Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Telekanalların heç birində kadrlar şöbəsi yoxdur, amma hər yerdə Zülümovlar var” – Həmid Herisçi

“Telekanalların heç birində kadrlar şöbəsi yoxdur, amma hər yerdə Zülümovlar var” – Həmid Herisçi

“Heç bir yerdə kadrlar şöbəsi yoxdur. Ordan-burdan, kim hardan gəldi aparıcılıq edir. İnsanlarda belə bir fikir formalaşıb ki, televiziya həvəskar sənətdir”.

Bu sözləri Yenisabah.az-a yazıçı, televiziya aparıcısı Həmid Herisçi deyib.

O,aparıcıların nitqindəki qüsurlar, əcnəbi sözlərin işlədilməsi, cümlənin düzgün deyilməməsi kimi məqamlara toxunub:

“Gəlin, boynumuza alaq ki, son dövrlərdə telekanallarda nitq mədəniyyəti pozulub. Bu hal təkcə telekanallara aid deyil, bütün sahələrdə müşahidə olunur. Yəni buna riayət edən, nə də nəzarət edən var. Bədii şuraların da fəaliyyəti ya görünür, ya da yüksək səviyyədə deyil. Buna görə də, üzdəniraq aparıcılar telekanallarda at oynadır. 

Əksər aparıcılar sait səsləri tələffüz etmir, ancaq samit səsləri deyirlər, ona görə də tamaşaçı heç nə eşitmir, anlamır. Xüsusən, qadın teleaparıcılar haray-həşirlə, yəni kişi səsi ilə danışırlar. 

Qəribə odur ki, seriallarda da səsləndirmə eyni vəziyyətdir. Serial qəhrəmanları arasında dava edənlər niyəsə qadınlardır, halbuki başqa ölkələrdə dava mövzuları kişi mövzularıdır. Bizdə qadınlar həm kişi səsi ilə danışır, həm də kişi mövzularına girişirlər. Bu çox gülməlidir. Azərbaycan teleserialları həm mövzu, həm də nitq baxımından gülməlidir. Bu yolverilməzdir! 

Məncə, zaman keçikcə vəziyyət düzələcək, zaman özü hər şeyi redaktə edəcək. Biz heç nəyi həll etmirik, hər şeyi zamanın öhdəsinə buraxmışıq. Zaman özü hər şeyi düzəldir, ümid edirik ki, bunun da öhdəsindən gələcək. Bu məsələdə qurumların adını çəkmirəm, çünki peşəkar ünvanlardan nə isə gözləməyə dəyməz. Təəssüf!”

Həmid Herisçi son illər Azərbaycan teleməkanında müğənnilərin, blogerlərin teleaparıcılıq etməsi ənənəsi barədə də danışıb:

“İndi həvəskarlar dövrüdür. Həvəskarlar təkcə telekanallar at oynatmır. Çünki kadrlar şöbəsi kimi vacib bir idarə ləğv edilib. Heç bir yerdə kadrlar şöbəsi yoxdur, amma hər yerdə Zülümovlar var. Ordan-burdan, kim hardan gəldi aparıcılıq edir. İnsanlarda belə bir fikir formalaşıb ki, televiziya həvəskar sənətdir, peşəkarlığa ehtiyac yoxdur, guya bu, Amerika modelidir. Bu məsələdə reytinq şirkətlərinin də dağıdıcı fəaliyyəti var. Çünki beynəlxalq reytinq şirkətləri məkrli siyasət aparırlar. Onların fikri xalqın beynini yumaq, psixolinqvistik proqramlaşdırma yolu ilə təfəkkür kodlarını dəyişdirməkdir. Əvvəlcə şüuraltını dəyişirlər, daha sonra şüuru. Bu haqda bir çox araşdırmalarım olub, amma təəssüf ki, proses yenə davam edir”.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …