Ana səhifə / Cəmiyyət / Tarif Şurasının qərarı qanunvericilik sisteminə daxil olmadığından imperativliyi yoxdur

Tarif Şurasının qərarı qanunvericilik sisteminə daxil olmadığından imperativliyi yoxdur

Tarif Şurasının mavi yanacaqdan və elektrik enerjisindən istifadəyə görə qiymətlərin artırılması barədə qərarının gözlənilmədən elan olunmasını bəzi millət vəkilləri, vətəndaşlar təəccüb və təəssüflə qarşıladılar. Gözlənilən deyildi, arzulanmırdı. İlin, günün bu vaxtında, milli pul vahidinin əhəmiyyətli dərəcədə aşağı düşməsinin iqtisadi problem kimi xarakterizə olunduğu bir vaxtda həyacan siqnalına xas tərzdə, yeni il ərəfəsində elan olundu. Qərarın dekabrın 1-dən sonra hansı arzuolunmaz nəticələrə gətirib çıxaracağının hələ fərqində deyilik. Cavabını tapa bilmədiyimiz suallar var. Bəzi iqtisadçılar mahiyyəti üzrə şərh verə bilmədilər… Düşünmürlər ki,qaz və elektrik enerjisi ilə nə istehsal olunarsa qiymətlərin artması qaçılmazdır…
Qiymət artımı məmləkətimizin mavi yanacaqla təmin olunmadığı kənd sakinləri üçün narahatlıq yaratmasa da, digər təbəqələrə təsirsiz ötüşməyəcək. Əslində və hüquqi baxımdan Tarif Şurasının bu qərarı konstitusiyanın 12-ci maddəsində ehtiva edilən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsini təmin edən dövlətin ali məqsədi” ilə uzlaşmır. Xalqın iradəsini ifadə edən yüksək hüquqi qüvvəyə malik konstitusiyanın 16-cı maddəsi isə hər bir vətəndaşın, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmağı sosial inkişafın qayəsi kimi diqqətə çatdırır.
Hüquqşünas nəzəri ilə yanaşanda Tarif Şurası mərkəzi icra hakimiyyəti orqanı deyil, onun qərarı normativ hüquqi akt sayılmadığına görə haqqa, ədalətə, bərabər mənafelərə və bərabər münasibətə istiqamətlənmişdir – demək olmaz. (bax.Konst.149 maddə). Haqq və ədalət cəmiyyətin sosial-iqtisadi quruluşu ilə sıx bağlı olduğundan Tarif Şurasının məlum qərarı gələcəkdə vətəndaşların vəziyyətini ağırlaşdıra bilər.
Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya qanununun 1-ci maddəsi normativ hüquqi akta belə anlayış verir: “tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə… hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlərin dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş sənəd.” Bu qərar isə, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olmadığından “hamı üçün məcburi davranış qaydalarını əks etdirən” akt deyil. Qeyd olunan həmin qanunun tələbinə görə Tarif Şurasının qərarı normativ xarakterli akt da sayıla bilməz. Çünki, normativ xarakterli akt məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirir.
Daha sonra, Qeyri normativ hüquqi aktlar və onların hüquqi qüvvəsinin dairəsinə də aid edilə bilməz. Ona görə də,Tarif Şurasının məlum qərarı qanun qüvvəli akt olmadığından imperativliyi də yoxdur. Cəmiyyəti çaşdıran da, qərarın qanunvericilik sisteminə daxil olmaması və Azərbaycan Respublikası qanunvericilik iyerarxiyasında yer almamasıdır. Qərara Prezidentin Fərmanı, NK-nin qərarı və yaxud, heç olmasa İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının aktı ilə hüquqi don geyindirilə bilərdi.
Maliyyə naziri Samir Şərifov 2017-ci il üçün təqdim olunan büdcə layihəsinin müzakirəsi zamanı elektrik və qazdan istifadəyə görə qiymətlərin artacağına eyham vurmuşdu. “2017-ci il Azərbaycan üçün o qədər də asan keçməyəcək. Bu gün qlobal maliyyə böhranından danışılır. Heç bir maliyyə böhranı yoxdur.(?!) Səbəb budur ki, neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar gəlirlərdə problemlər yaranıb. Ona görə də, yarana biləcək risklərlə bağlı müvafiq addımların atılması istisna olunmur.”
Amma qazdan və elektrik enerjisindən istifadəyə görə qiymətləri artırmaqla büdcənin kəsirini doldurmaq iqdisadi sadəlöhvlükdən başqa bir şey deyil. Əhalinin müəyyən hissəsi borcları ödəməkdə çətinlik çəkəcək, müəyyən bir qismi kənar xətlərdən istifadə edəcək. Adətən çətinliklər ictimai münasibətlərə zidd davranışlara zəmin yaradır. Həmişə, hər yerdə belə olub. Necə deyərlər, süni şəkildə hüquqpozmalara şərait yaranacaq. Hesab edirəm ki, Milli Məclis Azərbaycan Respublikasının Konstitusiya Məhkəmməsinə müraciət etməli, bu qərarın Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğuna konstitusiya məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu, Azərbaycan xalqının iradəsinə hörmətin bariz nümunəsi olacaq.
Tarif Şurası dispozitiv imkana (orqanın öz seçimi ilə davranışı) və yaxud diskresion səlahiyyətlərə (orqanın öz mülahizəsinə uyğun tətbiq edə biləcəyi səlahiyyətlər) də malik olmadığından mürəkkəb hüquqi vəziyyət yaranıb. Son söz və son ümid Azərbaycan xalqının vahidliyini təcəssüm etdirən möhtərəm Prezidentimizə mənsubdur. Hamımız Onun gəldiyi qənaətinə hörmətlə yanaşmalıyıq.
Şəmsəddin Əliyev
Hüquqşünas

Azinforum.az

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın