Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Xalq artisti həyəcan təbili çaldı: “Bunun axırı yaxşı olmayacaq“

Xalq artisti həyəcan təbili çaldı: “Bunun axırı yaxşı olmayacaq“

Türkiyədə lirənin ucuzlaşmasından sonra ölkəyə turist axını davam edir. Ölkəyə daha çox Bolqarıstandan turistlər gəlir. Bu səbəbdə Ədirnədə bir çox restoranın menyuları bolqar dilində təqdim etdiyi bildirilir. 

Eyni hal Azərbaycan üçün də keçərlidir. Bu gün ölkədə restorana gedənlər menyu ilə bağlı problem yaşayırlar, tanınmış restoranların əksəriyyətinin təqdim etdiyi menyu xarici dildədir. 

Menyunun xarici dildə olması müştəriyə çətinlik yaradır. Bəziləri bunu Azərbaycan dilinə hörmətsizlik kimi qəbul edirlər.  

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Nurəddin Mehdixanlı restoran rəhbərlərinin bunu guya xidmətin səviyyəsini yüksəltmək üçün etdiyini desə də, əslində bu halın Azərbaycan dilinə qarşı hörmətsizlik olduğunu bildirib:

“Bu sadəcə olaraq daha çox qazanmaq ehtirasından irəli gəlir. 21-ci əsr təəssüf ki, mənəviyyat yox, maddiyat əsrinə çevrildi. Bu hal hazırda özünün pik nöqtəsinə çatmaqdadır. Bütün dəyərlər paradan aşağıdadır, para hər şeyi üstələyib. Bu bütün dünyada gedən prosesdir. Mən sadə bir azərbaycanlı olaraq bildirmək istəyirəm ki, dilindən imtina edən millət gün gələr heç nəyinin sahibi olmaya bilər, çünki bir milləti var edən onun özünəməxsusluğu, mənəvi dəyərlər sistemi və dilidir. Baxın, bu gün dünyada altı mindən yuxarı xalq var, onların çox az hissəsinin – 200-ə yaxınının öz dövləti var. Onların 196-sının öz dili var. Deməli bu itirilmə təhlükəsi ilə üz-üzə olan bir nəsnədir. Amma neyləmək olar ki, min illərdir qorunub saxlanılan həmin dəyərlər mədə həvəsinə, pul ehtirasına qurban verilir. Bunun axırı yaxşı görünmür”.

Sənətçi Türkiyədəki vəziyyətin lirənin ucuzlaşması ilə əlaqəsi olmadığını deyib:

“Bu lirənin ucuzlaşması, yaxud bahalaşması ilə bağlı olan bir şey deyil. Dünyada qlobal bir oyun gedir və bu oyunun içərisində özünü qorumağı bacaran millətlər qalacaqlar. Kimlərsə qoruya bilməyəcəksə, onlar böyüklərin içərisində əriyib itib, yox olacaqlar. Mən bunu nə Azərbaycan xalqına, nə Türkiyə Cumhuriyyətinə, nə də Türk dünyasına arzulamıram. Çünki dünyada 300 milyondan çox türk dilində danışan qövm var, onların böyük mədəniyyəti var, min illərin o başından gələn dili var. Bir şeyi bilirəm ki, millət dilinə sahib çıxmağı bacarırsa, taleyinə, tarixinə və gələcəyinə də sahib çıxmağı bacaracaq. O millətlər ki, bunu bacarmayacaq, onlar yox olacaqlar. Yox deyəndə burada  fiziki mənada yox olmadan getmir, sadəcə olaraq həmin millət kütləyə çevriləcək. Bir millət kütləyə çevrilərsə, başqalarının qulluğunda duran işçi qüvvəyəsinə dönüşəcək. Necə ki, biz bu gün dünyada bunun acı nəticələrinə şahid oluruq, Afrika, bir çox digər müsəlman ölkələri hazırda bu vəziyyətdədir. Ona görə də əgər var olmaq istəyiriksə, dinimizə və dilimizə sahib çıxmalıyıq. Dil bir milləti var edən vacib nəsnədir, o varsa, millət var, yoxdursa, millət də yoxdur. Millətin taleyini, dilini, mənəvi dəyərlərini mədənin həvəsinə, hərisliyinə qurban vermək olmaz. Bu həm dünənin, həm də gələcəyin qarşısında ən böyük xəyanətdir”. 

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …