Ana səhifə / Cəmiyyət / Şeyx Ukraynaya dəstək olmalıdır – Elşad Miri

Şeyx Ukraynaya dəstək olmalıdır – Elşad Miri

Bu gün Avropa Ukraynadan qaçqın düşən insanlara qapılarını açdığı kimi, Əfqanıstanda hakimiyyət dəyişdiyi üçün talibançılardan qaçanlara da, Suriyada bombalanan insanlara da qapı açmalıdır. Biri müsəlman, digəri xristiandır deyə fərq qoyulmamalıdır.

Bu sözləri ilahiyyatçı, dinşünas Elşad Miri Bakupost.az -a açıqlamasında deyib.
O, müharibədə din xadimlərinin siyasi oyunların qurbanına çevrildiyini deyib:

“Dünyada həmişə böyük müharibələr olub. Bunların bəziləri dini müharibə adlana bilər ki, onlar da baş verənlərin heç 8-10%-ni əhatə etmir. Əgər dinlə bağlı insanlar güvənilən insanlardırsa, onlar öz ölkələrinin işğalçılığını pisləməyi bacarmalıdırlar. Yəni bunun həmin dinə görə düzgün olmadığını deyə bilməlidirər.
Bu gün görürük ki, xristianlığın, provaslavlığın özü digər provaslavları işğalçılıq siyasətinə məruz qoyaraq qətlə yetirirlər. Orada faktiki olaraq uşaqlar, qadınlar öldürülür. Bu gün Ukraynadakı millət vəkilləri, tanınmış insanlar əllərinə silah alıb öz ölkələrini qoruduqları kimi, həmin insanlar da digərlərinə dəstək vermək üçün müəyyən işlər görməlidirlər. Bunları görə bilməməyimizin əsas səbəbi odur ki, din adamları insanlarda etibar, güvən yarada bilməyiblər. Onlar bu siyasi oyunların qurbanına çevrilərək öz dairələrinə çəkilib, qəsrlərinə sığınıblar”.

İlahiyyatçı Azərbaycan din adamlarının da müəyyən çağırışlar etməli olduğunu vurğulayıb:
“Rusiyanın ordenini alan şəxs, çar Rusiyasının qurduğu Qafqaz Müsəlmanları İdarəsi ədalətli davranmalıdır. Ağır da gəlsə, rusiyapərəst belə olsalar, Rusiyanın bu işğalının düzgün olmadığını deməlidirlər. Bu edilmirsə, deməli, onlar o qorxduqlarını Allahlaşdırıblar.
Həmin qurumun rəhbəri (QMİ-nin rəhbəri Allahşükür Paşazadəni nəzərdə tutur – red.) Şuşa məscidindəki çıxışında Qarabağ zəfərini İranın dini liderinin hər hansı bir fitvası ilə əlaqələndirdiyi üçün bu günə qədər hələ də münasibətləri bərpa edə bilməyib. İndi də belə bir çıxış etsə, gərək, istefasını verib getsin, ona təyin olunan yerdə otursun, ya da hansısa məsciddə tərki-dünya olub indiyə qədər etdiyi günahların bağışlanmasını diləsin.
O insanın Rusiya və İranla ciddi münasibətlərinin olduğu məlumdur. Amma belə bir məsələdə də çıxıb haqqı deməlidir. O, yəqin ki, bir dəfə çıxışına görə bataqlığa düşdüyü üçün, ikinci dəfə belə halla qarşılaşmaq istəmir”.
Dinşünas din, dil, irq fərqi qoyulmadan yardım istəyən hər kəsə mənəvi dəstəyin göstərilməli olduğunu vurğulayıb.
“Amerikanın özü, yaxud da Amerikanın rəhbərlik etdiyi koalisiyaya daxil olan ölkələr, guya, nüvə silahının olduğu iddiası ilə İraqa girib 1 milyondan çox insanı qətlə yetirdilər. Bu gün də eyni şəkildə Rusiya Ukraynaya qarşı bu addımı atır deyə, güclünün yanında dayanıb Rusiyanımı alqışlamalıyıq? Təbii ki, yox. Din həmişə dinindən, dilindən, irqindən asılı olmayaraq məzlumun yanında olmağı təbliğ edir. Çünki bizim dinimizin öyrətdiyi budur. Dinimiz sülh dinidir və müsəlman da sülhü bərqərar etməyə çalışandır.
Mənim bu məsələlərlə bağlı xoşuma gələn bir məqam var ki, bu müharibədə müzakirələrin aparılması ilə bağlı faktiki olaraq iki liderin adı çəkilir. Bunlardan biri Türkiyə Prezidenti Ərdoğandırsa, digəri vasitəçilik etməyə hazır olan Azərbaycan Prezidenti İlham Əliyevdir. İki müsəlman ölkəsinin liderlərinin vasitəçilk missiyasının yerinə yetirilməsində adlarının çəkilməsi təqdirə layiqdir”, – deyə E.Miri fikirlərini yekunlaşdırıb.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …