Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “Tariximizə Sahib Çıxaq” İctimai Birliyinin növbəti layihəsi – FOTOLAR

“Tariximizə Sahib Çıxaq” İctimai Birliyinin növbəti layihəsi – FOTOLAR

“Tariximizə Sahib Çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi, “Tarixinə sahib çıx” tarixi abidələrimizin gənc nəsil arasında və xaricdə tanıdılmasının təbliği” layihəsi ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üzrə elan etdiyi qrant müsabiqəsinin qalibi olmuşdur. Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihədə əsas məqsəd gənclərin tarixi-mədəni irsin qorunub saxlanması problemlərinə cəlb edilməsi, onların tarixi və milli kimliyinin formalaşması, tarixi-mənəvi mənsubiyyət hissinin inkişafı, xaricdə Azərbaycanın tarixi abidələrinin, qədim özkeşmişinin təbliği, tanıdılmasıdır.

Təşkilatın növbəti tədbiri 14 aprel 2022-ci il tarixində Maştağa qəsəbəsində yerləşən 128 saylı tam orta məktəbdə keçmişdir. Tədbir Azərbaycan Respublikasının himni ilə açıldı. Tədbirdə “Tariximizə Sahib Çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyinin sədri Araz Şamilov, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı fil.ü.f.d., dosent, Zəkulla Bayramlı və AMEA Folklor İnstitutunun əməkdaşı Vəfa Saleh iştirak edirdi.

Tədbirin sonunda təşkilatın rəhbəri Araz Şamilov tərəfindən başda məktəbin direktoru Sədaqət Əliyeva olmaqla tədbirin təşkilatçılarına tarix müəlliməsi Jalə Qurbanovaya, sinif rəhbəri Nəcibə Pirverdiyeva və aktiv şagirdlərə diplom və bukletlər verildi.    

Tədbirə çox aktiv hazırlaşan şagirdlər Azərbaycanın müxtəlif bölgələrini əhatə edən milli-maddi nümunələri olan tarixi abidələr haqqında məlumat verdi. Şagirdlər Qarabağ, Naxçıvan, Şirvan, Aran və d. bölgələrdəki tarixi abidələr haqqında ətraflı məlumat verdikdən sonra, tarixi abidələrlə bağlı qısa slayd da göstərdi. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Sədaqət Əliyeva tədbirin aktuallığından, bu günki nəsil üçün əhəmiyyətindən danışdıqdan sonra sözü qonaqlara verdi. Qonaqlarla yanaşı, tədbirdə çıxış edən məktəbin tarix müəllimləri Jalə Qurbanova, İsfəndiyar Cəfərov da belə tədbirlərin məktəblilər üçün əhəmiyyətindən danışaraq, belə tədbirlərin gənc nəsil üçün çox vacib olduğunu bildirib, qeyd etdi ki, onları tez-tez, müxtəlif mövzularda keçirmək lazımdır. Eyni zamanda uşaqların tarixi abidələrin yerləşdiyi məkanlara da səfərlərinin təşkili zəruridir.

O belə tədbirlərin gənc nəsil arasında vətənpərvərlik hissini yüksəltməsini, milli-mənəvi və maddi sərvətlərimizin qorunması istiqamətində vacibliyini bildirdi.

Qeyd edək ki, məhz belə tədbirlər uşaqları daha aktiv olmağa, kənar bilgiləri tez qavrayıb, üzərində işləmək imkanı yaradır.

18 aprel 2022-ci il tarixdə layihə çərçivəsində Bakı şəhərində yerləşən 313 saylı tam orta məktəbdə 8 sinif şagirdləri arasında “bilik yarışı” keçirildi.

Azərbaycan Respublikasının dövlət himni ilə açılan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sonra isə səhnəyə həmin məktəbin IX sinif şagirdi Pənah İbrahimov çıxaraq, şəhidlərin xatirəsinə həsr olunmuş Xudayar təsnifini sazda ifa etdi.

Sonra isə söz məktəbin direktoru Zakir Bayramova verildi. Z.Bayramov tədbir iştirakçılarını salamlayaraq, belə tədbirlərin gənc nəsil üçün əhəmiyyəti haqqında danışdı. O belə tədbirlərdə gənc nəsli daha da aktiv iştirak etməyə dəvət etdi.

 Təşkilatın sədri Araz Şamilov yeni tərtib edib hazırladığı Bakı və Abşeron abidələri haqqında kitabı iştirakçılara təqdim edərək, belə kitabların şagirdlər üçün əhəmiyyətindən danışdı. Sonra isə Bakı və Abşeron abidələrinə həsr olunmuş “bilik yarışı”na start verildi. Yarışda 7 qrup iştirak edirdi. Özlərini şərti olaraq: Atəşgah, Ramana qalası, Şirvanşahlar, Mərdəkan qalası, Qobustan, Bayıl qalası və Qız qalası adlandıran qruplar təsadüfi şəkildə seçilən tarixə aid suallara cavab verərək yarşmağa başladılar. 3 mərhələdən ibarət olan yarış zaman fasilələrdə Pənah İbrahimovun sazla ifasında Naxçıvani, “Qarabağ ana yurdum” havaları dinlənildi. Gərgin keçən bilik yarışında Şirvanşahlar qrupu I yerə,  Mərdəkan qrupu II yerə, Atəşgah qrupu III yerə çıxdı.

Yarışın sonunda bütün qaliblərə kitab və xüsusi diplomlar  təqdim olundu.

Həmçinin oxuyun

Elmira Süleymanova vəfat etdi

Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib. O, 87 yaşında dünyasını …