Ana səhifə / Cəmiyyət / “Topaz”ın çempionata sponsorluq etməsi doğrudurmu? – “Məqsəd pul tələsidir”

“Topaz”ın çempionata sponsorluq etməsi doğrudurmu? – “Məqsəd pul tələsidir”

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra, 1992-ci ildən ölkədə futbol çempionatı keçirilir. Çempionat 1992-ci ildən 2007-ci ilə qədər Yüksək Liqa, 2007-ci ildən sonra Azərbaycan Premyer Liqası adı altında fəaliyyət göstərir.
2009-cu ilə qədər Azərbaycan Premyer Liqasının sponsoru olmayıb. 2009-cu ilin sentyabrında “Unibank” və Peşəkar Futbol Liqası arasında sponsor müqaviləsi imzalanıb və ölkə çempionatına ilk dəfə kommersiya strukturu tərəfindən sponsorluq edilib. Bu əməkdaşlıq 3 il davam edib. 
2012-ci ildən bu günə kimi isə Azərbaycan Premyer Liqasına “Topaz” bukmeker şirkəti sponsorluq edir.
Təbii ki, sponsor mərc oyunları şirkəti olanda biraz düşünməli olursan. Niyə? Çünki istənilən vəziyyətdə bukmeker kontorunun sponsoru olduğu çempionatda hansısa “oyunların döndüyü”ndün şüphələnməmək mümkün deyil. 
Ümumiyyətlə, ölkənin futbol çempionatına niyə bukmeker kontoru sponsorluq edir? “Topaz”ın Azərbaycan çempionatının sponsoru olması nə dərəcədə doğrudur, oyunlarda şəffaflıq olduğuna inana bilərikmi?
Bu suallara cavab tapmaq üçün araşdırma aparmağa çalışdıq. Korrespondentlərimizin maraqlı fikirlərini diqqətinizə çatdırırıq: 

Rəşad Ergün (İdman jurnalisti): “Yerli bukmeker kontorunun elə yerli çempionata sponsorluq etməsi təbii ki, yaxşı hal deyil. Bu, qoyunu qurda tapşırmaq kimi bir şeydir. Amma məsələ burasındadır ki, “Topaz” olsa da, olmasa da, oyun satmaq istəyən, oyunu “qumar”a qoymaq istəyən bunu edəcək.
Reportyor kimi çalışdığım dövrləri xatırlayıram, o vaxt “Topaz” hələ yaranmamışdı, çox sonra yaranacaqdı. O dövrdə gözümüzün qabağında nə qədər oyunlar satıldı. Bütün bunlarla bağlı nə qədər yazılar yazmışdıq. Bir insan satmaq istəyirsə, satacaq, onun üçün fərqi yoxdur. Təəssüf ki, Azərbaycan futbolunda rəhbərlikdən tutmuş adi futbolçuya qədər, alverə meylli adamlar çoxdur. Təbii ki, “Topaz”ın Premyer Liqaya sponsorluq etməməsi daha yaxşı olardı. Amma bir daha deyirəm, “Topaz” sponsorluq etməsə, futbolumuzda şəffaflıq olacaq” da deyə bilmərik. Şəffaflıq insanın vicdanında olmalıdır”. 

Fazil Mustafa (Millət vəkili): “Hər halda bu işi gerçəkləşdirən insanlar sponsor tapmaq məsələsini həll etməlidirlər. Onlar ancaq bu variantda dayana bilir. Azərbaycanda futbol çempionatına sponsorluq edən elə bir şirkət, firma yoxdur. Əksəriyyəti də dövlət şirkətləridir. Ona görə də özü-özünü təmin edən bir qurumun çempionata sponsorluq etməsi normal qarşılanmalıdır”. 

Tahir Süleymanov (Futbol mütəxəssisi): “Bir qədər fərqli yanaşılmalıdır məsələyə… Dünyanın bir çox ölkələrində çempionata bu kimi şirkətlər sponsorluq edir, hətta böyük klublara titul sponsorluğu da edirlər. “Qara bazar” deyilən anlayış var və bunun qarşısının alınması üçün rəsmi şirkətlərin olması vacibdir. Əsas məsələ, belə sponsorluqlardan klublar nə qədər rəsmi vəsait qazanır, hesablarına köçürmələr olur. 
Futbolun ümumi idarəçiliyi zəif olduqda problemlər üzə çıxır. Bilirsiniz, Avropanın aparıcı ölkələrində də çox neqativ hallarla rastlaşılır. “Yuventus” kimi dünya nəhəngi vaxtilə aşağı liqaya göndərilib, Almaniya, İspaniya, Yunanıstan və digər ölkələrdə mənfi hallar yaşanıb. Əsas, vaxtında tədbirlərin görülməsi, futbol epidemiyasının qarşısının alınmasıdır. Dərhal müdaxilə edəndə, problemlər də tez aradan qalxır. 
Bu, tək Azərbaycanda deyil, bütün dünyada mövcud olan problemdir. Ölkə futbolunda onsuz da sponsorluqlarla bağlı böyük geriləmə müşaiyət olunur. Bunlar müzakirə olunmalı, futbol idarəçiliyində dönüş yaradılmalı, inkişafa nail olmaq üçün sərmayələrin cəlb olunması məsələsi davamlı gündəmdə saxlanılmalıdır. 2005-2015-ci illər dövlət proqramından sonra 4 ildi ikinci proqramın qəbulu gecikir. İlk proqrama xərclənən külli miqdarda vəsaitin qarşılığı lazımı səviyyədə verilmədi. Dövlət haqlı olaraq bu durumdan narahatdır və ona görə də yeni proqram layihəsi son illər ərzində dəfələrlə geri göndərilib. Ona görə, durğunluq yaşanır, qeyri müəyyənlikdir. Avropa Liqasının finalı, “AVRO-2020” yaxınlaşır. İnanmaq istərdim ki, yaxın vaxtlarda ciddi addımlar atılacaq, yeni layihə qəbul ediləcək. 
Bununla yanaşı əsas məsələ isə əvvəlki 10-15 ildə olduğu kimi, ayrılan vəsait dağıdılmamalı, səmərəli istifadə edilməli, futbolda lazımı islahatlar aparılaraq inkişaf təmin edilməlidir. Futbolda lazımı addımlar atılarsa, qeyd olunan neqativ halların da qarşısı minimuma enər, alınar…” 

Oğuz Ayvaz (Şair): “Topaz”ın sponsor olmağının əleyhinəyəm. Ümumiyyətlə, bukmekerlər futbolu əlimizdən aldı. Demək olar əksər, bəlkə də daha çox komandalar çirkaba bulaşırlar. Biz tamaşçılar da buna aldanırıq. “Topaz” ölkəmizdə xeyli reklamı olan orqandır, məqsəd də oyna, uduz, pul tələsidir. Amma nə xeyri? Dünyanın hər yerində belə kontorlar var. Təəssüf edirəm ki, həqiqi, canlı futbol bizi tərk elədi. “Liverpul” və “Tottenhem”in oyunlarında da açıq aşkar bunu gördük”. 

Ceyhun Əzizli (Azarkeş): “Ölkə çempionatına “Topaz”ın sponsorluq etməsinə normal baxıram. Şəffaflığa gəlincə isə Azərbaycan çempionatının sponsoru “Halal nemət” də olsa, yenə də qumarxana olacaq. Bu halın “Topaz”la heç bir əlaqəsi yoxdur. Sponsorluq bir məsələ deyil. Məsələ burasındadır ki, bizdə futbolu idarə edənlərin özləri qumar oynayır. Bu çirkabı onlar gətiriblər. Bu “kiçik adamlar”ın gördüyü işlər deyil. Balıq başdan iylənər”. (Qaynarinfo)

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …