Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Şirvan Milli Parkında bir gün: vəhşi təbiətin fərqli çaları – Fotolar

Şirvan Milli Parkında bir gün: vəhşi təbiətin fərqli çaları – Fotolar

Mayın 12-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkına mediatur təşkil edib. Təşkil olunan mediaturda 20-yə yaxın jurnalist iştirak edib. 

Turun əsas məqsədi ictimaiyyəti Şirvan Milli Parkı ilə bağlı geniş məlumatlandırmaq və ekoturizmin inkişafı ilə bağlı orada görülən işlər haqqında jurnalistlərə məlumat vermək olub.

Şirvan Milli Parkına daxil olan zaman ilk olaraq gözümüz girişdəki lövhəyə sataşdı. Burada içəridə nələrdən istifadəyə məhdudiyyətin qoyulduğu haqqında geniş məlumat vardı. Məlumat lövhəsinin yanında isə park ərazisinə 11 marşrutun adı və məsafəsi qeyd olunub.

Öyrəndik ki, ölkə başçısının 2003-cü il 5 iyul tarixli sərəncamı ilə Bakı şəhərinin Qaradağ, Salyan və Neftçala rayonlarının inzibati ərazilərinin 54373,5 hektarında Şirvan Milli Parkı yaradılıb. Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində ümumi ərazisi 65580 hektar olan xüsusi mühafizə edilən təbiət ərazisinin 54373,5 hektarında Şirvan Milli Parkı, 6232 hektarında Şirvan Dövlət Təbiət Qoruğu və 4930 hektarında isə Bəndovan Dövlət Təbiət Yasaqlığı yerləşir.

Bildirildi ki, Milli Parkın yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, “Qırmızı kitabı”a düşmüş ceyranları və o ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaqdır.

Elə orada olan zaman öyrəndik ki, park ərazisinə turistlər olduqca maraq göstərirlər. Əsasən Almaniya, İngiltərə, Hollandiya kimi ölkələrdə turistlər gəlirlər. Park ərazisinə daxil olan zaman məlumat mərkəzi var ki, burada turistə bütün lazımı bilgilər verilir. İçəri daxil olmaq üçün böyüklər 2 manat ödəyirlər. Uşaqlar üçün isə park ərazisinə giriş pulsuzdur. Məlumat mərkəzində həmçinin uşaqların əylənməsi üçün pazllar, qazıntılar nəticəsində dəniz ətrafında tapılmış əşyaların qalıqları, heyvanların sümükləri saxlanılır. Burada həmçinin monitor da var ki, turist yayımlanan filmdən əraziyə baxıb, hara getmək istədiyini seçir. Daha sonra isə istəyindən asılı olaraq ya bələdçi ilə, ya da bələdçisiz seçdiyi istiqamət üzrə hərəkət edir. Məlumat mərkəzində turistlərə həmçinin zibil atmaları üçün qab da verilir ki, onlar ətraf mühiti çirkləndirməsinlər.

Şirvan Milli Parkı ərazisində vəhşi təbiət özü-özünü idarə edir. Yəni burada 7 mindən çox ceyran olduğu kimi canavar, qaban, tülkü, çaqqal kimi vəhşi heyvanlar da az deyil.

Jurnalistlər məlumat mərkəzində ərazi haqqında informasiya aldıqdan sonra təyin edilən istiqamət üzrə hərəkət etdilər. 11 kilometrlik məsafəni qət edən zaman qarşımıza ceyranlar da çıxdı. Çətinliklə də olsa uzaq məsafədən, otların arasından onların fotolarını çəkə bildik. Bildirildi ki, hazırda ceyranların balalama dövrü olduğu üçün onlar ərazinin daxilinə doğru çəkiliblər. Bu ərəfədə ceyranlar səs-küydən, insan gəzdiyi yerlərdən uzaqda olur. Ancaq qeyd etdiyimiz kimi bütün bunlara baxmayaraq qarşımıza bir neçə erkək və dişi ceyran çıxdı.

Jurnalistlər həmçinin park ərazisində yerləşən Qızılqaz gölünə də aparıldı. Burada müxtəlif növ quşlara rast gəlinir. Eyni zamanda ərazidə olan yırtıcı heyvanlar, ceyranlar da məhz bu göl vasitəsilə suya olan ehtiyaclarını ödəyirlər.

Şirvan Milli Parkının rəhbəri Füzuli Məmmədov bildirdi ki, park ərazisində 4 növ suda-quruda yaşayan heyvanlara rast gəlinir.

Bunlar Suriya sarımsaqiyli qurbağa, yaşıl quru qurbağası, Kiçik Asiya ağac qurbağası və göl qurbağasıdır:
“Suriya sarımsaqiyli qurbağa nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş növ olduğu üçün “Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Siyahısı”na və “Qırmızı Kitab”a daxil edilib, qanunla qorunur. Şirvan Milli Parkının heterofaunasını 17 növ sürünən heyvanlar təşkil edir. Bunlardan 3 növü tısbağa, 6 növü kərtənkələ və 8 növü ilanlardır. Tısbağalar: Aralıq dənizi və ya quru tısbağası, Xəzər tısbağası, bataqlıq və ya çay tısbağası. Kərtənkələlər: Xəzər gekkonu, koramal, cəld kərtənkələcik, rəngbərəng kərtənkələcik, zolaqlı kərtənkələ, zərif ilanbaş kərtənkələ. İlanlar: kor ilan, adi su ilanı, su ilanı, zeytuni təlxə, qızılı təlxə, xaltalı eyrenis, kələz ilan və cənubi Qafqaz gürzəsi.

Aralıq dənizi və ya quru tısbağası nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş növ olduğu üçün “Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Siyahısı”na və “Qırmızı Kitab”a daxil edilib qorunur.

Şirvan Milli Parkında 230 növ qeydə alınmışdır. Bu zənginlik Milli Parkın quşların miqrasiya yolunda yerləşməsi və ərazisində quşların yaşayışı üçün biotopların müxtəlifliyi ilə əlaqədardır.

Quşların miqrasiyası və qışlama dövründə göllərin və dənizin dayaz yerlərində əsasən yaşılbaş ördəklər, fitçi cürə, boz ördək, marek, bizquyruq, cırıldayan cürə, enliburun ördək, flaminqo, fısıldayan qu, qaşqaldaq, dərin su sahələrində isə qırmızıburun, qırmızıbaş, kəkilli və dəniz dalğıcları, güləyən ördək və digər ördək növləri toplantılar əmələ gətirirlər”.

F. Məmmədov onu da qeyd etdi ki, ceyranların artımına nail olmaq üçün park ərazisində vəhşi heyvanların sayı tənzimlənməlidir.

Nazirliyin Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə isə bildirdi ki, əsas məqsəd turistlər üçün şərait yaratmaqdır: “Milli park ərazisində 11 turist marşrutu fəaliyyət göstərir ki, bu da müxtəlif istiqamətləri əhatə edir. Həm dəniz sahili, həm yarımsəhra ərazilərinə turistlər rahat şəkildə gedə bilərlər. Bu ərazidə yırtıcı heyvanlar da var. Xüsusilə miqrasiya dövründə burada dünyanın “Qırmızı kitabı”na düşən növləri də görə bilərik. Əsasən də burada ceyran çoxdur. Hazırda 7 mindən çox ərazidə ceyran var. Ərazidə xüsusi mühafizə rejiminin olması burada ceyranların artımına şərait yaradır. 2010-cı ildən bəri 171 baş ceyran buradan tutulub, onların tarixən məskunlaşdığı Azərbaycan ərazilərinə köçürülüb. Onların təbii artımı ilə bağlı müsbət xəbərlər alırıq ki, bu işi də davam etdirəcəyik. Bu park ərazisində isə hansısa heyvanın artırılmasına ehtiyac yoxdur. Təbiət özü hər şeyi tənzimləyir və balans yaranır. İnsan müdaxilə etməsə, daha yaxşı olar. Turistlər bura istənilən zaman gəlsələr, maraqlı anlar yaşayarlar. Ancaq təbii ki, Şirvan Milli Parkı yaz və payız aylarında daha gözəl olur”.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, yeni başladıqları layihə “Təbiətimiz evimizdir” adlanır: “Mediatura Şirvan Milli Parkından başladıq və digər parklara səfərlərlə bu, davam edəcək. Məqsədimiz odur ki, ekoturizmin inkişafına çalışacaq. İstəyirik ki, insanlarda ətraf mühitə olan münasibəti dəyişək. Onlar görsünlər ki, Azərbaycanda necə gözəlliklər var və bununla yaxından tanış olsunlar. Təəssüf ki, park ərazisinə gələnlər daha çox xaricilərdir. Öz vətəndaşlarımız milli parklara o qədər də gəlmək istəmirlər. Gördük ki, Şirvan Milli Parkında ekoturizm üçün xeyli imkanlar yaradılıb, marşrutlar müəyyənləşib, bələdçilər fəaliyyət göstərirlər. Bura gələn turistlərin hamısına bələdçilər geniş məlumat verib, onları gəzdirirlər”.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …