Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “TV tok-şoularındakı səhnəciklər bu gün ən populyar xəstə yığma metodudur…” – DİQQƏT

“TV tok-şoularındakı səhnəciklər bu gün ən populyar xəstə yığma metodudur…” – DİQQƏT

“Əgər ən populyar tok-şouya çıxıb məşhur aparıcının qurduğu səhnəcikdə onun senarisiylə qəşəng artistlik edə bilirsənsə…”

Günümüzdə həkim seçimində hamı müəyyən çətinliklər yaşayır. Görəsən, həkimin dediyi doğrudurmu? Düz diaqnoz qoyubmu? Verdiyi dərmanlar firma dərmanı deyil ki? Bu üzdən hər birimiz getdiyimiz həkimə tərəddüd içərisində gedirik. Çünki həm TV-lərdə, həm də sosial şəbəkələrdə həkimlərin müxtəlif reklamları, anonsları səslənir. Bəs, doğru həkimi necə seçməli? Həkimə müraciət edərkən nələrə diqqət etmək lazımdır?
Uzman dr. Rəşad Sultan mövzu ilə bağlı Moderator.az-a açıqlamasında doğru həkimi seçmək üçün onun təhsilinə və ilk növbədə harada yetişdiyinə diqqət yetirməli olduğumuzu deyir:
“Həkim kimdir? Sənətkar, alim, mütəxəssis. Sənətkar, alim, mütəxəssis doğulurmu? Xeyr. Sənətkar, alim yetişdirilir. Mütəxəssis yetişdirmə prosesi nə adlanır? Mütəxəssis yetişdirmə prosesinə təhsil deyilir. Deməli, biz mütəxəssis seçərkən ilk növbədə onun harada, necə yetişdiyinə baxmalıyıq. Bu gün Dünyada ixtisaslı həkim yetişdirən və bunu standartlaşdıran ən yaxşı sistem Türkiyədədir. Özüm orada təhsil aldığım üçün yaxşı bilirəm. Ancaq bu o demək deyil ki, bizdə və ya başqa ölkələrdə yaxşı həkim yetişmir. Bu o deməkdir ki, Türkiyədə təhsil almış, ixtisaslı həkimlərə tanımadan da ən az 90% güvənmək olar. Həmin həkim lazımsız analiz, tomoqrafiya istəməz, lazımsız vitamin, sistem yazmaz, lazımsız əməliyyat etməz. Nadir xəstəlik görəndə əli ayağına dolaşmaz. Deməli, birinci təhsilinə önəm verəcəyik. Amma bundan önəmli kriteriya da var: vicdan. Bunu təyin etmək isə, elə də asan deyil. Necə deyərlər, adamını tanıyasan gərək. Hər pafoslu cümləyə aldanmayasan, hər şirin sözə uymayasan, hər acı sözdən də inciməyəsən. “Facebook” qrupundan, forumdan həkim seçilməz. Orada saxta hesablarla özünü tərifləyib, özünə nömrə bir deyənləri çox görmüşük. TV tok-şoularındakı səhnəciklər bu gün ən populyar xəstə yığma metodudur. Əgər ən populyar tok-şouya çıxıb məşhur aparıcının qurduğu səhnəcikdə onun senarisiylə qəşəng artistlik edə bilirsənsə, hansısa “sağalmaz” xəstəni “diriltmə” səhnəsi səni bir gecədə ən məşhur həkimə çevirə bilər. Qapısında süni növbə yaradan həkimləri də nəzərə alın, hamını eyni saata çağırıb, xəstəsi çox imici yaradanlar. Bir də 3 ay sonraya “randevu” verməklə çox məşğul imici yaradanlar var, hər gün özünü reklam etdirib, 3 ay sonraya “randevu”ya yazdıranlar da var … Bir də bir həkim sizi başqasına göndərəndə də diqqətli olun. Doğrudan da yaxşı həkim olduğu üçünmü göndərir, yoxsa, “otkat” almaq üçün. İndi özünüz qərar verin, həkimi necə seçməli, necə tanımalı…”
Professor Adil Qeybulla isə Azərbaycan reallığında həkim seçimi məsələsinin həmişə aktual olaraq qaldığını bildirir:
“Azərbaycanda icbari tibbi sığorta yoxdur, xəstələr məcburdur özləri yaxşı həkim axtarışında olsunlar. Təəssüflər olsun ki, yaxşı həkim axtarışında olan xəstələr bəzən reklamlara uyurlar. Televiziya ekranlarından, “İnstagram”dan müxtəlif  həkimlərin nömrələrini alırlar. Bəzən aldanırlar, bəzən də müxtəlif problemlərlə üzləşirlər. Ümumiyyətlə, həkimlərin, tibbi müəssisələrin və ya tibbi müalicə üsullarının reklamı əslində dünyanın hər yerində qadağındır. Yaxşı əməl də sayılmır. Qərb təbabətində situasiya bu cürdür: bütün tələbələr oxuyurlar və yüksək müvəffəqiyyət göstərdikləri halda diplom alırlar. Dövlət onlara möhür vurub diplom verir. Ondan sonra onlar rezidentura keçirlər. Konkret protokolla bir ixtisasa yiyələnirlər. Və demək olar ki, bütün həkimlər eyni səviyyəyə malik olurlar. Ona görə də orada həkim seçimi məsələsi yoxdur. Xəstə rahatlıqla xəstəxanalara müraciət edir. Çünki xəstəxanada olan həkimlərin hamısı peşəkardır. Və bundan da fayda görürlər. Əslində, həkim seçimi olmamalıdır. Bəli ola bilər ki, müəyyən xüsusi və mürəkkəb əməliyyatlar ola bilər ki, onları yüksək ixtisaslı və ya daha peşəkar həkimlər edə bilər. Bu da artıq xəstəxana daxilində həll olunur. Düşünürəm, elə belə də olmalıdır”.
Adil Qeybulla həkimlərin müalicə üsullarının reklamına qadağa qoyulmasını düşünür:
“Bu Azərbaycan üçün böyük biabrçılıqdır. Bütün bunlar konkret korperativ maraqlara xidmət edən bir məsələdir. Həkim reklamı söhbəti varsa bilin ki, onu reklam edən televiziya, veriliş, kanal, proqram hamısı bu məsələdə maraqlıdır. Korperativ maraqları var. Həkimi reklam əvəzinə ondan böyük miqdarda pul alırlar. Və həkimlər də bu pulu xəstədən çıxarırlar. Bax, mahiyyət, sadəcə, bundan ibarətdir. Həkim reklamlar da çox adekvat, doğrudan da ikrah doyurucu səviyyədə gedir. Bəzən görürsən ki, aparıcılar həmin həkimləri bir saylı həkim, və s.adlandırırlar. Bu verilişlərə kifayət qədər abırlı, peşəkar həkimlər baxırlar, axı onlar da sanki bu cür şeylərdən iyrənirlər.  Ümumiyyətlə sonda bütün bunlardan xəstələr əziyyət çəkir. Bu baxımdan da hesab edirəm ki, həkim seçimi məsələsi yox, əksinə həkimlərin peşəkarlığı yüksəlməlidir, icbari tibbi sığorta olmalıdır. Dünyanın hər yerində olduğu kimi vətəndaşlarımız da bundan normal faydalana bilməlidirlər”.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …