Ana səhifə / Cəmiyyət / Vəzifəli şəxs işdən qovulub

Vəzifəli şəxs işdən qovulub

Şimal Ərazi Baş Gömrük İdarəsi “Samur” gömrük postunun baş müfəttişi Davud Rövşən oğlu Qəhrəmanov postun yüngül minik nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində xidmət apararkən qulluq mövqeyindən sui-istifadə edib. Belə ki, o “Toyota Camry” markalı M 720 OX 43 dövlət nömrə nişanlı minik avtomobili ilə ölkə ərazisinə gələn Rusiya Federasiyasının vətəndaşı Fəqan Cavanşir oğlu Baxışzadəyə gətirdiyi yuyucu tozun şəxsi istifadə üçün qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq olduğunu bildirərək vətəndaşı aldadıb.

Bu barədə DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb. Məlumatda qeyd olunur ki, Davud Rövşən oğlu Qəhrəmanov həmin malın ölkə ərazisinə buraxılması müqabilində vətəndaşdan 1000 Rusiya rublu almağı barədə fəhləlik fəaliyyəti ilə məşğul olan şəxsə qanunsuz göstəriş verib, vətəndaşdan qeyri-qanuni yolla alınan pul vəsaitindən 500 Rusiya rublunu özünə götürüb, bununla da xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq, əmək vəzifələrini kobud şəkildə pozub.

Bu səbəbdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Şimal Ərazi Baş Gömrük İdarəsi “Samur” gömrük postunun baş müfəttişi Davud Rövşən oğlu Qəhrəmanov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilib, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …