Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / “Ümid” Partiyası Sərdar Cəlaloğlunun fikirlərini anlaya bilmədi

“Ümid” Partiyası Sərdar Cəlaloğlunun fikirlərini anlaya bilmədi

Elman Abbasov: “Blokun yaranması isə 2010-cu ilə təsadüf edir. Həmin vaxt seçki ərəfəsində bir-birinə yaxın olan partiyalar bloklarda birləşirdi”

“Qarabağ” bloku da məhz belə dalğanın fonunda yaranıb. Bunu kiminsə-kiməsə sığınması kimi qəbul etmək olmaz”

Azərbaycan Demokrat Partiyası (ADP) və Ümid Partiyasının təmsil olunduğu “Qarabağ” siyasi blokunun fəaliyyətinə xitam verilib. Bu barədə ADP sədri Sərdar Cəlaloğlu məlumat verib. Sədr bildirib ki, faktiki olaraq “Qarabağ” bloku yoxdur və Ümid Partiyası ilə yenidən hər hansı blokun yaradılması da müzakirə olunmur:
“O vaxt Ümid Partiyasını bəzi müxalifət partiyaları bir növ təkləmək istəyirdilər və müxtəlif təzyiqlər göstərirdilər. ADP olaraq biz bunun müxalifətin maraqlarına zidd olduğunu düşündük və Ümid Partiyası ilə əməkdaşlıq edərək blok təsis etdik. Amma müəyyən müddət keçdikdən sonra parlament seçkilərində Ümid Partiyası bizdən kənar “125-lər” blokunu yaratdı və seçkiyə bu blokla qatıldı. Bizə aydın oldu ki, Ümid Partiyası artıq siyasi arenada öz yerini tutub və hətta özü blok da yaradıb. Bu baxımdan əvvəlki şərtlər aradan qalxdığına görə, “Ümid”lə birlikdə bir blokda olmağımıza heç bir ehtiyac qalmayıb”.
S.Cəlaloğlunun açıqlaması ilə bağlı Ümid Partiyası da Qarabağ blokunun buraxıldığını təsdiqləyib: “ADP ilə razılaşdıq və faktiki olaraq fəaliyyət göstərməyən bir blokun ləğv olunmasına qərar verdik”.
Blokun buraxılması ilə bağlı Sərdar Cəlaloğlunun açıqlamasında müəyyən məqamlar xüsusilə diqqət çəkir. Onun dediyindən belə çıxır ki, ADP Ümid Partiyasına ən çətin anlarında kömək olub, ancaq onlar bir az özlərinə yer edəndən sonra başqa qurumlarla əməkdaşlığa keçiblər. Sərdar Cəlaloğlunun açıqlamasında bir minnət notları hiss edilir. Ümid Partiyasının bu ittihamlara münasibəti necədir?
Ümid Partiyasının sədr müavini Elman Abbasov qəzetimizə açıqlamasında bildirdi ki, “Qarabağ” blokunun hansı səbəbdən buraxılması ilə bağlı partiya mövqeyini açıqlayıb:

“Mən Sərdar Cəlaloğlunun fikirlərindən nəsə anlaya bilmirəm. Bu onun şəxsi qənaəti ola bilər.
Bildiyim qədərilə Ümid Partiyasının durumu digər partiyalarla müqayisədə hər zaman yaxşı olub. Partiyamız uzun müddət parlmentdə təmsil olunduğu üçün dövlətdən maliyyə alıb. Blokun yaranması isə 2010-cu ilə təsadüf edir. Həmin vaxt seçki ərəfəsində bir-birinə yaxın olan partiyalar bloklarda birləşirdi. “Qarabağ” bloku da məhz belə dalğanın fonunda yaranıb. Bunu kiminsə-kiməsə sığınması kimi qəbul etmək olmaz”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın