Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Topçu” arağına görə cəmiyyət etiraz etdi, əsgərin atası razılığını geri çəkdi…

“Topçu” arağına görə cəmiyyət etiraz etdi, əsgərin atası razılığını geri çəkdi…

İki gündür ki, sosial şəbəkələrdə və mətbuatda Vətən savaşının qəhrəmanlıq simvollarından biri, cəsur topçumuz Vüsal Şahkərimovun şəkli vurulan “Topçu” arağının fotoları etiraz doğurub. Çox məhdud bir kəsim bunu normal hesab etsə də, bütövlükdə əksər vətəndaşlar, ziyalılar, cəmiyyətin fəal kəsimi qəhrəman əsgərin fotosunun araq şüşəsi üzərində olmasını gənc nəslin tərbiyəsi baxımından arzuolunmaz hesab ediblər.

Sosial şəbəkələrdə gedən müzakirələrdə səslənən əsas fikir belədir ki, o fotoşəkil insanların düşüncəsində müasir tarix kitablarının üz qabığı kimi canlanıb və onu içki şüşəsində gördükdə çox məyus olublar. Həmin işçi şüşələrinin sabah bir tullantı kimi zibil qutularına atılacağı isə daha pis bir mənzərə gündəmə gətirəcək. Halbuki qəhrəmanlarımız, şəhid və qazilərimiz daha yüksək məqama  layiqdirlər və xalq onların fotosunu daim başının üzərində , yüksəkdə görmək istəyir. Digər tərəfdən, bu savaşda əsgərlərimizin dini əhval-ruhiyyəsi, inancı, azad olunmuş torpaqlarımızda azan səsləndirməsi, topun-tüfəngin altında namaz qılması kimi görüntülər xalqın da mənəvi hisslərini yüksəldib. Belə bir həssas məqamda Vətən müharibəsinin simvollarından olan bir fotonun araq şüşəsi üzərində əks olunması insanların narazılığına səbəb olub. Lakin bunu normal qəbul edənlər də az deyil.

Məsələ ilə bağlı sözügedən məhsulun istehsalçısı olan  “Azgranata” MMC də münasibət bildirib. Qurumdan mətbuata verilən açıqlamada bildirilib ki, daha öncə də digər xalq qəhrəmanlarının adına içki istehsal olunub və bu bir ənənədir. Digər tərəfdən isə məşhur topçumuzun ailəsi buna razılıq verib.

“Azgranata” MMC-nin İctimaiyyətlə əlaqələr üzrə meneceri Ülvi Günəşli “Qafqazinfo”ya deyib ki, topçumuzun təsvirinin şirkət tərəfindən istehsal olunan içki şüşəsinə vurulmasında məqsəd ordumuzun gücünü, şücaətini göstərməkdir və hüquqi tərəfdən də heç bir qanun pozuntusuna yol verilməyib: “Topçumuz Vüsal bəyin atasıyla əlaqə saxlanılıb. O, bu təklifimizi son dərəcə hörmətlə qarşılayıb və hətta sevinib ki, oğlunun şəkli bizim brendin üzərində olacaq. Əgər qanun pozuntusu hesab olunursa, ortaya çıxarılsın və biz  cavab verməyə hazırıq”.

Gənc marketinq meneceri Ülvi Günəşli ilə “Kadr yetişdirilməsinin planlı  şəkildə həyata keçirilməsi mövzusunda müsahibə. » HR Azərbaycan -  Azərbaycanın ilk İnsan Resursları portalı

Müdafiə Nazirliyindən razılığa gəlincə isə Ü. Günəşli qeyd edib ki, nazirlikdən razılıq almalı deyillər və şəkil sahibi və ya ailəsi ilə razılıq  yetərlidir. O, həmçinin əlavə edib ki, təmsil etdiyi şirkət indiyə qədər bir çox tanınmış simaların adına içki istehsal edib: “Şirkətimiz tərəfindən Rasim Balayevin adına araq buraxılıb, generalların adına olan konyaklarımız var. Tarixi şəxsiyyətlərimizin – ”Dədə Qorqud”un adına, Xürrəmilər hərəkatı ilə bağlı içkilərimiz var. “Korifey” adı ilə şəxsi heyətin adına konyak istehsal etmişik. “Nizami”, “Füzuli” adına konyak və araqlar istehsal ediblər. Burada qanundankənar heç nə yoxdur. Bizim də gücümüz buna çatır, nəşriyyat evi, təhsil şöbəsi deyilik ki, kitab istehsal edək. Biz də bu sarıdan həmin şəxsləri tarixə salmaq istəyirik. Bu şəkli vurmaqla ordumuzun gücünü, şücaətini göstərmək istəyirik. Vüsalın  şəkildə duruşu bizim ordumuzu simvolizə edir. Bu içki məhdud sayda – 10 min ədəd satışa çıxarılacaq və bir neçəsi də muzeyimizdə saxlanılacaq”.

Vüsalın atası “Topçu” arağının istehsalına etiraz etdi

Məsələ ilə bağlı topçumuzun  atası İslam Şahkərimovla da əlaqə saxladıq. O, “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əvvəlcə öz razılığını bildirsə də, daha sonra ictimai narazılığı görüb və şirkətə zəng edərək etirazını bildirib: “Mən artıq razılığımı geri çəkmişəm, şirkətlə əlaqə saxlayıb dedim ki, oğlumun fotosundan istifadə etməsinlər. Mənə zəng edib demişdilər ki, bir qəhrəman kimi onun adına içki istehsal etmək istəyirik. Mən də dedim ki, istəyirsinizsə edin. Ancaq sonra gördüm ki, narazılıq yaranıb, imtina etdim. Şirkətdən də bildirdilər ki, əgər istəmirsinizsə, bu içkini istehsala buraxmarıq. İçki hələ istehsal olunmayıb və söz verdilər ki, buraxmayacağıq”.

İslam Şahkərimovdan qəhrəman topçumuzun vəziyyəti ilə bağlı da soruşduq. O bildirdi ki, mütəmadi olaraq ailəsi ilə əlaqə saxlayır və yaxşı olduğunu bildirir.

Cəmiyyətdə isə rəylər müxtəlifdir.

Telejurnalist Etibar Hüseynov sosial şəbəkə səhifəsində bildirib ki, “Topçu” içkisinin şüşəsinə məlum fotonun vurulmasında qəbahət, qeyri-adi heç nə yoxdur: “Tarix boyu “Napaleon” , “Sezar”, “Çe Qevara”, “Suvorov”, “Jukov”, ”Stalin” adında içkilər də olub. Amerika prezidentlərinin adını daşıyan araqlar indi də satışdadır. “Putin” adlı içkilər də öz yerində. Topçu Vüsal şəhid və ya əlil deyil. Qəhrəman bir əsgərdir. Adına içki də ola bilər, siqaret də, köynək də. Qadın kosmetikası və ya camaşırına vurulmayıb ki… Digər tərəfdən, bu, ailənin razılığı ilə olub və buna görə də çox güman ki, patent də alınacaq. Kənar, aidiyyəti olmayan şəxslərin dəxilsiz ajiotajını anlamaq olmur”.

Rey Kərimoğlu : Prezident tapşırıq verir, məmurlar əksini edir...bəzi icra  başçıları deyirlər ki, nə olsun prezident deyib! - + FOTO

Rey Kərimoğlu: “Mənim istədiyim odur ki, həmin şəklə, ada görə ailəyə normal qonorar ödənərdi”

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu da “Yeni Müsavat”a danışarkən bildirdi ki, mətbuatda yayılan bu fotoları görüb və faciə kimi qarşılamayıb: “Qəhrəmanlarımızın fotosu təkcə içki deyil, digər istehsal məhsullarının üzərinə də vurula bilər. Bu normal haldır. Azərbaycan cəmiyyəti müsəlman cəmiyyəti olduğu üçün yəqin ona görə qıcıq doğurdu. Ancaq məşhur tarixi qəhrəmanların adına içkilər var. Bu normal haldır, ailəsi də icazə verib. Mənim istədiyim odur ki, həmin şəklə, ada görə ailəyə normal qonorar ödənərdi. Bundan sonra döyüşçülərə yanaşma bir qədər fərqli ola bilər, onlar reklam çarxlarına da çəkilə bilər, sosial reklamlara da çəkilə bilər”.

Rey Kərimoğlu bildirdi ki, hazırda bir qədər həssas dönəmdir, müharibədə dini hisslər də önə çıxdı: “Azad  olunan yerlərdə əsgərlərimizin  azan oxuması, namaz qılması mənə də xoş təsir edir. Hamımız İslam mədəniyyətinin üzvüyük. Bu mənada insanların narazılığını anlayıram. Ancaq mənəvi, tərbiyəvi baxımdan hər hansı problem görmürəm. Sabah o topçu qayıtdıqdan sonra işsiz də qala bilər, o zaman da ona bu cür dəstək lazımdır”.

Əkrəm Həsənov: “Regionlarımızda vəkillərə böyük ehtiyac var”

Əkrəm Həsənov: “Vətən müharibəsi mövzusunu içkiyə daşımaq olmaz, çünki bizim əsgərlərimiz Allahın adı ilə savaşa atılıblar”

Hüquqşünas Əkrəm Həsənov isə “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, bu məsələdə hüquqi baxımdan hər hansı bir məhdudiyyət yoxdur: “Ancaq topçu gəncimiz özü həyatda olduğu üçün ailəsinin də burada qərar verməyə ixtiyarı yoxdur, ancaq özü qərar verməlidir. Cəbhədə olduğu üçün biz indi onun fikrini bilmirik. Hüquqi baxımdan ancaq özü bu məsələni həll edə bilər, onun razılığı varsa, hər hansı problem yoxdur. Ailə üzvləri bu məsələyə qarışa bilməz. Əgər bu məsələ bizim qanunvericilikdə öz əksini tapsaydı ki, ölkənin hərbi və digər məsələlərində qəhrəmanlıq göstərən şəxslər buna razılıq verə bilməz, o zaman nə isə demək olardı. Ancaq belə bir məhdudiyyət yoxdur”.

Məsələnin mənəvi tərəfinə gəlincə, Ə.Həsənov bunun yolverilməz olduğunu qeyd etdi: “Biz öz torpaqlarımızı azad edərkən dəfələrlə dedik ki, düşmən məscidlərimizdə donuz saxlayır. Azərbaycan  dünyəvi dövlətdir, ancaq müsəlmanlar üstünlük təşkil edir. Dini bayramlar bizdə rəsmi bayram kimi qeyd olunur. Vətən müharibəsi mövzusunu içkiyə daşımaq olmaz. Çünki bizim əsgərlərimiz Allahın adı ilə savaşa atılıblar. Hamı da bilir ki, İslama görə içki qadağandır. Topçu yəqin ki, içkili vəziyyətdə olsaydı, vəzifəsini düzgün icra edə bilməzdi. Anlaşılan deyil ki, bunu niyə ediblər. Təəssüf ki, qanunvericiliyimizdə də boşluqlar var”.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …