Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Siyasətçiləri özündən uzaq salan “İnstagram”: şou, qadına şiddət…

Siyasətçiləri özündən uzaq salan “İnstagram”: şou, qadına şiddət…

Sosial şəbəkələrin populyar olduğu dövrdə yaşayırıq. Onlardan müxtəlif kateqoriyadan, sahədən, peşədən olan insanlar istifadə edir. Şəbəkə istifadəçiləri arasında siyasətçilər, həkimlər, sənət adamları və başqa sahənin insanları var. Fərqli bölgələrdə fərqli şəbəkələr populyardır. “Twitter” dünyada daha məşhurdur. Əsasən, orada siyasətçilər öz fikirlərini bölüşür. Azərbaycanda isə o qədər də aktual deyil.  

Azərbaycanda “Facebook” daha çox istifadə olunur. Müxtəlif peşə sahibləri öz məlumatlarını, fikirlərini burada bölüşürlər. Yerli siyasətçilərin üz tutduğu şəbəkə “Facebook”dur. Buna səbəb isə yazı qrafiklərindən daha çox istifadə etmək imkanıdır.

“İnstagram” isə dünyanın hər yerində əyləncə, şou xarakterli bir şəbəkə olaraq istifadə edilir. Qətiyyətlə demək olar ki, Kifayət qədər populyar olan “İnstagram” siyasətləşmədi. Bəs, bunun səbəbi nədir? “İnstagram” niyə digər şəbəkələr kimi siyasətləşmədi?

Musavat.com mövzu ilə bağlı sorğu keçirib.

Sosioloq Sənubər Heydərova bildirib ki, şəbəkələrin içində istifadəsi ən asan olan feysbuk olduğu üçün o, daha çox kütləviləşib:

“Sosial şəbəkələr kütləvi yayılmaqla özləri ilə yeni həyat tərzi və dəyişikliklər gətirdi. Şəbəkələr indi yalnız əyləncə hədəfi ilə istifadə olunmur. Xüsusən, Azərbaycanda şəbəkələr əsas fikir ifadəsi platformasına çevrilib. Düşünürəm, adı çəkilən şəbəkələrin içində istifadəsi ən asan olan feysbuk olduğu üçün o, daha çox kütləviləşdi. “Twitter” daha çox bir qisim fikir insanının özlərinin kütləvi təsirdən müdafiə olunduğu məkan oldu. “İnstagram”da isə bir neçə tendensiya var. Fikrimcə, sonuncunun ən böyük missiyası azad bazar rəqabətini formalaşdırmaq oldu. Diqqət etsəniz, orada çoxlu əl işlərinin təqdimatı və satışı həyata keçirilir. Öz istedadının yaşayışını təmin etməsini reallaşdıra bilməyən insanlar hamısı “İnstagram” vasitəsiylə həm işlərini nümayiş etdirir, həm real alıcı ilə təmasda olur. Əgər, o usta, bacarıqlı əl sahibi birdən virtual həyatdan real satışa keçməyə cəhd etsə, nə baş verəcək? O, dəyərindən artıq kirayəyə verilən bir məkan tutmalı olacaq, sonra kiçik sahibkar üçün böyük olan vergiləri ödəməli olacaq, hələ tez-tez dükanın qapısını döyən jek, kommunal xidmət əməkdaşlarının yaratdığı problemlərdən danışmıram. Müqayisəsi doğru olan digər ölkələrə baxsaq, görərik ki, onlarda bir emalatxanada işləyən və həm də satış edən sənətkarlar bu qədər maneə ilə üzləşmir və müəyyən məbləğli dövriyyələri olana qədər vergilərdən azaddırlar.

Feysbuk isə həm istifadəsi asan olduğu, həm də insanların daha çox mobil internetdən istifadə etdikləri üçün əlçatandır. Bizim siyasətçilər isə hələ də uzun-uzadı yazmağı sevirlər. Öz partiyalarına məxsus qəzet və TV olmadığı üçün feysbuk ideal görünür. “Twitter” isə onlar üçün çox az yazı imkanı verir. Mənim sosial şəbəkələrlə bağlı araşdırmam olmadığı üçün sizə heç bir rəqəm verə bilmirəm. Ancaq regionlarda çox işlədiyim üçün bunda internetin sürətinin, qiymətinin, cihazların müasir olmamasının rolu olduğunu müşahidələrimdən bilirəm”.

Aktiv sosial şəbəkə istifadəçisi olan Minval.info saytının baş redaktoru Məhəmməd Türkmən isə deyir ki, “İnstagram”ın ciddi çəkisi yoxdur:

“ “İnstagram” dünyanın heç bir yerində ciddiləşməyib. Səbəb isə orada insanların özəl anlarından ibarət fotolarının bölüşülməsidir. Bu şəbəkədə status yazaraq diqqət çəkmək digərləri qədər asan deyil. Məşhurlar foto ilə birlikdə məlumat paylaşırlar və xəbərə çevrilir. Bu isə bir daha sözügedən şəbəkənin şou xarakterli olmasını göstərir. “İnstagram”ın ciddi çəkisi yoxdur, əyləncə üçündür. Ona görə də, siyasətçilər üçün heç vaxt əlverişli olmayacaq. Bizim siyasətçilər əsasən “Facebook”dan istifadə edir. Pafosları çox olduğu üçün “Twitter” onlara geniş yazmağa imkan vermir. Çünki Twitter”də mətn məhdudiyyəti var, əsasən xarici siyasətçilər istifadə edir.

“İnstagram” hər yerdə olduğu kimi Azərbaycanda da şou əhlinin sevimli məkanıdır. Məni narahat edən bir məsələ isə  orada vaynerlərin qadına şiddəti, əxlaqsızlığı təbliğ etməsidir. Videolarda qadınlar döyülür, onlar pul hərisi, bahalı maşınlara qaçan əxlaqsız kimi təqdim edilir. Hələ qadınların üzərində suşi yemək son hədd idi. Hazırda 10-11 yaşlı uşaqların da telefonu var, onlar asanlıqla şəbəkələrdən istifadə edirlər. Onların əxlaqının, tərbiyəsinin pozulmasına səbəb olur. Çünki vaynerlərin əksəriyyətinin 300 mindən çox izləyicisi var, Onların əsas hissəsini isə yeniyetmələr tutur. Düşünürəm ki, valideynlər bu məsələdə diqqətli olmalıdır”.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …