Bunu AzNews.az-a açıqlamasında klarnet ifaçısı Zahid Qubadlı işğal altında olan Qubadlı rayonundan danışarkən deyib. O, rayonları işğal olunanda 16 yaşında olduğunu bildirib:

“Yeniyetmə vaxtlarım idi. Bütün hadisələr lent kimi gözümün önündədir. Heç kəs ümidini itirmirdi, insanlar sona kimi vuruşdular. Amma neynəmək olar, hamı minbir zülmlə qurub-yaratdığı evini qoyub çıxdı. O gün gözümün önündən getmir. Düz 25 ildir ki, Qubadlıdan xəbər ala bilmirik. Yalnız portallardan oxuyuruq ki, Qubadlı işğaldan sonra da ermənilər tərəfindən tarmar edilir. Tarixi adbidələr, qəbiristanlıqlar dağıdılıb. Buna necə dözmək olar? Rayon işğal olunanda qohumlarımızdan 10 nəfər şəhid verdik. O gündən bəri nə qədər doğmalarımız dünyasını dəyişib. Mən də 16 yaşımda donub qalmışam. Bütün xəyallarım, ümidlərim 16 yaşımda necə idisə, bu gün də elədir. Ev-eşik yox, qaçqın həyatı… bunların hamısı ağır dərdir. Atam, əmim hamısı vətən həsrəti ilə dünyadan köçdi. Biz o torpaqlarda doğulsaq da böyüyə bilmədik”.

Zahid Qubadlının 4 qardaşı müharibə veteranıdır: “Onlarla döyüş bölgələrinə gedirdim. Rəhnətlik atam el sənətkarı idi. Döyüş zonalarına gedib konsertlər verir, əsgərlərə mənəvi dəstək olurdu. O vaxt bizim ordumuz yox səviyyəsində idi. Şükürlər olsun ki, bu gün Azərbaycanın böyük bir ordusu var. İnanırıq ki, işğal altında olan torpaqlar geri qayıdacaq”.