Ana səhifə / Cəmiyyət / Xaləddin İsgəndərovu ən son anda “ipdən” kim alıb

Xaləddin İsgəndərovu ən son anda “ipdən” kim alıb

Binəqədidəki dəhşətli yanğından üç ay ötdü; İcra başçısını həbs etmək üçün xüsusi qrup yaradılıbmış, amma… 15 nəfərin ölümünə, 56 nəfərin isə xəsarət almasına səbəb olan hadisə ilə bağlı istintaq niyə vəd edilən vaxt yekunlaşmadı?

Avqustun 19-da Binəqədi rayonunda 15 nəfərin ölümünə, 56 nəfərin isə xəsarət almasına səbəb olan dəhşətli yanğının üç ayı tamam olur. Mayın 19-da baş vermiş yanğınla bağlı yaradılan dövlət komissiyasının sədri Abid Şərifov hələ iyulun 26-da ANS-ə müsahibəsində istintaqın yaxın 10 gündə bitəcəyini desə də, deyilən vaxtdan üç həftə ötməsinə baxmayaraq, bu barədə rəsmi məlumat hələ də yoxdur.

 
Qeyd edək ki, yanğından dərhal sonra  poliuretan məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs- qətimkan tədbiri seçilib.
Bundan sonra daha bir sensasion həbs gerçəkləşib. Belə ki, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov tutulub.
Onun barəsində də 4 aylıq həbs- qətimkan tədbiri seçilib. Qəzənfər Novruzov Naxçıvan Muxtar Respublikasının daxili işlər nazirinin müavini, general-mayor Səbuhi Novruzovun qardaşıdır.
 
Hüquq ekspertlərinə görə, əslində istintaqın üç aya tam yekunlaşması mümkündür. Amma bu yanğınla bağlı müəmmalı məqamlar da yetərincə çoxdur və istintaq cəmiyyəti də maraqlandıran bu suallara tam aydınlıq gətirməlidir. Başqa bir məqam isə yanğınla bağlı həbs edilənlərin məsuliyyətinin yalnız  onlara “yüklənməsi” ilə razılaşmamalarıdır.
Məsələn, iddia var ki, heç də arxasız hesab edilməyən Qəzənfər Novruzov istintaqda verdiyi ifadəsində  Binəqədinin icra başçısı Xaləddin İsgəndərov barədə şok məlumatlar açıqlayıb.
Qeyd edək ki, dəhşətli yanğından dərhal sonra binanın üzlənməsinə Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun göstəriş verdiyi haqda məlumatlar yayılmışdı. O, istintaqda da dindirilib.
Amma “Yeni Müsavat” bu yanğın hadisəsi barədə bugünlərdə daha bir sensasion məlumat əldə edib. Məlumatda deyilir ki, yanğının Avropa Oyunlarının açılışı ərəfəsinə təsadüf etməsi iqtidardakı qərar  mərkəzlərini hədsiz qəzəbləndirib və mayın 20-də X.İsgəndərovun həbsinə qərar verilib. İcra başçını həbs edəcək qrup hərəkətə keçib. X.İsgəndərov həbsinə qərar verildiyindən xəbərdar olub və kabinetində həyəcanla gözləyib. Binəqədi İcra Hakimiyyətinə çatan əməliyyat qrupu hərəkətə keçmək istəyərkən onlara “bir qədər gözləmək” göstərişi gəlib. Dəqiqələr sonra X.İsgəndərov üçün gələn maşınlar geri qayıdıb. Bundan sonra icra başçısının keçirdiyi stressdən ürəyi tutub…
Bəs nə baş verib ki, X.İsgəndərov həbsdən canını qurtarıb?
Mənbənin iddiasına görə, məsələyə ən son anda vergilər naziri özü qarışıb. Nazir bu həbsin onun karyerasına da nöqtə qoyacağını söyləyərək siyasi rəhbərlikdən yaxın qohumu olan X.İsgəndərov üçün əfv diləyib, üstəlik, tezliklə“icra başçısının bütün səhvlərini” düzəldəcəyinə özü təminat verib. X.İsgəndərovun “ipdən” alınmasının ilginc hekayəti belədir…
Həbs təhlükəsi sovuşan kimi Binəqədidəki bütün binalarda “ölüm üzlükləri” sökülüb, X.İsgəndərov ən yaxın adamlarına heç kimdən rüşvət almamağı, bütün qanunsuz tikililəri dayandırmağı tələb edib ki, bu barədə ötən saylarımızda yazmışıq. İndi məlum olur ki, icra başçısı əslində “ipdən” alındığı üçün müəyyən müddət ətrafına diqqətli olmağı tapşırıb. Amma yaşadığı stress X.İsgəndərova baha başa gəlib. Ürəyi xəstəlik tapan icra başçısı bir müddət yalnız yuxarıların razılığı ilə Almaniyada müalicə olunub. Onun səhhətinin indi də qənaətbəxş olmadığı deyilir.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın