Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Tibb bacıları dedi ki, biz hər ay baş həkimə 50 manat “haqq” verməliyik…”

“Tibb bacıları dedi ki, biz hər ay baş həkimə 50 manat “haqq” verməliyik…”

Bütün bəşəriyyət kimi, Azərbaycanın da məlum pandemiyaya qarşı mücadilə apardığı bu mürəkkəb dövrdə də icra başçılarının, digər məmurların aztəminatlı ailələrə dövlətin verdiyi müavinət və yatdımlara belə, göz dikməsi barədə üzə çıxan dəhşətli faktlar ölkəmizdə rüşvətxorluq və korrupsiya mərəzinin nə dərəcədə vüsət aldığını bir daha açıq-aydın göstərdi. Odur ki, bu sahədə dövlətin cəza tədbirləri ilə yanaşı, ictimaiyyətin, qeyri-hökumət qurumlarının, tanınmış ziyalıların, ictimai-siyasi xadimlərin maarifləndirici addımlarına, sözlərinə, müraciətlərinə də ciddi ehtiyac var…

Moderator.az-a bu dəfəki açıqlamasında sabiq deputat, keçmiş polis rəisi, eyni zamanda son dövrlərdə publisist kimi də tanınmış Cahangir Hüseynov korrupsiya və rüşvətxorluğun dövlət və hökumət qurumlarında yaratdığı gerçək mənzərədən böyük təəssüf hissi ilə bəhs etdi.

“Uzun illər polis rəisi, deputat kimi çalışdığım üçün icra başçılarının nələrlə məşğul olduğunu gözəl bilirəm. Elə məsələlər var ki, 20-25 ildi, hamının gözü qarşısında baş verir. İcra başçıları yazılmamış qanun qoyur ki, rayonda süpürgəçi, fəhlə, müəllim, həkim, mühəndis və s. hər biri dövlətdən aldığı maaşdan hər ay 10-20 manat müdiriyyətə, məsələn, müəllim məktəb direktoruna, tibb bacısı, həkim baş həkimə verməlidir. Bunlar da öz növbəsində təhsil və ya səhiyyə şöbəsi müdirinə, onlar da icra başçısının özünə və s. “haqq” verə-verə bu cür silsilə şəklində davam edir. Belə olan halda da təbii ki, müəllim şagirddən, valideyndən, həkim xəstədən, mühəndis ustadan, fəhlədən və s. “haqq” almağa çalışacaq… Yəni Prezident Adiministrasiyana birbaşa bağlı olan bir struktur kimi icra hakimiyyətlərindəki rüşvətxorluq digər qurum və zümrələr üçün gerçək bir üzdəniraq “nümunə”yə çevrilir və bu münvalla ölkədə nəhəng bir korrupsiya şəbəkəsi yaranır…”

Sabiq polis rəisi özünün gündəlik həyatda rastlaşdığı adiləşmiş rüşvət faktlarından da danışıb:

“Özüm müalicə üçün xəstəxanaya gedəndə dəfələrlə şahidi oluram belə faktların. Adi tibb bacıları özləri deyir ki, biz hər ay baş həkimə 50 manat hesab verməliyik. Bir dəfə belə bir fakta görə tanıdığın bir baş həkimə ciddi iradımı bildirdim. Təbii ki, o, sıxıla-sıxıla bunu boynuna almadı. Amma axı hamı bilir ki, baş həkim də özündən yuxarıdakılara hesab verir…

…2003-cü ildə Milli Məclisdə Nazirlər Kabinetinin hesabatı müzakirə ediləndə Təhsil və Səhiyyə nazirliklərini rüşvət hallarına görə sərt tənqid etdim. Dedim ki, müayinənin qanunla pulsuz olduğu dövlət xəstəxanasına girirsən, qapıçıya 1 manat verməlisən, qeydiyyata-filana düşmək üçün hakimə, şöbə müdirinə, baş həkimə, aparata, analizə və s. – hamısına pul verməlisən. Bu biabırçılıqdır, dəhşətdir!.. Bunun bir səbəbi də 30 ilə yaxın müstəqillik dövründə hələ bizim səhiyyədə tibbi sığortanın indiyədək tam respublika üzrə tətbiq olunmamasındadır. Bu da tibbi personalın maaşlarının azlığına gətrib çıxarır. Həkimə 500 AZN maaş versən də, o müasir tələblərə uyğun dolanmaq üçün məcburdur xəstələrin cibinə gözünü diksin. Müəllim də onun kimi…”

“İcra başçısına 1200-1500 manat verilir. Belə bir maaşla böyük bir rayona rəhbərlik etmək üçün yalnız barmaqla sayılası halal insanlar gedib işləyə bilər. Əksəriyyət isə yalnız rüşvət, korrupsiya hesabına külli miqdarda qazanc əldə etmək məqsədilə gedir o vəzifələrə…

DTX-nin son uğurlu əməliyyatları, öncə dediyim kimi, digər başçılara bəlkə bir dərs ola. Hər hansı bir rayona rəhbərlik edən şəxs düşünsün-daşınsın. Əgər hansısa1500 manata dolana bilmirsə, cənab Prezidentin dediyi kimi, ərizəsini yazsın ki, mən bu maaşla dolana bilmirəm. 400-500 minlik maşınını, yaxud əlavə bağını-evini satsın, gedib biznes qursun özünə…

Açığını etiraf edək, yalnız icra hakimiyyətlərində deyil, onlardan “nümunə” götürən digər qurumlarda da kim işə düzəlirsə, çalışır ki, dolayı yolla, rüşvətlə, saxtakarlıqla nəsə bir qazanc əldə etsin. Düzdü, əksər qurumlarda hələ də maaşlar azdı. Amma adamın vicdanı olar da, xalqın cibini, dövlətin büdcəsini nə qədər talamaq olar? Gəlin, tövbə edin, bir kişi kimi, insan kimi işləyin, yaşayın ki, bu xalq da bir gün görsün də…”- deyə C. Hüseynov üzünü məmurlara tutub.

Sabiq deputat korrupsiyaya qarşı mübarizə qanununun tətbiqindən də bəhs edib:

“2003-cü ildə parlamentdə Korrupsiyaya qarşı mübarizə haqqında Qanunun qəbul edilməsində mənim də böyük rolum olub. O vaxt Venesiya komissiyası həmin qanunun qəbul olunmasını tələb edirdi. Prezident tərəfindən layihə Milli Məclisə göndərildi. Mən də dövlət quruculuğu və hüquq komitəsinin həmsədri kimi bu haqda məruzə etdim. Həmin çıxışımda dedim ki, hörmətli xalqımız, hörmətli məmurlarımız gəlin artıq bu korrupsiyaya son verək. İndiyədək kim nə yedi, kim nə oğurladı, bəsdir artıq…”

“Sizə açıq deyirəm, əgər korrupsiya olmasa, icra başçısının maaşı 5-10 min manat, nazirin maaşı 10-15 min, müəllimin, həkimi əmək haqqı azı 3-5 min manat olar. Vəzifələrdə işləmiş, Həcc ziyarətində olmuş bir insan kimi də deyirəm ki, oğurluq, haram pulun, vallah, xeyiri-bərəkəti yoxdur. Bunu elə son dövrdə həbs edilən başçıların, digər məmurların acınacaqlı taleyində də görürük. Vallah, haram qazanc gec-tez adamın burnundan gəlir. Sonra da fikirləşirsən ki, mən nə etmişəm – filan bəlayla, faciə ilə üzləşdim. Cavabında düşünürsən ki, sən hansı pis əməlləri etməmisən, rüşvət almısan, dövlət büdcəsini, xalqın sərvətlərini talayıb yemisən, camaata zülm etmisən – budur çıxır qarşına…

İnsanda nə qədər tamah olar? Eləsi var, yaşı 70-i keçir, hələ də nazir, icra başçısı işləyir. Hər şeyin təbii, fizioloji həddi-hüdudu, ölçüsü var. Düzü budur ki, pensiya yaşından yuxarı insan pedaqoji fəaliyyətlə məşğul ola bilər. Ya da dediyim kimi, gedib özünə biznes qurmalıdır…
Qardaş, bəsdirin daha. O boyda dünyaya Allahın vəhyi ilə sonuncu dini gətirən, Quranı gətirən Məhəmməd Peyğəmbər əlieyhissəlam cəmi 63 il yaşadı, amma özündən sonra milyonlarla pul, cah-cəlal qoymadı, bir daxma, bir palaz, bir iki taxta qab-qacaq qoyub getdi – dünya dağılmadı ki…

Bu koronavirus nədən gözlənilmədən ortaya çıxdı? Vallah, Allahın, təbiətin qəzəbinə tuş gəldi bəşəriyyət, insanlıq. Axı nə qədər olar tamahkatlıq, quldurluq, vəhşilik, puldan, evdən, maşından ötrü bir-birini əzmək, öldürmək?..”- deyə tanınmış publisist narahat duyğularla fikirlərini yekunlaşdırıb.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …