Ana səhifə / Cəmiyyət / “Uşaqları qumara öyrətmək, “Poz, qazan” kimi lotereyaları almalarına imkan yaratmaq yolverilməzdir” – ETİRAZ

“Uşaqları qumara öyrətmək, “Poz, qazan” kimi lotereyaları almalarına imkan yaratmaq yolverilməzdir” – ETİRAZ

Məktəblərin yaxınlığında “Poz, qazan” lotereyalarının satılması, uşaqların bu işə cəlb olunması yolverilməzdir. Bunun qarşısı təcili alınmalıdır. Elm və Təhsil Nazirliyi çoxdan bu məsələni qaldırmalı idi. Hüquq-mühafizə orqanları da bu məsələyə həddindən artıq həssas və ciddi yanaşmalıdırlar. Uşaqları bu cür qumara öyrətmək, “Poz, qazan” kimi lotereyaları almalarına imkan yaratmaq yolverilməzdir. Təəssüf ki, belə təhlükəli hallara bəzən o qədər də ciddi əhəmiyyət vermirik”.

DİA.AZ xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

O bildirib ki, ictimaiyyət də “Poz, qazan” tipli lotereyaların satışına qarşı aktiv mövqe tutmalıdır: “Valideynlər fəal olmalı, ictimai birliklər, Qeyri-Hökumət Təşkilatları ortaya mövqe qoymalıdırlar. Çox təəssüf ki, yeni yetişən nəsil artıq kitab oxumur. Bir tərəfdən internetin bu dərəcə inkişafı, digər tərəfdən kitablara dəyər verilməməsi gətirib buna çıxarıb. Yeni nəsil həddindən artıq mütaliəsiz yetişir. Nə Azərbaycan, nə dünya ədəbiyyatını oxuyurlar, məlumatsızdırlar. Bu, hamımızı narahat etməlidir. Elə etmək lazımdır ki, şəhərdə kitab satışına şərait yaradılsın, təbliğat olsun. Nə üçün Bakı Şəhər İcra Hakimiyyəti kitablara qarşı bu cür mövqe tutur, bunu da anlamaq çox çətindir. Kitab oxumaq, ədəbiyyata, tarixə maraq bütün vasitələrlə yaradılmalıdır. Bunu uşaqların öhdəsinə buraxmaq olmaz. Hamımız çalışmalı, ədəbiyyata maraq oyatmalıyıq. Hətta siyasi debatlarda mümkün qədər həmişə uyğun gələn məqamlarda Azərbaycan ədəbiyyatından, şairlərimizdən nümunələr gətirməyə çalışıram ki, imkan daxilində gənc nəsildə poeziyaya maraq oyansın, onlar da şairlərimizin əsərlərini oxusunlar. Bunu hamımız etməliyik”.

A.Səmədov deyib ki, bu məsələdə əsas yük icra strukturlarının, ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə düşür: “Azərbaycan ədəbiyyatını, tarixini bilən, sevən vəzifəli şəxslər mütləq şərait yaratmalıdırlar ki, gənc nəsil bu əsərləri oxuya bilsin, onları dinləmək maraqlı olsun. Əlimizdən gələni etməliyik ki, bu sahədə vəziyyət dəyişsin və təcili dəyişməlidir. Kitaba, mütaliəyə, elmə münasibət dəyişməlidir. Təəssüf ki, savadsız nəsil yetişdiririk, həm orta, həm ali məktəblərdə. Hərdən diplomlarının sayını elan edirlər, “mənim üç, mənim dörd diplomum var”. Normal adamın bir diplomu olar, diplomunun sayı ilə yox, sahəsini dərindən bilməsi ilə fəxr edər. Bəzən, hətta normal orta təhsil almamış, orta təhsil səviyyəsində belə savadı olmayan insanlar “professor”, “elmlər doktoru” titulu daşıyırlar. Hesab edirəm, bu, gələcəyimiz üçün çox təhlükəli bir məsələdir”.
 

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …