Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Sizə qurbandır can, talış balaları!” – Cənub mirvarisindən reportaj

“Sizə qurbandır can, talış balaları!” – Cənub mirvarisindən reportaj

Səhər saat 8 radələri. Bakının yağışlı axşamında islanandan sonra büzüşüb yatdığımız qatar kupesində nəzarətçinin səsinə oyanırıq. Əvvəlcə pəncərədən çölə baxırıq. Yamyaşıl orman… Gecəki havadan əsər əlamət yoxdur. Sonra kupenin qapısından boylanırıq. Bu dəfə ucsuz-bucaqsız göy dəniz və balıqçı qayıqları görünür. Mənzərədən məlum olur ki, getdiyimiz ünvana varmağımıza elə də çox qalmayıb.

Xülasə, bu dəfə “Qafqazinfo” olaraq yolumuz yaşılla mavinin qovuşduğu diyar, küçələri dəniz, bağları portağal qoxan Astaradan oldu.

Yola Bakıdan çıxmış insanlar olaraq dənizə elə də ac olmasaq da, sahil boyu uzanan yaşıllıqla qırçın dalğaların qovuşması bizi heyrətləndirməyə bilmir. Elə bu səbəbdən Astara mənə Qaradəniz yollarını xatırlatdığı üçün Azərbaycanın Trabzonu təəssüratını oyatdı. Balıqçısından çay yığanına kimi işinə aşiq olan insanlar isə hər söhbətdə bu bənzətməmi bir daha isbatladı.

Bu məqamda balıqçı Məşədi yaxşı deyir: “Dəniz olmasaydı, mən çoxdan ölmüşdüm. Bu dənizdir, məni yaşadan”.

Astara təbiətinin gözəlliyi bu yerlərin insanının ürəyinə, ürəkdəki gözəllik isə üzlərdəki təbəssümə vurub. Nə yalan deyim, o təbəssüm, doğmalıq məni necə valeh edibsə, gəldiyim gündən bəri təbiəti, dağı-bağı bir kənara qoyub elə hey cənub insanının səmimiyyətindən danışıram.

“Hər yerin yaxşısı da var, pisi də” deyimini elə də dəstəkləyənlərdən deyiləm. İndiyə qədər çox bölgəmizdə olmuşuq, soruşduğumuz ünvanı pul müqabilində izah etmək istəyənindən tutmuş, 40 dərəcə istidə “yəqin çay içməzsiz” kimi unikal dəvətinə qədər görmüş insanlarıq. Ancaq Astaradakıtək bir şey görməmişdik.

Yəni heç bir nəfər də olmaz ki, sual verəndə üzünü turşudub getsin?! Kamera görəndə ağız-burun büzsün?! Əlindəki iki mandarindən birini mütləq bizlə bölən, bizi rahlamamış yollarına davam etməyən cənubluların öz hərəkətləri ilə bu sualımıza cavabı “olmaz” oldu.

Düzü, ölkənin sitrus cənnətinə getməkdə əsas məqsədimiz meyvə yığımını çəkmək olsa da, təbiəti və söhbətləşdiyimiz gözəl insanların aurası bizi məcbur etdi ki, reportajımızı bir qədər də zənginləşdirək. Odur ki, ətraf mühit barədə bir qədər təfərrüata varıram.

9 iqlim qurşağına malik Astaranın 2 qəsəbəsi və 89 kəndi var. Şəhər respublikanın cənub qapısı adlandığı üçün İranla gömrük məntəqəsi rolunu oynayır. Bu səbəbdən küçələrdə şəhər sakinləri ilə yanaşı Məşəd ziyarətindən qayıdanların da sayı bir xeyli çox idi. Əsasən farsların üstünlük təşkil etdiyi əcnəbi qonaqlar da bizim kimi şəhəri çox bəyəniblər ki, “xub, ağa, xub”u cənub mirvarisinin hər döngəsindən eşitmək mümkün idi.

Şəhərdə qısa gəzintidən sonra mandarin yığımını çəkmək üçün Kijəbə (Talış dilində “Quş qapısı” deməkdir) qəsəbəsinə yollanırıq. Qəsəbəyə iki nəqliyyat vasitəsi ilə getmək olar: şəhərdaxili qazel və ya taksi. Avtobusla gediş haqqı 40 qəpik, taksi ilə isə 6 manata təklif olunur. Və budur, təqribən 15-20 dəqiqə sonra biz qəsəbədəyik, Talış dağlarının ətəyində bağlarla əhatələnmiş evlərin mənzərəsi düz qarşımızdadır.

Qəsəbəyə yenicə ayağımızı basmışdıq ki, hal-əhval tutan Seyidnisə xala bizi öz həyətinə dəvət edir. Tez yandakı ağaclardan bir neçə dənə mandarin dərib elə meyvə yığmağa hazırlaşdığını deyir. Seyidnisə xala 32 il sitrus plantasiyasında işləyibmiş. Hazırda isə öz bağında şəxsi təsərrüfatla məşğuldur:

“Torpağımız bərəkətlidir, məhsuldarlığımız da pis olmur. Ancaq gəl ki, ildə ən azı 3-4 dəfə ağacları dərmanlamalıyam ki, xəstəlik olmasın. İldə bir dəfə məhsul verən ağacdır, məhsulu da 50-60 qəpikdən alırlar. Onda məcbur oluram ki, öz pensiyamla dərman alım. İndi dərmanlar da çox keyfiyyətsizdir”.

Keçmiş aqronom bir də yerli meyvə şirəsi zavodlarından narazıdır. Deyir ki, öz məhsulumuz qalır bir kənarda, xaricdən baha qiymətə meyvə alırlar.

Qəsəbənin əsas təsərrüfatçılarından olan Qabil İsayev isə ötən il 10, bu il 5 ton məhsul götürüb, 2 qat az! Ancaq Seyidnisə xaladan fərqli olaraq o, məhsulu hazırda satışa göndərməyi düşünmür. Dediyinə görə, ev şəraitində anbar hazırlayıblar və meyvə Yeni il bayramı qabağı satışa çıxarılacaq.

Bağlarda çəkilişi yekunlaşdırdıqdan sonra qəsəbədə gəzintiyə çıxırıq. Məlum olur ki, hazırda ərazidə abadlaşdırma işləri aparılır. Bundan başqa, dərs vaxtı bitdiyi üçün yolda qarşılaşdığımız xeyli məktəbli ilə də söhbətləşmək şansımız olur. Onların sözlərinə görə, təhsil ocağı 11 illikdir və dərslər xeyli ciddi keçirilir.

Nümunəvi hallardan biri də odur ki, söhbətləşdiyimiz qəsəbə sakinlərinin hər birinin danışığından burada təhsilə önəm verildiyi hiss olunurdu. Yaxınlaşdığımız sakinlərdən, demək olar ki, əksəriyyəti qonşusunun oğlunun həkim, baldızı qızının Bakıda tələbə, üç övladının da ali təhsilli olmasından ağız dolusu danışırdı. Çox vaxt yuxarı sinif şagirdlərinin, xüsusilə də qızların təhsildən yayındırılması ilə tanınan cənub bölgəsində bu məqam təqdirəlayiqdir.

Son olaraq gələk qəsəbənin mirvarisi sayılan, kənd uşaqlarının yayda əsas əyləncə yeri olan Platinaya (Lovayın su anbarı). Əfsuslar olsun ki, həmin gözəlliyi izah etmək üçün nə söz bazam kifayət edir, nə də ki, poetik qabiliyyətim. Odur ki, Astaradan hazırladığımız videoya nəzər salmağınızı tövsiyə edirəm:

Günel Hacı

Fotolar və video: Nuran Məmmədov







Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …