız-hesabsız işlər görmüşəm. Amma sevdiyim əsas iş filmlər və tamaşalar çəkməkdir. Bu illər ərzində Ramiz Həsənoğlu, rəhmətlik Tariyel Vəliyev, Şərif Qurbanəliyevlə maraqlı, yaddaqalan yaradıcılıq işlərimiz olub. Amma təəssüf ki, uzun illər birlikdə çalışandan sonra bu işlər dayandı. Düzdür, başqa işlərimiz olurdu. Amma mənim ürəyim tamaşalarda döyünürdü. Çünki, yaradıdıcılığımın əsas hissəsində tamaşalar üzərində çalışmışam. Şərif Qurbanəliyevlə bu işin başlanması təkcə bizə könül xoşluğu yaşatmadı,ümumiyyətlə Azərbaycan Televiziyasına tamaşa edən teatrsevərlərə sevinmək, şadlanmaq imkanı yaratdı. Düzdür, aradan keçən 10-12 ildə biz cavanlaşmadıq. Mən hərdən düşünürdüm ki, yaş ötür. Bu qədər də fasilə vermişik. İşdən bir az əlimiz soyuyub. Amma bu yaxınlarda Ramiz Həsənoğlu ilə bir tamaşa çəkdik. Mən onda hiss etdim ki, nə Ramiz nə də mən qocalmamışıq. O, məni təriflədi, mən də onu. (Gülür) Bu gün də böyük bir həvəslə işə sarılmışıq. Tamaşaçılar bu filmi gözləyirlər. Ümumiyyətlə, belə filmləri, tamaşaları gözləyirlər. Bilirsiniz məndən bu tamaşa barəsində nə qədər adam soruşub? Tamaşaçıların bunu gözləməsi bir az da məsuliyyət yaradır. Mən hər zaman böyük tamaşalar işləmişəm. Amma hərdən bir şeydən qorxmuşam ki, birdən istədiyim kimi alınmaz. Amma belə hallara az təsadüf olunub. Güman edirəm ki, tamaşaçıların xoşuna gələcək. Bizim yaradıcı qrup üçün ən böyük sevinc tamaşanın uğurla qarşılanması, bəyənilməsi olacaq.

Yaddaşlarda yaşayacaq Zəng

Rəfael Əlizadə quruluşçu rəssam

Film başlanandan böyük həvəslə, əzmlə çalışdıq.Şərif Qurbanəliyevlə mənim ilk işimdir. Amma AzTv-də tamaşa hazırlayan elə bir rejissor olmayıb ki, mən onunla çalışmayım. Mən fəxr edirəm ki, o rejissorların hamısı ilə işləmişəm. Mənim qədər bəlkə də o, rejissorlarla ünsiyyətdə olan az adam qalıb. Arif Babayev, Rauf Kazımovski, Tariyel Vəliyev, Ramiz Həsənoğlu və ən çox Məhərrəm Bədirzadə ilə çalışmışam. Şərif Qurbanəliyevlə ilk, birgə işimizin olmasına baxmayaraq, Şərif müəllimin quruluş verdiyi “Bala başa bəla”, “Yarımştat” tamaşalarını çox bəyənirəm. Sizə deyim ki, mənim də yaradıcılığımda bir müddət qısa fasilə yaranmışdı. Şükür Allaha ki, yenidən sevdiyim işimlə məşğulam. Amma mənim özümün emalatxanam var. Dəfələrlə Rəssamlar İttifaqında sərgilərim olub. Hazırda isə bu filmin son tamamlanma işlərini başa çatdırırıq. Televiziyada hazırlanan filmin və yatamaşanın əvvəlcə ssenarisi oxunur. Sonra rejissorla həmin ssenari barəsində söhbət aparılır. Məsələn, burada tamaşaya uyğun yer seçmişik.Əsərin qəhrəmanı varlı adamdır. Təbii ki, onun ev-eşiyi görkəmli, bər-bəzəkli olmalıdır. Düzdür müəyyən şeylər mənim ürəyimcə oldu, amma məni qane etməyən məqamlar da oldu. Lakin onu mən bilirəm. Ola bilsin ki, tamaşaçı onu heç hiss etməsin. İş prosesində xırda çatışmazlıqlar ola bilir. Yerdə qalan işimiz isə qaydasında gedir. Rejissorumuz çox təmkinlidir. Hər kəsi dinləyir. Burada hər şey işimizin xeyrinə həll olunub.

Ramina Qarayeva filmin ikinci rejissoru

Film və buradakı işimiz haqqında onu deyə bilərəm ki, Şərif müəllim işə başlamazdan əvvəlki hazırlıq mərhələmizdə filmin 80%-ni birinci kadrdan, sonuncu kadra qədər mərhələli şəkildə hazırlamışdı. Çəkiliş başlanmazdan əvvəl yazı kağış üzərində bitmişdi.Bütün səhnələrin çəkiliş planı demək olar ki, hazır idi. Ona görə də çəkilişlərə başlayan kimi işlərimiz planlı şəkildə, heç bir problemsiz davam etdi. Filmin yaradıcı heyəti haqqında məlumatınız var. Bizim də işlərimiz göz önündədir. Maraqlı film alınacaq. Bütün yaradıcı heyət var gücü ilə çalışıb. Bu filmdə mənim oğlum da rol alıb. İnşallah, filmi tamaşaçıların ixtiyarına təqdim etdikdən sonra bütün rahat ola bilərik.

Yaddaşlarda yaşayacaq Zəng

İlqar Kazımi səs rejissoru

Şərif Qurbanəliyevlə bundan əvvəl “Tanrıverdinin nağılı” adlıfilmdə birlikdə çalışmışdıq. Sonra birlikdə “İntellekt” adlı verilişdə əməkdaşlıq etdik. Şərif müəllim çəkiliş meydançasında çox dəqiq və vaxt itirmədən plana uyğun çalışan adamdır. Çox dəqiq və istədiyini almağı bacaran rejissordur. Bu filmdə Şərif müəllim böyük bir işin məsuliyyətini mənə tapşırıb. Filmin səslə bağlı bütün məsuliyyəti əvvəldən sonadək mənim üzərimdədir. Paviliyondan, studiyadan kənarda film çəkmək bir qədər fərqlidir. Amma natura çəkilişlərində rejissorun, prodüsserin, rejissor köməkçisinin, inzibatçınınüzərinə düşən vəzifələr var və onlar həmin vəzifələrin öhdəsindən bacarıqla gəlirlər. Şükürlər olsun ki, işimiz yüksək səviyyədə başa çatır. Bura geyimi, qrimi və.s. aid etmək olar. Bu da rejissorun işini dəqiq bilməsindən irəli gəlir.

“Zəng” filminin bütün əziyyəti onun üzərindədir desəm yəqin ki, səhv etmərəm. Filmin direktoru, istedadlı aktyor Arif Kərimov

“Sabah” Yaradıcılıq Birliyində 2008-ci ildən sonra film, tamaşa çəkilməyib. Təkcə bir dəfə Ramiz Həsənoğlunun quruluşunda “Mürafiə vəkilləri” tamaşası çəkilib. 11 ildir Şərif Qurbanəliyev “Sabah”da film çəkmirdi. Şükürlər olsun ki, avqustun 26-dan çəkilişlərə başladıq. Çox gözəl kollektivimiz var. Komanda sözü, komanda kəlməsi əsl bizimqrupumuza aiddir. Hamı biri-biri ilə mehriban, səmimidir. Hamımız həvəslə işimizlə məşğuluq. Özünüz də iki gündür bizimləsiniz və buna canlı şahid olmusunuz. Aktyorlarımız da göz qabağındadır. Məşhur aktyorlarla çalışırıq. Allah AzTv-nin rəhbərliyinin canını sağ eləsin ki, bizə belə bir şərait yaradıb. Bizə şərait yaradılmasaydı beləişləyə bilməzdik. Hər cəhətdən bizə dəstək və kömək olublar. Qrupumuza can sağlığı arzu edirəm. Elə sizə də. Sentyabrın 23-ü sonuncu çəkiliş günümüzdür. Ondan sonra montaj işi başlayacaq. Oktyabrın 25-i filmin montajı bitəcək. Oktyabrın 26-da filmin təhvil verəcəyik.

Yaddaşlarda yaşayacaq Zəng

“Zəng”çilərlə iki günlük çəkiliş günündə iştirak etmək ömrümə xoş xatirə kimi yazıldı. İllər ötəcək, hər dəfə bu filmi seyr edəndə aktyorlar, yaradıcı qrupla yaşadığım iki günü xəyalımda canlandıracam.

Filmin qrip ustaları Əfsanə Bağırzadə, Bənövşə Axundova, geyim və əlbəsə üzrə əziyyət çəkən İradə Həyatovanı heç unutmayacam.

Sonda xatırladım ki, filmin quruluşçu rejissoru Şərif Qurbanəliyev, quruluşçu operator Eldar Məmmədov, quruluşçu rəssam Rəfael Əlizadə, filmin direktoru Arif Kərimov, ikinci rejissor Ramina Qarayeva, səs rejissoru İlqar Kazımi, səs operatoru Oqtay Kazımov rejissor assistenti Aysu Səfərli, operator Cavid Əliyev, geyim və əlbəsə İradə Həyatova, işıqçı Nicat Axundov, qrim ustaları Bənövşə Axundova və Əfsanə Bağırzadə, inzaibatçı Səxavət Əzizov, filmin baş prodüseri Ramiz Həsənoğludur.

Beləliklə, “Sabah” Yaradıcılıq Birliyi uzun fasilədən sonra yaddaşlarda qalacaq “Zəng” lə tamaşaçılarının görüşünə gəlir.

Open.az 

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …