Bu barədə AzNews.az-a şairə Simuzər Baxşıyeva (Nüsrətbəyli) bildirib. O, gəlininin intiharı ilə bağlı aparılan məhkəmə prosesində oğlunun bəraət alacağını iddia edir:

“Proses gedir, yəqin ki, yanvar ayında məhkəmə başa çatacaq. Oğlumun həbsi üçün heç bir sübut yoxdur. Susannanın ölümündə oğlumun günahı yoxdur. Ümid edirəm ki, məhkəmə oğluma bəraət verəcək. Biz onu öldürməmişik. Susanna eyvana çıxıb, orada da bədbəxt hadisə baş verib. Onun özünü öldürmək fikiri olmayıb. Susannanın valideynləri şikayətçidir, əllərindən gələn pisliyi edirlər ki, Əbülfəs həbs olunsun. Qərəzləri nədir, bilmirəm. Uşaqlar atasız qalıb, onlara baxan lazımdır. Məhkəməyə deyirlər ki, “uşaqları bizə göstərmirlər”. Onlar düşmən mövqeyindən çıxış edirlər. Onlara necə uşaq etibar etmək olar? Mən düşmənlərə necə uşaq göstərim? Bəlkə məqsədləri Susannanın uşaqlarının başına bir iş gətirməkdir, onlara inanmaq olar?

Simuzər Baxşıyeva məsələ ilə bağlı bütün qurumlara müraciət göndərdiyini deyib: “Ekspert yazıb ki, meyit üzərində hər hansı işgəncə yoxdur. Müstəntiq şahidi yox, qarşı tərəfi eşidir, prokurorla birləşib onların mövqeyindən çıxış edir. Amma mən bunu belə qoymayacağam. Məhkəmə faktlara söykənməlidir. Hadisə baş verən vaxt oğlum heç evdə olmayıb. Ancaq 7 aydır ki, günahsız olaraq içəridədir. Uşaqlar yatmır, “atamı istəyirəm” deyə haray qoparırlar, “atam niyə gəlmir” deyə soruşurlar. Müstəntiq və prokurorun hərəkəti ilə bağlı aidiyyatı qurumlara müraciət edəcəyəm. Susanna firon bir qadın idi. İki il oğlumu qoyub gedib, sonra gəlib heç nə olmamış kimi evə girib, ikinci uşağı dünyaya gətirmək hər qadının işi deyildi. Buna cəsarət lazımdır”.

Qeyd edək ki, ötən ilin may ayında Bakı şəhəri, Nəsimi rayon sakini Sussana Şərifova yaşadığı binadan özünü ataraq intihar edib. Məsələ ilə bağlı Susana Şərifovanın anası, Lənkəran rayon sakini olan Şərifova Olqa Alekseyevna iddia edib ki, qızı əslində intihar etməyib, öldürülüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. S.Şərifovanın həyat yoldaşı Əbülfəz Baxşıyev şübhəli şəxs qismində tutulub.