Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Təhsilin İnkişafı Fondu yaradılırsa, anoloji fondlara nə ehtiyac var? – Ekspert

Təhsilin İnkişafı Fondu yaradılırsa, anoloji fondlara nə ehtiyac var? – Ekspert

“Fond daha çox paytaxtda deyil, bölgələrdə fəaliyyət göstərməli, regionlarda qızların təhsilə cəlb edilməsi və uşaq bağçalarının açılmasına xüsusi önəm verməlidir”. 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Prezident İlham Əliyevin  “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu”nun yaradılması barədə imzaladığı fərmanı dəyərləndirərkən deyib. Onun fikrincə, burada ən başlıcası şəffaflıq təmin edilməlidir: 
“2013-cü ildə Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası qəbul olunub. Burada qeyd olunurdu ki, təhsilin maliyyələşməsi, əlçatanlığın təmin edilməsi üçün fond yaradılmalıdır. Yəni Təhsilin İnkişafı Fondunun yaradılması əslində 2013-cü ildə nəzərdə tutulmuşdu. Sonra hamının yadından çıxdı. Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əməl edilsəydi, Azərbaycan təhsili 6 ildən sonra dünyanın ən etibarlı, ən güclü təhsil sisteminə çevrilə bilərdi”.  

Ekspert hesab edir ki, bu günə kimi təhsil sahəsində yaradılan digər fondlar Təhsilin İnkişafı Fondu ətrafında birləşməlidir:
“Bir ay əvvəl Təhsil Nazirliyi tabeliyində Tələbə Təhsil Kredit Fondu yaradıldı. Bundan başqa, ölkədə Marrifçi Kredit Fondu, Gənclər Fondu, Elmin İnkişafı Fondu da var. 2018-ci ildə Peşə Təhsilinin İnkişafı Fondu yaradıldı. Təhsilin İnkişafı Fondu yaradılırsa, ayrıca peşə və yaxud elm üzrə də anoloji fondların yaradılmasına nə ehtiyac var? Dünya təcrübəsində bu işlərlə bir fond məşğul olur. Bütün təhsil, onun pillələri, istiqamətləri, maliyyələşməsi, elm, yəni hər biri bir fondun üzərindədir. Azərbaycanda isə təhsilə aid 6 fond yaradılıb. İndiyə qədər mövcud olan fondlarda təhsilin inkişafı, əlçatanlığın və maliyyə şəffaflığının təmin edilməsini görmədik. Bütün bu fondlar bir fond ətrafında birləşdirilməlidir. Belə olarsa, proses mobilliyə gətirib çıxaracaq”. 
Həmsöhbətimiz bildirdi ki, yaradılan inkişaf fonduna böyük ümidlər bəsləyir: 
“Ən azından ona görə ki, ölkədə təhsilin maliyyələşdirilməsi sahəsində ciddi problemlər mövcuddur. Təhsilin kreditləşməsi, imkansız ailələrə təhsil kreditinin verilməsində problem yaşayırıq. İnanıram ki, yaradılan fondun qeyd etdiyim problemlərin həllində rolu olacaq”.
K. Əsədov düşünür ki, fond öz fəaliyyətini əsasən bölgələrdə qurmalıdır:
“Bu istiqamətdə fəaliyyət zamanı dünya təcrübəsinə əsaslanmalıyıq. Yəni tək təhsil alanların təhsil haqqını maliyyələşdirməməliyik. Həmçinin, tədqiqatları da maliyyələşdirmək olar. Fikrimcə, daha çox bölgələrə diqqət ayrılmalıdır”. 

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …