Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Cəmiyyət / Vidadi İsayev özünü müxalifət saytlarında müdafiə etdirir

Vidadi İsayev özünü müxalifət saytlarında müdafiə etdirir

Bərdənin icra başçısı Əli Kərimli ilə yaxınlığı olan sayt rəhbərlərini maliyyələşdirməkdə ittiham olunur

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin fəaliyyətindəki nöqsanlar və dövlət büdcəsindən rayonun sosial-iqtisadi inkişafı məqsədilə ayrılmış vəsaitləri düzgün xərcləməməsi barədə ayrı-ayrı mətbuat orqanlarında silsilə yazılar dərc olunmaqdadır. Həmin məqalələrdə konkret faktlar ortalığa qoyulub, icra başçısının hansı qanunsuz işləri törətməsindən bəhs olunub. Təəssüf hissi ilə bildirmək istəyirik ki, Vidadi müəllim özü haqda yazılan tənqidlərdən nəticə çıxarmaq əvəzinə, fəaliyyətindəki qanun pozuntularının sayını hər keçən gün bir qədər də artırır. Məhz onun xoşagəlməz idarəçiliyinin nəticəsidir ki, Azərbaycanın ən qədim şəhərlərindən biri hesab edilən Bərdədə bu gün müxtəlif sosial problemlər yaşanır.

Məsələn, rayonun təhsil, səhiyyə, mədəniyyət və turizm, o cümlədən digər sahələrində nöqsanlar nəzərə çarpmaqdadır. Mətbuatda gedən yazılardan belə məlum olur ki, 2011-ci ildən Bərdə Rayon İcra Hakimiyyətinə başçılıq edən Vidadi İsayev ötən 4 il ərzində yerli sakinlərin rəğbətini qazana bilməyib. Mətləbə keçməmişdən öncə icra başçısı ilə bağlı maraqlı bir faktı diqqətinizə çatdırmaq istəyirik. Vidadi İsayevin tərcümeyi-halı ilə tanış olanda görürük ki, o 1980-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib. 1980-1985-ci illərdə Ağdaş rayon Qaradeyin kənd orta məktəbində tarix müəllimi, 1986-2004-cü illərdə Mərkəzi Dövlət Arxivinin Yevlax filialının müdiri, 2004-2005-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini, 2005-2011-ci illərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Başçının tərcümeyi-halında hərbi xidmətdə olub-olmaması haqda heç bir məlumata rast gələ bilmədik. Vidadi İsayevin ali məktəbi bitirəndən sonrakı fəaliyyətinin xronologiyasına nəzər salanda onun hərbi xidmətdə olmaması aydın şəkildə görünür. Bu isə tamamilə başqa yazının mövzusudur ki, bu barədə gələn saylarımızda ətraflı söhbət açacağıq. Bizə maraqlı gələn isə Bərdənin icra başçısının son vaxtlar sərgilədiyi hərəkətlərdir. Belə ki, icra hakimi onunla bağlı tənqidi yazılar hazırlayan qəzet və saytlara qarşı özünəməxsus qaydada hücuma keçib. Daha doğrusu, elə zənn edib ki, keçib. Amma əslində Vidadi İsayevin özünü təriflətdirdiyi saytların ictimai rəyə heç bir təsiri yoxdur, o cümlədən bu saytları heç barmaqla sayılası qədər adam oxumur.

Ən maraqlı məqam ondan ibarətdir ki, Bərdənin rəhbəri son günlər özünü AXCP sədri Əli Kərimliyə yaxın olan müxalifət saytlarında müdafiə etdirməyə başlayıb. Həmin saytlarda bir neçə gün əvvəl icra başçısının müdafiəsinə yönələn məlumatlar dərc olunub. Bərdə İcra Hakimiyyətinin rəsmiləri açıqlayıblar ki, icra başçısı haqda mətbuatda yazılanlar həqiqəti əks etdirmir. Elə isə sual edirik, bəs onda yazılan rəqəmlər, dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə sərf olunmamasını göstərən sənədlər də həqiqəti əks etdirmir? Bu məsələnin bir tərəfi. Digər tərəfdən, Vidadi İsayev haqqında yazılanlara münasibət bildirmək istəyirsə, biz ona hər cür şəraiti yaradırıq, buyurub gəlib öz fikirlərini rahat şəkildə ifadə edə bilər. Axı onu müxalifət saytında çıxış etməyə vadar edən nədir? Biz onu da bilirik ki, Əli Kərimli ilə birbaşa bağlılığı olan bu saytlar Vidadi İsayevi boş yerə müdafiə etmirlər. Əldə etdiyimiz məlumatlara əsasən icra başçısı hər ay həmin saytın rəhbərinə öz dili ilə desək “yardım” edir. Lakin bunun adı yardım yox, mətbu orqanı maliyyələşdirməkdir. Bir daha təkrar vurğulamaq istəyirik ki, Vidadi İsayevin sığındığı saytların nə oxucu kütləsi, nə də reytinqi var. Bu cür müxalifət saytları sadəcə olaraq ölkə rəhbərliyinin, iqtidar nümayəndələrinin əleyhinə materiallar dərc etməklə müxtəlif dairələrin sifarişlərini yerinə yetirirlər. Təəssüf ki, iqtidarın çörəyini yeyən Vidadi İsayev belə insanlarla əlaqə saxlayır və onları maliyyələşdirməkdən çəkinmir. Biz yaxın günlərdə Bərdənin icra başçısı tərəfindən maliyyə dəstəyi alan saytlar və onların rəhbərləri haqqında böyük yazı dərc edəcəyik. Sonda Vidadi müəllimə demək istəyirik ki, illər öncə Ağdaş rayonunun Qaradeyin kəndində baş verənlərdən də məlumatlıyıq. Bu haqda da yazacağıq.

Mövzu ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq

gundelikbakı.com

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …

Bir cavab yazın