Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Vicdansızlığın son həddi-uşağını satmaq istəyən ailə yoxa çıxdı

Vicdansızlığın son həddi-uşağını satmaq istəyən ailə yoxa çıxdı

Faktla bağlı cinayət işi başlanılıb; vicdansız atanı 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir

Dekabrın 28-də elan saytlarının birində atanın 40 günlük körpəsini satması ilə bağlı elan yerləşdirilmişdi. Orxan adlı şəxs elanda uşağın şəklini paylaşaraq 40 günlük tam sağlam oğlan uşağı olduğunu və 10 min manata razılaşma yolu ilə sata biləcəyini qeyd edib. Elan saytda olan vaxt əməkdaşımız Orxan adlı şəxslə əlaqə saxlayıb, şərti alıcı qismində danışaraq uşağı ala biləcəyini deyib. Orxan adlı vicdansız ata isə görüşərək razılığa gələ biləcəklərini bildirib. O, uşağın Respublika Klinik Xəstəxanasında doğulduğunu və hələ də orada qeydiyyatda olduğunu bildirib. Orxan adlı şəxs əməkdaşımıza xəstəxanaya gedərək uşağı onun adına keçirə biləcəyini də vurğulayıb.

Bu məsələ müsavat.com-da ictimailəşdirildikdən az sonra həmin elan saytdan yığışdırılıb. Buna səbəb isə Orxan adlı şəxsin uşağını satmaq fikrindən daşınması olub. Lent.az-ın əməkdaşı 40 günlük oğlan uşağının satışa çıxarılması hadisəsini araşdırmaq üçün ailənin kirayə yaşadığı Hövsan qəsəbəsinə gedib. Övladını daha əvvəl satmaq istədiyini deyən Orxan adlı şəxs fikrindən daşındığını və bu məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib. O qeyd edib ki, 24 yaşı var və əslən Tovuz rayonundandır, uşağını da imkansızlıq səbəbindən satmaq istəyirmiş: “Neçə vaxtdır ailə qurmuşam, kirayə yaşayıram. Amma iş tapa bilmirəm. Boyum balaca olduğu üçün mühafizə işinə götürmürlər, marketlərə yazdığım cv-lərə də cavab vermirlər. Ona görə çıxılmaz vəziyyətdə qalmışdım, evdə yemək, pampers qurtarmışdı, başımı itirmişdim. Bilmirdim nə edim, ona görə də belə bir fikir ağlıma gəldi”.

Soyadını açıqlamaq istəməyən gənc əlavə edib ki, məsələ ictimailəşəndən sonra yaxın dostu ona kömək edəcəyinə söz verib: “Bir dostum var, tez gəldi, mənə sillə vurdu. Dedi, sənin başın xarab olub? Səni tuta bilərlər. Ev sahibini çağırıb kirayə pulumu verdi. Mən də tutduğum əməldən peşman oldum, indi internet-kluba gedirəm, elanı çıxardacağam”.

Övladını satışa çıxaran Orxan əlavə edib ki, həmin dostu ona avtoyuma məntəqəsində fəhləlik işi təklif edib və sabahdan maşın yuyub pul qazanacaq: “Mənim gündəlik qazancım olsa, evə çörək apara bilsəm, heç vaxt belə bir iş tutmazdım”.

Qeyd edək ki, vicdansız ata uşağı satmaqdan vaz keçdiyini desə də, bu inandırıcı görünmür və həmin şəxsin hüquq-mühafizə orqanları tərəfindən cəzalandırılmasının mütləqliyi vurğulanır. Uşağının anasının isə ümumiyyətlə adı çəkilmir. Ananın da bu işdə əli varmı, bir ana necə ola bilər ki, öz övladının satışına icazə versin? Bu kimi cavabsız qalan çox suallar var.

Əgər bir valideyn uşağa baxa bilmirsə, onu satmaq yerinə uşaq evinə verə bilər. Yaxud da insanlardan övladına baxması üçün iş, yardım istəyə bilərdi. Uşağının sağlam olduğunu vurğulayaraq satışa çıxarmasının arxasında başqa niyyətin durduğu ortadadır.

Image result for Hüquqşünas Əsabəli Mustafayev

Hüquqşünas Əsabəli Mustafayev bildirdi ki, cinayət məsuliyyətinin ağırlığına görə həmin adamı 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir: “Bunun adı insan alveridir. İstər övladın olsun, istər kənar şəxs olsun, bu, işin mahiyyətinə təsir etmir. Xüsusilə uşağın körpə olduğunu nəzərə alsaq, şəxs uşağın köməksizliyindən istifadə edilərək satışa çıxarırsa, bu, insan alveri kimi qiymətləndirilməlidir. Əgər bu şəxs sayta uşağı satmağı ilə bağlı elan veribsə, mütləq hüquq-mühafizə orqanları buna reaksiya verməlidir. İnsan alveri deyəndə insanı yalnız istismar etməklə məhdudlaşmır. Belə bir vəziyyətdə olan, yəni anlaqsız, öz hüquqlarını müdafiə edə bilməyən insandan istifadə edilirsə, fikrimcə, bu, insan alveri kimi qiymətləndirilməlidir. Bu məsələ istintaq edilməli və istintaq zamanı məlum olmalıdır ki, şəxs hansı məqsədlərlə uşağını satışa çıxarıb. Cinayət Məcəlləsinin 144-1.1 maddəsi var. Burada da birbaşa göstərilir ki, insan alverinin kriteriyaları çoxdur. Onlardan biri də zəiflik vəziyyətindən istifadə etməklə insanı satmasıdır”.

Hüquqşünas burada hadisənin motivinin də mühüm rol oynadığını dedi: “Ola bilsin onun motivi doğrudan da uşağı satmaq, pul qazanmaqdır. Ancaq ola bilsin ki, onun motivi bu deyil, yəni cinayət tərkibli deyil. Motiv yoxdursa, demək ki, cinayət tərkibi də yoxdur. Ola bilsin ki, onun istəyi yalnız düşdüyü vəziyyəti, imkansızlığını haray çəkib bu yolla çatdırmaqdır ki, bəlkə kimsə kömək etdi. Uşaq satıram adı ilə vəziyyətinə diqqət çəkməkdir. Cinayət məsuliyyətinin yaranması üçün motiv əsasdır. Mən inanmıram ki, hansısa ata öz uşağını satışa çıxarsın. Burada da ola bilsin ki, şəxs öz vəziyyətinə diqqət, kömək tələb edir”.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verdiyini dedi: “Axırıncı dəfə belə bir hadisə bir neçə il öncə Qubada olmuşdu. Biz dərhal buna reaksiya verdik və gedib yerində Quba rayonunun polis şöbəsinin əməliyyat qrupu tərəfindən böyük bir tədbir keçirildi və bu faktın qarşısı alındı. Buna da çox həssas yanaşmaq lazımdır. ”Uşağımı satıram” deyən adamın çox güman ki, ciddi zərərli vərdişləri var. Həmin şəxs cəzalandırılmalı və uşaq o ailədən alınmalıdır”.

Uşağı dünyaya gəldiyi və hələ də qeydiyyatının orada olduğu deyilən xəstəxana, Respublika Klinik Xəstəxanası ilə əlaqə saxlayıb doğrudanmı uşağın orada dünyaya gəldiyini, anasının kim olduğunu, xəstəxanada uşağı kiminsə adına keçirməyin mümkün olub-olmadığını öyrənmək üçün xəstəxana ilə əlaqə saxladıq. Bizi baş həkimə yönləndirsələr də, telefonumuza cavab verən olmadı.

Lent.az xəbər verir ki, fakta görə artıq Cinayət Məcəlləsinin 144-cü (insan alveri) maddəsi ilə iş başlanılıb. Polis əməkdaşları dünən səhər saatlarında övladını satmaq istəyən Tovuz rayon sakini Orxan adlı şəxsin Hövsanda kirayə yaşadığı mənzilə baxış keçirib. Məlum olub ki, o, həyat yoldaşı və körpəsi ilə birgə gecə saatlarında evi tərk edərək uzaqlaşıb. Hazırda 24 yaşlı şəxsin saxlanılması istiqamətində iş aparılır.

Dünən müxtəlif imkanlı şəxslər, bir sıra dövlət qurumlarının əməkdaşları xeyriyyə məqsədilə həmin ailəni axtarsa da, onu tapmaq mümkün olmayıb. Orxan adlı şəxs istifadəsindəki telefon nömrələrini bağlayıb.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …