Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Türk millətçiləri “1 kasım” səsverməsini Azərbaycanda niyə uduzdular…

Türk millətçiləri “1 kasım” səsverməsini Azərbaycanda niyə uduzdular…

Samir Adıgözəlli: “Burada olan Gülən camaatının tərəfdarları MHP-yə deyil, digər partiyalara səs verir”
“Azərbaycanda olan türkiyəli iş adamlarının sırasında kürd millətindən olanlar daha çoxdur”

Xəbər verdiyimiz kimi, Türkiyədə keçirilən erkən parlament seçkilərində Ədalət və İnkişaf Partiyası (AKP) qələbə qazanaraq təkbaşına hökumət formalaşdırmaq hüququ əldə etdi. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan üçün mühüm addım kimi xarakterizə etmək olar.
Parlament seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra məlum olub ki, AKP səslərin əhəmiyyətli hissəsini qazanıb. Ana müxalifət isə CHP oldu. Üç və dördüncü yerləri isə MHP ilə HDP bölüşdürür.
Türkiyədəki seçkilərlə bağlı müzakirələr davam edir. Xaricdəki türklərin səsləri də ciddi müzakirə mövzusudur. Həmin ölkələrdən biri də Azərbaycandır. Bizdə ötən seçkilərdə Cumhuriyyət Xalq Partiyası birinci olsa da, bu dəfə Ədalət və İnkişaf Partiyası önə keçib. Belə ki, Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının 42 faizi seçkiyə qatılıb. Onlardan 32.31%-i Ədalət və İnkişaf Partiyasına (AKP), 31.55-i Cumhuriyyət Xalq Partiyasına(CHP), 20.68%-i Xalqların Demokratiyası Partiyasına (HDP) səs verib. Azərbaycanda MHP çox sevilsə də, Türkiyə vətəndaşlarının sadəcə 13.64%-i Dövlət Baxçalının başçılıq etdiyi partiyaya səs verib.
Diqqətçəkən məqam MHP-nin Azərbaycanda hətta HDP-dən az səs toplamasıdır. MHP-nin ölkəmizdə geriləməsi nə ilə bağlıdır?
Millətçi dairələrə yaxınlığı ilə seçilən siyasətçi Samir Adıgözəlli vəziyyətin bu şəkil almasında bir sıra maraqlı detalları görür: “Əvvəla mən qardaş Türkiyədə keçirilən seçkilərin uğurla nəticələnməsinə sevindim. Çünki hökumətin qurula bilməməsindən sonra Türkiyədə hansı hadisələrin yaşandığını gördük. MHP-nin nüfuzunun ümumiyyətlə aşağı düşməsi prosesi baş verir. Başlıca səbəb MHP rəhbərliyində təmsil olunanların passiv siyasətçi olmasıdır. Dövlət Baxçalı bu istefanı çoxdan verməli idi ki, gənclərə yol açılsın. Türkiyədə siyasətdəki tərəfdarları əsasən ideoloji bağlılıq faktoruna görə qazanırlar. Milliyyətçi ideologiya Türkiyədə hər zaman populyar olub. Onun ətrafında insanları tez cəmləmək olur, nəinki başqa cərəyanların. Ölkə daxilində nüfuzun enişi xaricdə yaşayan vətəndaşların seçiminə də təsir edir.
Bu danılmazdır. Azərbaycanı da bu qəbilə aid edə bilərik. Artıq uzun illər formalaşan AKP hakimiyyətindən sonra burada çalışan iş adamlarının çoxu həmin partiyaya yaxındır.
Digər bir tərəfdən isə burada olan Gülən camaatının tərəfdarları MHP-yə deyil, digər partiyalara səs verir.
Doğru buyurursunuz ki, son nəticələrdə diqqətçəkən məqamlardan biri də HDP-nin Azərbaycanda MHP-ni üstələməsidir. Bu da bizim təxminlərimizi tam doğruldur. Azərbaycanda olan türkiyəli iş adamlarının sırasında kürd millətindən olanlar daha çoxdur”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın