Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Test üsulu ləğv edilir?

Test üsulu ləğv edilir?

“Test üsulu ali məktəblərə qəbulda rüşvət piramidasının sındırılması üçün çox vacib addım idi. Ancaq heç bir halda uzunmüddətli və toxunulmaz formada qalmamalı idi. Test üsulu tətbiq ediləndən üç-dörd il sonra ali məktəblərə qəbulun ən sadə forması tapılmalı idi. Əsas diqqət isə qəbula deyil, məktəbi bitirməyə yönəlməlidir”.

Bunu millət vəkili Fazil Mustafa bildirib. O qeyd edib ki, hazırlıqsız şəxs inkişaf etmiş ölkələrdə olduğu kimi, rahatlıqla daxil olduğu məktəbi rahatlıqla tamamlaya bilmir: “Məhz bu vaxt itkisinin qorxusundan insanlar orada ali təhsili əyləncəyə çevirmirlər. Test üsulu predmet haqqında geniş dünyagörüşünə sahib insan yetişdirmir, istər-istəməz, əzbərçilik çərçivəsinin içinə yönləndirir. Cavabları variantların birində göstərilən test forması savadlı insan yetişdirə bilməz. Savad yalnız konkret sahəyə aid biliklərə yiyələnmək deyil, həm də fikrin ifadəsidir, dolğun yazılı təsviridir, ümumi elmi dünyagörüşüdür. Ona görə də ən yüksək balla daxil olmuş insanların əksəriyyəti normal esse yaza bilmir, mütailə vərdişinə sahib deyil və nəticədə də tam yetkin mütəxəssis kimi yetişməkdə çətinlik çəkir.

Yaxın çevrədə olan və testin məhsulu sayılan tələbələrin əksəriyyətinə bədii ədəbiyyatın, gündəlik mütaliənin faydasını hələ də təlqin edə bilmirik. Kütləvi bir tənbəlləşmə aurası görürəm və üzülürəm. Addımbaşı qurbağa xətləri ilə, hərf səhvləri ilə dolu diplomlu insanların mətnləri ilə tanış olduqda problemin hansı həddə olduğunu duyuram. Çıxış yolu ali məktəblərin girişini açıb çıxışını daraltmaqdır. Bir şeyi də etiraf edək ki, bütün bunların əsas mənbəyi orta təhsilin optimal faydalılığının olmamasında axtarılmalıdır. Azərbaycanda həm dövlətin, həm də cəmiyyətin təhsil hədəfləri anlaşılmazlıqlara doludur”. 

Qeyd edək ki, son vaxtlar bəzi ekspetlər ali məktəblərə qəbul imtahanında test üsulunun ləğvinin, bəziləri isə bu üsulun daha da təkmilləşdirilməsinin tərəfdarıdır. Xatırladaq ki, ölkədə test üsulu tətbiq edilmədən öncə neçə-neçə savadlı abituriyent “tələblərə cavab vermədiyi” üçün universitetə qəbul ola bilmirdi. Ancaq məhz testin tətbiqindən sonra çox sayda imkansız ailələrin övladları, savadlı gənclər universitetlərə qəbul oldular. 

Hazırda isə test üsulunun ləğv edilməsi ali məktəblərə qəbul zamanı yenidən həmin problemlərin yaranmasına gətirib çıxarmayacaq?

Təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov Cebhe.info-ya bildirib ki, Sovet dövründə ölkəmizdə 70 il ərzində yazılı-şifahi imtahanlar olub: “Orta məktəblərdə şagirdlər ibtidai sinif başa çatandan sonra 5-6-cı sinifdə 2 imtahan, 7-8-9-cu sinifdə 3 imtahan, 10-cu sinifdə 4 imtahan verirdilər. Bu, o demək idi ki, uşaqlar imtahana tədricən öyrəşirdilər. Sonra biz 1991-ci ildə test üsuluna keçdikdə, bu inteqrasiya məqsədilə lazım idi, birdən-birə test üsulunun tətbiqi ilə bağlı 8 fənndən imtahan salındı.

O vaxt belə qərara gəlinmişdi ki, testlə qəbulda 350 bal həddi olsun. Bu bal həddi klassik qiymətləndirmə ilə “3”  hesab olunurdu. Sonra məlum oldu ki, 350 bal toplayanlar azdır, 150, hətta 100 balla da ali məktəblərə qəbul həyata keçirdik. Testin əhəmiyyəti ondan ibarət idi ki, obyektivliyin təmin olunmasında vasitə kimi hesab edilirdi. Bir çox vətəndaşlarımız tərəfindən müsbət qəbul olunurdu ki, imkansız ailələrin övladları məhz test vasitəsilə ali məktəblərə qəbul olunur”. 

O bildirib ki, sonra test tədricən əvvəlki səviyyədən fərqli olaraq mahiyyətini itirməyə başladı: 

“Testlə bağlı fikirlər haçalandı. Bəziləri testi mexaniki əzbərçilik, bəziləri krossvord adlandırdı, testin kifayət qədər imkanı olmadığını açıqladı. Həmçinin bildirildi ki, bilik və bacarıqların üzə çıxarılmasına kifayət qədər təsir edə bilmir. Hətta son vaxtlar ümumiyyətlə, testin ləğvindən söhbət gedir. Bu fikirlər müxtəlif mövqelərdir. Testin müsbət tərəfləri kimi mənfi tərəfləri də var. Çünki oxu, yazı vərdişləri kimi keyfiyyətləri üzə çıxarmaqda məhdudiyyətlər var. Ona görə müəyyən dövrdən sonra qapalı testlərə açıq testlər əlavə etdilər. Boloniya prosesinə qoşulduqdan sonra ali məktəblərdə birdın-birə sessiya imtahanlarını yazılı şəkildə keçirildi.

Təsəvvür edin ki, uşaqlar orta məktəbdən testlə gəlir, ali məktəbə testlə qəbul olur, sesssiya imtahanında birdən-birə yazılı tətbiq edilir. Ona görə də bizim bir sıra universitetlərdə tələbələr etiraz edirdi. Hətta universitetlərdən birində tələbələrin piketi keçirilmişdi. Ondan sonra məsələ qoyuldu ki, ali məktəblərdə yazılı imtahana keçirilirsə, orta məktəbdə bu vərdişləri yaratmalıyıq. Ona görə də belə qərara alındı ki, 9-cu sinifdə esse imtahanı keçirilsin. Ancaq esse imtahanları da zəif göstəricilərlə nəticələndi. Ona görə də yenidən testi bərpa etdilər”. 

O bildirib ki, hazırda testin ləğvindən söhbət gedə bilməz: 

“Çünki testin ləğv olunması əlavə problemlər yaradacaq. Necə ki, testə keçəndə o problemləri yaşadıq, testi ləğv edəndə də bir müddət o problemlər yaşanacaq. Mən hesab edirəm ki, biz bu gün testin ləğvi üçün hazır deyilik”. 

Ekspert çıxış yolunu onda görür ki, testlərdə açıq testlərin sayını tədricən artırmaqla uşaqlarda vədrişlər yaradılmalıdır: “İndi açıq testlərdə də müəyyən problemlər yaranır. Çünki adaptasiya məsələsi var. Bu gün kurikulum tətbiq edirik. Əvvəlki təhsil proqramları bilikyönümlü, indiki kurikulumlar isə şəxsiyyətyönümlüdür. Yəni şagirdlər yalnız biliklə kifayətlənməməli, bacarıqları, vərdişləri olmalıdır. Bu baxımdan testin imkanları məhduddur.

Ona görə də bu saat testin ləğvindən deyil, imkan daxilində təkmilləşdirilməsindən söhbət gedə bilər. Hazırda dünyanın bir sıra ölkələrində attestatla qəbul həyata keçirilir. Ümumiyyətlə, imtahansız qəbulun təşkilindən də söhbət gedir. Bu saat imtahanları da ləğv edə bilmərik. Çünki biz buna hazır deyilik. Tədricən təkpilləli vahid imtahana keçə bilərik. Buraxılış imtahanları ilə ali məktəbə qəbul imtahanlarını birləşdirib bir imtahan yolu ilə abituriyentlərin ali məktəbə qəbul məsələsini həll edə bilərik. Birdən-birə sıçrayış etmənin təhsilə ziyanından başqa heç bir xeyri olmaz. Ona görə də testin nə qədər çatışmazlıqları olsa da, bu saat testin ləğvi deyil, onun təkmilləşməsindən, daha optimal variantının tapılmasından söhbət gedə bilər”. 

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …