Ana səhifə / Cəmiyyət / Vəd verən şirkətlər Əlisa Nicatı aldadıb?

Vəd verən şirkətlər Əlisa Nicatı aldadıb?

Ötən il dekabr ayında yazıçı-filosof Əlisa Nicatın maddi durumu sosial şəbəkədə müzakirə olunan mövzulardan idi.

Belə ki, tədbirlərin birində evinin soyuq olduğunu, mənzili isitmək üçün qaz pulunu çatdıra bilmədiyini deyən yazıçının xüsusi imtiyazlara malik olmaması sosial şəbəkə istifadəçiləri tərəfindən qınanılırdı.

Bundan sonra yazıçının yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə yardım kampaniyasına başlanılıb. 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan və qurumdan heç vaxt təqaüd almayan yazıçının hesabına yardım çərçivəsində pul toplanıb.

Bəzi şirkətlər də açıqlamalarında yazıçıya müəyyən yardımlar edəcəklərini bildiriblər. Bu barədə yazıçının durumuyla bağlı müzakirə açan “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu məlumat yayıb.

Naşir “İrşad Elektronics” şirkətinin yazıçının istilik sisteminin çəkilişini öz üzərinə götürdüyünü, istilik sistemi üçün lazım olan bütün xərcləri ödədiklərini bildirib. O, “Baku Electronics”dən də zəng edərək, istilik sistemini quraşdırmağı təklif etdiklərini, lakin o işi başqa şirkət öz üzərinə götürdüyü üçün yazıçını soyuducu, elektron soba və ya başqa mebellə təmin edə biləcəklərini təklif edib.

Həmçinin, “Rafi” Group təmir və tikinti şirkətinin evin təmirini öz üzərinə götürdüyü, “Sobsan” boyalarının bütün rəngləmə materiallarını pulsuz verdiyi də qeyd edilib. Hazırda yazıçının vəziyyəti və yardım sözü verənlərin sözünü tutub-tutmadıqlarını öyrənmək üçün yazıçı ilə əlaqə saxladıq. Cebhe.info-ya açıqlamasında yazıçı-filosof Əlisa Nicat kampaniyanın elə o zaman bitdiyini deyib:

“Kampaniya elə o vaxt, yəni 4-5 gün davam elədi. 7 min manatdan bir az çox pul yığıldı, onun sayəsində yaşayırıq. Evin sobalarını, eyvanı düzəltdik. İstilik sistemi quraşdırıldı, eyvanda balaca yerdə hamam düzəldildi. Bundan başqa, heç bir şirkətdən yardım olunmayıb”.

O, Azərbaycan Yazıçılar Birliyinin təqaüdlə bağlı hər hansı qərarı barədə ona məlumat verilmədiyini vurğulayıb:

“Təəccüb edirəm, heç olmasa adama zəng edib deyərdilər ki, belə oldu, bu qərara gəlindi. Heç yandan heç bir səs yoxdur, mən özüm də onlara zəng vurmuram”.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyindən (AYB) saytımıza Əlisa Nicatın adının növbəti siyahıya salınacağı, aprel ayından etibarən bir il ərzində 300 manat olmaqla təqaüd veriləcəyini bildirmişdilər.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …